AZ

BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdə vəziyyət müzakirə olunub

Bakı, 19 fevral, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin siyasət və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasına Yaxın Şərqin kritik bir mərhələdə olduğu barədə xəbərdarlıq edib. O qeyd edib ki, Qəzzada kövrək atəşkəs tərəqqi üçün nadir bir fürsət təqdim edir, lakin davam edən zorakılıq və ağır humanitar vəziyyət səbəbindən atəşkəs ciddi təhlükə altındadır.

AZƏRTAC xəbər verir ki, DiKarlo bu açıqlamanı Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperin sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən verib.

BMT rəsmisi vurğulayıb ki, qarşıdakı həftələr regionun sabitliyə doğru irəliləyəcəyini və ya münaqişənin yenidən şiddətlənəcəyini müəyyən etməkdə həlledici olacaq. O, illərlə davam edən dağıntılardan və böyük insan əzablarından sonra dəyişiklik üçün “fürsət pəncərəsi” yarandığını qeyd edib, lakin bu, zəmanətli, uzunmüddətli deyil.

BMT bütün tərəfləri və Təhlükəsizlik Şurasının üzvlərini ötən ilin oktyabr ayında əldə edilmiş atəşkəsin gücləndirilməsinə, eləcə də davamlı sülhün bərpası və ona doğru irəliləmək üçün konkret addımlara diqqət yetirməyə çağırıb. Bu səylərin əsasını Qəzzada atəşkəs razılaşmasının növbəti mərhələsinin həyata keçirilməsi və iki dövlətli həll yoluna aparan siyasi prosesin bərpası istiqamətində irəliləyiş təşkil edir.

Məruzəçinin sözlərinə görə, bu tədbirlərə Qəzza zolağının silahsızlaşdırılması, HƏMAS və digər Fələstin qruplarının tərksilah edilməsi və hakimiyyətin Milli Qəzza İdarəetmə Komitəsinə ötürülməsi səyləri daxil olmalıdır.

DiKarlo əlavə edib ki, atəşkəs qüvvəyə mindikdən bəri, fevralın 2-də Rəfah keçidinin hər iki istiqamətdə piyada hərəkəti üçün açılması da daxil olmaqla, humanitar yardımın genişləndirilməsində müəyyən irəliləyişlər əldə edilib. Bu, xəstələrin tibbi təxliyəsinə və yüzlərlə insanın geri qayıtmasına imkan verib. Bununla belə, minlərlə yerli sakinin hələ də Qəzzada tibbi müalicəyə ehtiyacı var.

Bu irəliləyişlərə baxmayaraq, humanitar vəziyyət hələ də ağır olaraq qalır. Qəzza zolağı əhalisinin böyük əksəriyyəti hələ də evlərinə qayıda bilmir və son dərəcə çətin şəraitdə yaşayır. Yardım əməliyyatları ciddi məhdudiyyətlərlə üzləşir və sığınacaq materiallarının, tibbi avadanlıqların, təhsil ləvazimatlarının kəskin çatışmazlığı humanitar işlərə mane olur. “Qəzza hələ də dinc vəziyyətdə deyil”, - deyə DiKarlo vurğulayıb.

İqtisadi böhran təzyiqi daha da gücləndirir: vergi gəlirlərinin dayandırılması Fələstin Muxtariyyətinin maliyyə çətinliklərini daha da artırır və əsas xidmətlərdə fasilələrə səbəb olur.

DiKarlo çıxışının sonunda vurğulayıb ki, bu kövrək mərhələdə yarımçıq tədbirlər kifayət deyil. O, diplomatik təşəbbüslərin tam şəkildə həyata keçirilməsinə, ərazidə gərginliyin təcili azaldılmasına, davamlı sülhə və iki dövlətli həll yoluna gətirib çıxara biləcək siyasi prosesin bərpasına çağırıb.

 

Seçilən
57
2
azertag.az

3Mənbələr