AZ

“RƏSMİ BAKI MOSKVADAN GƏLƏN RİSKLƏRİ REAL HESAB EDİR” “Azərbaycanla Rusiya arasında problem daha dərin qatdadır və...”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Arif Əliyev: “Rusiya ciddi zəifləmə mərhələsinə daxil olarsa, regionda yeni güc balansı formalaşa bilər”

“Geri addım atmaq Kreml üçün fiasko demək olardı, müharibə çox ağır mərhələyə keçib…”

“Bakı-Pressklub”un rəhbəri Arif Əliyev dünyada və regionda gedən hadisələrin Azərbaycana təsiri, qonşu döbvlətlərlə münasibətlərin perspektivi və bu ətrafda digər mövzularla bağlı “AzPolitika”nın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Arif bəy, Münhen Təhlükəsizlik Konfransının gedişatını yəqin ki, izləmisiniz. Birləşmiş Ştatların dövlət katibinin, eləcə də Almaniya kanslerinin çıxışı yadda qalan oldu. Bu çıxışlar yeni dünya düzəninin necə olacağına dair fikir yürütməyə əsas verirmi? Sizcə, bu gedişat yeni dünya düzəninə aparır, yoxsa hələ bir müddət qeyri-müəyyənlik davam edəcək?

– Gedişat həm yeni dünya düzəninə aparır, həm də bir müddət qeyri-müəyyənlik yaradacaq. Çünki bu prosesdə Avropa öz gücünü qorumağa çalışır və anlayır ki, artıq əvvəlki kimi kürəyini Amerikaya söykəyə bilmir. Amma öz müdafiə qüvvələrini yaratmaq – yəni uzun illərdir Amerikanın qoruduğu Avropanın indi təhlükəsizliyini tam şəkildə öz üzərinə götürməsi sözlə deyildiyi qədər asan məsələ deyil. Hətta maliyyə tərəfini bir kənara qoysaq, bəlkə də bu sahədə kifayət qədər imkanları var. Söhbət ondan gedir ki, Avropa dövlətlərinin özləri də bir-birilərinə yüz faiz etibar etmirlər.

-Yəni aparıcı ölkələr…

-Bu gün Avropa ölkələri, hətta birliyin daxilində belə, təxminən üç kateqoriyaya bölünür. Birinci kateqoriya dominant mövqedə olan ölkələrdir ki, onların da öz aralarında kifayət qədər ziddiyyətlər mövcuddur və bir-birilərinə tam inam yoxdur. İkinci kateqoriya potensial olaraq daha güclü ölkələrdən müəyyən dərəcədə təhlükə gözləyən dövlətlərdir. Üçüncü kateqoriya isə, məsələn, Macarıstan kimi, bir çox məsələlərdə özlərini ümumi xəttdən kənarda saxlayan ölkələrdir. Yəni bunların arasında vahid yanaşma yoxdur. Digər tərəfdən, siyasi proseslərin necə formalaşacağı və hansı istiqamətdə inkişaf edəcəyi də əlavə risklər yaradır.

-Söhbət hansı risqlərdən gedə bilər?

-Məsələn, Qrenlandiya məsələsi ciddi problemlərə səbəb ola bilər. Bu, Avropa ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərə təsir göstərə, hətta Avropanın Rusiya ilə münasibətlərinə və ya Danimarkanın mövqeyinə qədər uzana bilər. ABŞ ilə bağlı belə bir problem yaransa, digər dövlətlər kənarda qala biləcəklərmi, yoxsa prosesə cəlb olunacaqlarmı – bu da açıq sualdır. Ona görə də hesab edirəm ki, qeyri-müəyyənliklər hələ çoxdur. Amma bir məsələ aydındır: artıq dünənə qayıdış yoxdur. Sadəcə sabahın necə formalaşacağı hələ tam bəlli deyil. Rusiya ilə münasibət də mühüm əhəmiyyət kəsb edir. Bəzi ölkələr artıq indidən Rusiya ilə mümkün müharibəyə hazırlaşmağı təklif edir, hətta sığınacaqlar tikir və onları istifadəyə verir. Digərləri isə Rusiya ilə danışıqların bərpasını və birbaşa təmasların qurulmasını təklif edir. Bu fərqli yanaşmalar da Avropa daxilindəki parçalanmanı daha da dərinləşdirir.

