AZ

ABŞ hərbi rəhbərliyi planlaşdırılmamış səfərlə Venesuelaya gedib

Vaşinqton nümayəndələri Karakasda təhlükəsizlik və Trampın üçmərhələli planını müzakirə ediblər...

ABŞ-nin Latın Amerikası üzrə qoşunlarının komandanı Francis Donovan və Pentaqonun nümayəndəsi Joseph J. Humire fevralın 18-də planlaşdırılmamış səfərlə Venesuelaya gediblər. Onlar paytaxt Karakasda rəsmi şəxslərlə danışıqlar aparıblar.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyiməlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, bu, yanvarın əvvəlində Venesuela prezidenti Nicolás Maduronun saxlanılmasından sonra ABŞ hərbi nümayəndələrinin ölkəyə ilk səfəridir. Səfər Vaşinqtonla Karakas arasında münasibətlərin gərgin fonunda baş tutub.

ABŞ Cənub Komandanlığının sosial şəbəkə X-də yaydığı rəsmi açıqlamada bildirilir ki, danışıqlar təhlükəsizlik sahəsində mövcud vəziyyətə, prezident Donald Trumpın üçmərhələli planının icrası istiqamətində atılacaq addımlara, xüsusilə Venesuelada sabitliyin təmin olunmasına və Qərb yarımkürəsində ümumi təhlükəsizliyin gücləndirilməsinə həsr olunub.

Mənbələrin sözlərinə görə, Vaşinqton administrasiyası hərbi və enerji alətlərindən paralel şəkildə istifadə etməklə Karakasa təzyiq göstərməyə çalışır. Bundan bir həftə əvvəl ABŞ-nin energetika naziri Chris Wright də Venesuelaya səfər edib. Reuters-in həmsöhbətləri hesab edirlər ki, ardıcıl baş tutan bu iki səfər Tramp administrasiyasının Venesuelanı genişmiqyaslı siyasi və iqtisadi islahatlara təşviq etmək strategiyasının tərkib hissəsidir.

Müşahidəçilər qeyd edirlər ki, ABŞ-nin regionda artan fəallığı həm enerji təhlükəsizliyi, həm də geosiyasi balans baxımından əhəmiyyət daşıyır. Vaşinqtonun əsas hədəfi Venesuelada daxili sabitliyin bərpası və Qərb yarımkürəsində təhlükəsizlik mühitinin möhkəmləndirilməsi kimi təqdim olunur.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr