AZ

Tovuzda kartof əkini mövsümü xərclər artsa da, yüksək məhsuldarlıq gözlənilir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tovuz, 19 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Fermerlər hava şəraitinin əlverişli keçməsindən istifadə edərək builki əkin prosesinə vaxtından əvvəl başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kartofçuluq üzrə ixtisaslaşan Tovuz rayonunun aran hissəsində hazırda əkin işləri sürətlə davam etdirilir. Rayonun dağlıq ərazilərində isə əkin prosesinə havalar bir qədər də mülayimləşdikdən sonra başlanılacaq.

Fermerlərin sözlərinə görə, bu il toxum bazarında müəyyən qiymət artımı müşahidə olunur. Təsərrüfat sahibləri əkin zamanı əsasən “Arizona” sortuna üstünlük versələr də, çeşidlər arasında “Anna Karolina”, “Orkestra”, “Fabola”, “Kalomba” və “Sagatda” kimi xarici sortlar da var. Eyni zamanda, yerli seleksiya nümunələri olan “Telman”, “Sevinc” və “Əmir-600” sortlarından da istifadə edənlərin sayı az deyil. Onlar bildirirlər ki, düzgün aqrotexniki qulluq və məhsuldar sortların seçilməsi sayəsində hər hektardan 50 tondan çox məhsul toplamaq mümkündür.

Son illər kartof istehsalı xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Əgər bir neçə il öncə bir hektar kartof sahəsinin becərilməsinə 5-6 min manat xərc çəkilirdisə, hazırda bu rəqəm 10 min manat civarındadır. Xərclərin artmasına əsas səbəb kimi xaricdən, xüsusilə Rusiya və Ukraynadan gətirilən sertifikatlı toxumların qiymətinin yüksəlməsi göstərilir. Hazırda fermerlər yüksək məhsuldar toxumun bir kiloqramını 1 – 1,30 manat aralığında əldə edirlər.

Uzun illərdir kartofçuluqla məşğul olan fermer Şakir Sadıqov deyir ki, son vaxtlar yerli sortlardan deyil, daha məhsuldar olan xarici sortlardan istifadəyə üstünlük verilir: “Hazırda sahələrdə “Arizona” kartofunu əkirik. Bu, çox məhsuldar toxumdur və hər il gözlədiyimiz nəticəni verir. Toxumu əsasən xaricdən alırıq. Lakin keçən illə müqayisədə həm toxumun, həm də xidmət xərclərinin artdığını görürük. Yanacaq sərfiyyatı və digər xərclər səbəbindən əkin işlərinin qiyməti də artıb. Ötən il bir hektarın əkilməsi 100 manata başa gəlirdisə, bu il bu məbləğ 150 manata yüksəlib".

Fermerlərin bəziləri artıq səpini yekunlaşdırmaq üzrədir. Digər təsərrüfat sahibləri də hava şəraitinin mülayim keçməsindən istifadə edərək səpin işlərini bitirməyə çalışırlar. Kartofun səpini üçün texnikalar da kifayət qədərdir. Qeyd edək ki, bir hektar əkin sahəsinə toxumun həcmindən asılı olaraq 3-4 ton kartof səpilir.

Mütəxəssislərin fikrincə, fermerlər yüksək məhsuldarlıq əldə etmək üçün hər il yeni sortların istifadəsinə xüsusi maraq göstərirlər. Aqrar sahə üzrə mütəxəssis Həsən Zeynalov bildirib ki, toxum təminatının asanlaşdırılması üçün böyük fermer təsərrüfatlarına müəyyən imtiyazların verilməsi kiçik sahibkarların da işini yüngülləşdirə bilər. O, həmçinin ölkədə yerli toxum yetişdirilməsinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tovuz Rayon Statistika İdarəsindən bildirilib ki, rayonda 2025-ci ildə 4 min 492 hektar sahədə kartof əkilib və 137 min tondan artıq məhsul əldə edilib. Məhsuldarlıq isə bir hektara 304,5 sentner təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
azertag.az

1Mənbələr