– Yəni burada açar məsələlərdən biri Rusiya–Ukrayna müharibəsinin taleyidir: bu müharibə necə sonluqla başa çatacaq? Bu məsələdə də ciddi fikir ayrılıqları var – həm ABŞ və Avropa arasında, həm Avropanın öz daxilində Rusiyaya qarşı münasibətdə. Sülh danışıqları getsə də, mövqelər antaqonistdir. Prezident Zelenski bir mövqe ortaya qoyur, Rusiya başqa mövqe bildirir və ABŞ-nin vasitəçiliyi hələ ki effektiv nəticə vermir – tərəfləri masa arxasına gətirmək mümkün olur, amma proses orada dayanır. Siz nə gözləyirsiniz, bu il işıq ucu görünürmü?

– Açığını deyim ki, yaxın perspektivdə real həll görmürəm. Əgər xatırlayırsınızsa, vəziyyət müəyyən mənada 1990-cı illərin ikinci yarısında Azərbaycan–Ermənistan münaqişəsini xatırladır. O zaman Ermənistan Qarabağa və ətraf rayonlara nəzarət edirdi, Azərbaycan isə bu vəziyyətlə barışmağa hazır deyildi. Çoxsaylı danışıqlar aparılırdı, müxtəlif vasitəçilər – ABŞ, Rusiya, Fransa və digər böyük dövlətlər prosesə cəlb olunmuşdu. Hətta Yaponiya belə müəyyən mərhələdə maraq göstərirdi. Amma problemin məntiqi həlli yox idi. Oxşar məntiq burada da işləyir. Rusiya nəzarətə götürdüyü iki bölgədən imtina edə bilməz, üstəlik üçüncü istiqamətdə də mübarizəni davam etdirir. Bu, açıq-aydın görünür. Çünki Ukraynadan geri çəkilmək indiki mərhələdə həm Vladimir Putinin siyasətinin, həm də ümumilikdə Rusiya dövlət fəlsəfəsinin ciddi məğlubiyyəti kimi qəbul olunar. Minlərlə insan itkisi, xərclənmiş böyük siyasi resurslar və Avropa ilə qarşıdurma fonunda geri addım atmaq Kreml üçün fiasko demək olardı. Ən uzağı, müəyyən taktiki razılaşmalar mümkündür – məsələn, enerji infrastrukturuna toxunmamaq, humanitar məsələlər üzrə müvəqqəti mexanizmlər və s. Amma bu, problemin fundamental həlli olmayacaq. Hətta qısamüddətli sabitliyin belə təmin olunacağına tam əminlik yoxdur. Hazırkı mərhələdə ciddi sülh hazırlığı görmürəm. Müharibə çox ağır mərhələyə keçib. Aylıq itkilərlə bağlı müxtəlif rəqəmlər səslənir – bəzən ayda 30–35 min nəfərə qədər itkidən danışılır. Bütün bunlar fonunda tərəflər kiçik ərazilər uğrunda uzunmüddətli döyüşləri davam etdirirlər. Müharibə artıq müddət baxımından İkinci Dünya müharibəsi ilə müqayisə olunur. İtkilər artır, iqtisadi və sosial yük ağırlaşır. Avropa İttifaqı rəsmiləri dəfələrlə 2025-ci ilin həlledici il ola biləcəyini qeyd ediblər, amma illik yüz minlərlə itki fonunda bu müharibənin necə və hansı mexanizmlə dayandırılacağı hələ də açıq sual olaraq qalır. Mövqelər bu qədər ziddiyyətli olduğu halda, prosesin yaxın zamanda tam və davamlı sülhlə nəticələnməsi real görünmür.

– Bunun artıq klassik tükəndirmə müharibəsinə çevrildiyinə dair fikirlər də var. Əlbəttə, Rusiya daha böyük iqtisadi potensiala, hərbi gücə və insan resurslarına malikdir. Amma eyni zamanda iqtisadi vəziyyət kritikdir – neft sənayesində tənəzzülü, satış bazarları ilə bağlı problemlər, iqtisadiyyatın sürətlə hərbiləşməsi, sosial xərclərin artması və s. Beləliklə, tükəndirmə müharibəsi Rusiya üçün hansı perspektiv vəd edir? Ukrayna üçün vəziyyət müəyyən mənada aydındır – donorlar var, Qərb maliyyə dəstəyi verir, bu il milyardlarla avro vəsait ayrılacağı bildirilir, pensiya və maaşların əhəmiyyətli hissəsi Qərb tərəfindən qarşılanır. Amma Rusiyanın belə bir sponsoru yoxdur.

– Əgər indiki siyasət və yanaşma davam edərsə, Rusiya üçün ümumi perspektiv kifayət qədər mürəkkəb görünür. Bu müharibə təkcə Rusiya–Ukrayna qarşıdurması deyil, həm də Rusiya–Avropa və Rusiya–ABŞ qarşıdurmasıdır. Üstəlik, Rusiya ilə keçmiş müttəfiq respublikalar arasında da münasibətlər əvvəlki kimi deyil. Məsələn, Belarus formal olaraq ən yaxın müttəfiq sayılsa da, faktiki olaraq ciddi asılı vəziyyətdədir və bu model uzunmüddətli perspektivdə nə Belarus cəmiyyəti, nə də region üçün cəlbedici görünür. Bəli, bu, tükəndirici müharibədir. İqtisadiyyat elə bir mərhələyə çata bilər ki, artım və inkişaf imkanları məhdudlaşsın, ardınca isə staqnasiya və geriləmə başlasın. SSRİ-nin son dövrlərində baş verən iqtisadi tənəzzül buna nümunədir. Əlbəttə, Ukrayna üçün də yük çox ağırdır. Amma qlobal miqyasda baxsaq, böyük güclərin maraqları var və bəziləri üçün Rusiyanın zəifləməsi müəyyən həddə qədər geosiyasi baxımdan sərfəli görünə bilər. Eyni zamanda, Avropanın özündə də fərqli yanaşmalar mövcuddur. Bəzi qüvvələr müharibənin tezliklə bitməsini istəyir, digərləri isə Rusiyanın daha da zəifləməsini prioritet hesab edir. Region böyük bazar, xammal mənbələri və strateji çıxış imkanları baxımından cəlbedicidir. Bu səbəbdən prosesə yalnız humanitar və ya təhlükəsizlik prizmasından deyil, həm də geoiqtisadi maraqlar prizmasından baxan aktorlar var.

– Rusiyanın iqtisadi baxımdan zəifləməsi və ciddi böhran yaşaması region ölkələri, o cümlədən Azərbaycan üçün də risklər yaradır. Son illərdə valyuta axınının, iş və biznes üçün Rusiyaya gedənlərin sayının azalması baş verir. Digər tərəfdən, siyasi münasibətlər də əvvəlki kimi sabit deyil. Prezident İlham Əliyevin Münhen konfransında verdiyi bəyanatlar və Volodimir Zelenski ilə görüşü də Rusiya ictimai-siyasi dairələri tərəfindən tərəfindən xoş olmayan mesajlar kimi qarşlanır. Sizcə, gedişat necə olacaq?

-Azərbaycan balans siyasətini davam etdirməyə çalışacaq. Bir tərəfdən, Rusiya regionda mühüm aktordur və iqtisadi, təhlükəsizlik baxımından əlaqələr qalır. Digər tərəfdən, Azərbaycan Qərblə, xüsusilə Avropa ilə enerji və siyasi əməkdaşlığı gücləndirir. Proqnoz olaraq demək olar ki, rəsmi Bakı açıq qarşıdurma xəttinə keçmədən, praqmatik və çoxvektorlu siyasəti qorumağa çalışacaq. Amma müharibənin nəticəsi və Rusiyanın daxili iqtisadi vəziyyəti bu münasibətlərin gələcək trayektoriyasına birbaşa təsir göstərəcək. Əgər Rusiya ciddi zəifləmə mərhələsinə daxil olarsa, regionda yeni güc balansı formalaşa bilər. Bu isə Azərbaycan üçün həm risklər, həm də yeni imkanlar demək olacaq.

