Gürcüstanın Kutaisi şəhərində qanunsuz olaraq nüvə və radioaktiv maddələr almağa cəhd edən iki nəfər xarici ölkə vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilmiş brifinqdə bildirilib.
Həmin şəxslər uran nüvə materialını və "Cesium-137" radioaktiv maddəsini 3 milyon ABŞ dollarına almağı və qeyri-qanuni yolla digər ölkənin ərazisinə keçirməyi planlaşdırıblar.
Cinayətkar planın həyata keçirilməsi üçün əcnəbilərin son həftələrdə Gürcüstana daimi olaraq gəldikləri, nüvə materiallarının və radioaktiv maddələrin alınması/daşınması üçün əlverişli şəraitin yaradılmasında fəal iştirak etdikləri müəyyən olunub.
Sözügedən maddələrin müxtəlif cinayətlər, o cümlədən terrorçuluq məqsədləri üçün istifadə olunduğu qeyd edilib.
Faktla bağlı istintaq aparılır.