AZ

Məhkəmə iş adamı və əkinçinin 1,95 milyonunu mənimsəyən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə ittiham olunan Ceyhun Hörmətovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.4-cü (mənimsəmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair hökmü dəyişdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Hörmətova təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası 10 ilə endirilib.

 

İttihama görə, Ceyhun Hörmətov 2022-ci ilin may ayından etibarən Masallı rayonu ərazisində yerləşən “Xan Çinar” adlanan təzə bazarda qanunsuz valyuta alqı-satqısı və Azərbaycandan xarici ölkəyə, eləcə də əks istiqamətdə qanunsuz pul köçürmələri ilə məşğul olub. Bu dövrdə əkinçilik fəaliyyəti ilə məşğul olan zərərçəkmiş H.H.-nin (adı, soyadı şərtidir) Rusiyadan kartof toxumu idxal etdiyini və onda külli miqdarda vəsait olduğunu bilən təqsirləndirilən şəxs həmin şəxsə rus rublunun alqı-satqısından yüksək qazanc əldə ediləcəyini, sərmayə qoyacağı halda hər ay 10 faiz gəlir veriləcəyini və istədiyi vaxt pulunu geri ala biləcəyini vəd edib.

 

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, 2022-ci ilin iyun ayının əvvəlindən oktyabr ayının sonunadək olan müddətdə Cəlilabad rayonunun Göytəpə şəhəri və Muğan kəndi ərazisində zərərçəkmişdən hissə-hissə olmaqla ümumilikdə 267 400 manat alınıb. Həmin məbləğin 52 400 manatı Rusiyaya göndərilsə də, qalan 215 000 manat Ceyhun tərəfindən ələ keçirilərək şəxsi ehtiyaclarına sərf olunub. Bununla da zərərçəkmiş şəxsə 215 000 manat məbləğində külli miqdarda ziyan vurulub.

 

Bundan başqa, təqsirləndirilən şəxs Rusiyanın Yekaterinburq şəhərində yaşayan və biznes fəaliyyəti ilə məşğul olan tanışı zərərçəkmiş Q.Q.-nin (adı, soyadı şərtidir) də etibarından sui-istifadə edib. O, “WhatsApp” vasitəsilə daha sərfəli məzənnə ilə pul köçürmələri həyata keçirəcəyini və vəsaitləri qısa müddətdə ünvanına çatdıracağını vəd edərək 2022-ci ilin noyabr ayının 1-dən 4-dək müxtəlif şəxslər və bank kartları vasitəsilə ümumilikdə 49 566 000 rus rublunun (milli məzənnə ilə 1 358 201,85 manat) Azərbaycana köçürülməsini təşkil edib. Ceyhun Hörmətov həmin vəsaitlərinin bir hissəsini – 478 069,5 manatını zərərçəkmişin göstərdiyi şəxslərə çatdırsa da, qalan 880 132,35 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyacların sərf edib. Bununla da o, Q.Q.-yə xüsusilə külli miqdarda – 880 132,35 manat ziyan vurub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuşdu. Hökmə əsasən, Q.Q-nin mülki iddiası təmin edilərək 880 132,35 manat maddi ziyanın və 1 170,13 manat dövlət rüsumunun Ceyhundan alınaraq həmin zərərçəkmiş şəxsinin xeyrinə tutulması qərara alınıb. Zərərçəkmiş H.H.-nin isə ödənilməmiş maddi zərərin qalan hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib.

 

Hökmdən müdafiəçi apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 19 Fevral 2026, 10:51   
Seçilən
30
pravda.az

1Mənbələr