- Risqlər böhrana çevrilə bilərmi?

– Doğrudan da, münasibətlərdə böhran elementi açıq görünür və bu böhran davam edir. Son bəyanatlar da göstərdi ki, tərəflər artıq mesajları daha açıq və sərt formada verirlər. Prezident İlham Əliyevin reaksiyası əslində koordinatların müəyyənləşdirilməsi idi – yəni “mənim mövqeyim budur və sən də bunu nəzərə almalısan” mesajı verildi. Digər tərəfdən, Rusiyanın özündə – təkcə məsuliyyətsiz deputatlar deyil, hökumətə yaxın çevrələrdə də Azərbaycana münasibətdə “başqa dildə danışmaq lazımdır” kimi fikirlər səslənir. Bu isə göstərir ki, məsələ yalnız konkret hadisələrdən, məsələn, qarşılıqlı saxlanılan şəxslərin dəyişdirilməsindən ibarət deyil. Problem daha dərin qatdadır və ideoloji xarakter daşıyır. Rusiya siyasi düşüncəsində hələ də imperiya refleksi qalmaqdadır. Bu, müxtəlif dövrlərdə səslənən bəyanatlarda da özünü göstərib. Vladimir Putinin daha güclü olduğu mərhələlərdə SSRİ-nin dağılmasını “geosiyasi fəlakət” adlandırması təsadüfi deyildi. Bu düşüncə tərzi – yenidən təsir dairəsi qurmaq, mərkəz və ona tabe olan periferiyalar modeli hələ də müəyyən dairələr üçün cazibədardır. Amma reallıq dəyişib. Müstəqil dövlətlər artıq öz milli maraqlarına əsaslanan siyasət yürüdürlər. Əgər Rusiya daxilində düşüncə transformasiyası baş verməsə, yəni digər postsovet ölkələrinə imperiya yox, bərabərhüquqlu tərəfdaş kimi yanaşma formalaşmasa, münasibətlərin köklü normallaşması çətin olacaq. Burada Ermənistan nümunəsi maraqlıdır. Müharibədən sonra Ermənistan daxilində müəyyən ideoloji yenilənmə çağırışları səsləndi. Baş nazir Nikol Paşinyan açıq şəkildə “düşüncə sistemini yenidən qurmaq” zərurətindən danışdı. Yəni məğlubiyyət təkcə hərbi yox, həm də zehni transformasiyaya ehtiyac yaratdı.

