AZ

Epşteyn dosyesi ilə bağlı Britaniyanın doqquz polis idarəsi araşdırmaya başlayıb

Epşteyn dosyesi ilə bağlı Britaniyanın doqquz polis idarəsi araşdırmaya başlayıb

Böyük Britaniyanın doqquz regional polis xidməti kralın qardaşı Endryu Mauntbetten-Vindzor və ölkənin ABŞ-dakı keçmiş səfiri Piter Mandelsonun qanun pozuntularına yol verdiyi iddiaları ilə bağlı genişmiqyaslı təhqiqata qoşulub.

AFN.az Britaniya mediasına istinadən xəbər verir ki, bu addım ABŞ Ədliyyə Nazirliyinin amerikalı maliyyəçi, pedofiliyada ittiham olunan Ceffri Epşteynin işi üzrə milyonlarla sənədi dərc etməsindən sonra atılıb. Araşdırmanın əsas istiqamətlərindən biri şahzadə Endryunun Epşteynə gizli məlumatlar ötürməsi və seksual istismar iddialarıdır. Skotlend-Yard isə şahzadəni Epşteynin Karib dənizindəki şəxsi adasına müşayiət edən mühafizəçilərin orada baş verənlərə göz yumub-yummadığını araşdırır.

İstintaq həmçinin Epşteynin şəxsi təyyarəsinin endiyi hava limanlarının yerləşdiyi qraflıqları da əhatə edir. Bura Birminhem, Stansted, Lüton və Edinburq hava limanları daxildir. Britaniya mətbuatı və keçmiş baş nazir Qordon Braun qeyd edir ki, Epşteynin təyyarəsi Britaniyaya 90-dan çox reys edib və bu uçuşlar vasitəsilə qızların seksual istismar məqsədilə ölkəyə gətirildiyi ehtimal olunur.

Eyni zamanda, Norfolk polisi kral ailəsinin Sandringem malikanəsində şahzadə Endryu, Epşteyn və onun köməkçisi Gizleyn Maksvellin görüşləri barədə məlumatları yoxlayır. Keçmiş səfir Mandelson isə Britaniya hökumətinin vergi islahatları və maliyyə yardımı proqramları barədə məxfi məlumatları Epşteynə sızdırmaqda şübhəli bilinir. Artıq onun evlərində axtarışlar aparılıb. Qeyd edək ki, skandalların ardınca şahzadə Endryu bütün rəsmi titullarından məhrum edilib.

Seçilən
51
afn.az

1Mənbələr