Oxşar proses Rusiyada baş vermədən, təkcə Azərbaycan–Rusiya deyil, Moldova–Rusiya, Gürcüstan–Rusiya, hətta Ermənistan–Rusiya münasibətlərinin də tam normallaşması çətin görünür. Çünki problem konkret siyasi epizodlardan daha çox, münasibətlərin fəlsəfəsindədir. Azərbaycan isə öz növbəsində artıq “buyruq alan tərəf” modelini qəbul etmir. Münasibətlər ya qarşılıqlı hörmət və suverenliyə əsaslanacaq, ya da davamlı gərginlik fonunda inkişaf edəcək. Tarix göstərir ki, imperiya ambisiyaları iqtisadi və siyasi reallıqlarla uyğunlaşmadıqda sistem daxili böhran qaçılmaz olur. Əgər ambisiya böyük, resurs və uyğunlaşma qabiliyyəti isə məhduddursa, bu ziddiyyət uzunmüddətli sabitliyə yox, yeni gərginlik mərhələlərinə aparır. Əgər fərz etsək ki, Rusiya sabah imkan tapdığı anda daha sərt və açıq addımlar atmağa qərar verər, bu, tamamilə istisna deyil. Moldova, Ukrayna və müəyyən mənada Azərbaycan nümunələri göstərir ki, Kreml təsir dairəsini qorumaq məsələsində kifayət qədər prinsipial və bəzən aqressiv davranır. Qarabağ məsələsində də müxtəlif mərhələlərdə Rusiya rəhbərliyinin verdiyi mesajlar, “təhlükəsizlik zəmanəti” ritorikası və prosesə birbaşa müdaxilə faktları bunu göstərirdi. Hazırkı Rusiya siyasi düşüncəsi – xüsusilə Vladimir Putin dövründə formalaşan xətt təsir zonalarının saxlanmasını strateji prioritet hesab edir. Bu yanaşma dəyişmədiyi müddətdə, güc imkanı yarandıqca təsir rıçaqlarından istifadə ehtimalı qalır. Ya sistem daxilində ciddi yenidənqurma baş verməlidir, ya da resursların zəifləməsi Rusiyanı münasibətlər fəlsəfəsini dəyişməyə məcbur etməlidir. Çox vaxt bu iki proses paralel gedir: güc zəiflədikcə, yeni yanaşma zərurəti yaranır. Azərbaycan məsələsinə gəlincə, rəsmi Bakı son illərdə balans siyasətini daha sərt suverenlik çərçivəsinə keçirib. Prezident İlham Əliyevin çıxışlarında artıq açıq şəkildə milli maraqların prioritet olduğu vurğulanır. Avropa İttifaqı ilə əməkdaşlıq genişlənir, Rusiya faktoru isə daha çox iqtisadi və humanitar çərçivəyə salınmağa çalışılır.

- Rusiya bununla tam barışacaqmı?

- Bu, açıq sualdır. Çünki Moskva üçün postsovet məkanı yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və identiklik məsələsidir. Azərbaycanda Rusiya ilə bağlı cinayət işi, dövlət çevrilişi cəhdi ittihamları kimi mövzuların gündəmə gəlməsi göstərir ki, rəsmi Bakı müəyyən riskləri real hesab edir. Tarixən böyük güclər təsir imkanlarını yalnız hərbi yox, siyasi, informasiya və daxili proseslər vasitəsilə də həyata keçiriblər. Bu təhlükə nə vaxta qədər qalacaq? O vaxta qədər ki, Azərbaycan özünü tam təhlükəsiz və institusional baxımdan dayanıqlı hesab etsin. Bu isə təkcə Rusiyanın zəifləməsi ilə bağlı deyil, həm də Azərbaycanın və region ölkələrinin güclənməsi, iqtisadi və siyasi dayanıqlılığının artması ilə əlaqədardır.

- Qlobal miqyasda hazırda iki böyük gərginlik ocağı var və ikisi də Azərbaycan sərhədindədir - Rusiya və İran. İran məsələsində hərbi ssenari ehtimalı güclənir. Nə gözləyirsiniz?

- İran üçün ən böyük risk həqiqətən də daxili transformasiya ssenarisidir. Əgər hakimiyyət daxilində ciddi dəyişiklik baş verərsə, bu, xarici hərbi müdaxilədən daha fundamental nəticələr doğura bilər. Hər iki halda Azərbaycan tam təhlükəsizlik zəmanətinə malik deyil. İranda milyonlarla azərbaycanlı yaşayır və mümkün hərbi və ya daxili böhran ssenarisi birbaşa humanitar və təhlükəsizlik riskləri yaradar. Azərbaycanın marağı açıqdır: problemin müharibəsiz, siyasi və daxili transformasiya yolu ilə həlli. Coğrafi mövqe və demoqrafik reallıqlar nəzərə alınanda, Azərbaycan üçün ən arzuolunan ssenari regionda güc balansının hərbi toqquşma yox, qarşılıqlı tanınma və suverenliyə hörmət əsasında formalaşmasıdır. Çünki genişmiqyaslı qarşıdurma region dövlətləri üçün nə geosiyasi, nə də iqtisadi baxımdan uduşlu variant deyil.

E.Rüstəmli

E.Bəyməmmədli

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
50
azpolitika.info

10Mənbələr