Avropa İttifaqı nəfəs çəkmədən gözləyir
Macarıstan Respublikasının Prezidenti Tamaş Şulyok tərəfindən rəsmən təsdiq edilən 12 aprel 2026-cı il tarixli seçkilər Avropa İttifaqının gələcək təşkilati bütövlüyünü, geosiyasi istiqamətini və demokratiya anlayışını sınağa çəkəcək həlledici siyasi döyüş hesab olunur. Çünki on altı il davam edən fasiləsiz hakimiyyətdən sonra Baş nazir Viktor Orban və rəhbərlik etdiyi Fidesz–KDNP (Gənc Demokratlar İttifaqı) alyansı ilk dəfə real, kütləvi dəstəyə malik rəqib qüvvə ilə, yəni Peter Magyarın liderlik etdiyi TİSZA (Hörmət və Azadlıq Partiyası) partiyası ilə üz-üzə gəlir. Məhz sözügedən qarşıdurma Brüssel dəhlizlərində, Vaşinqtonun strateji dairələrində və Moskvanın siyasi kabinetlərində diqqətlə izlənilir.
Qarşıdakı parlament seçkiləri ənənəvi sağ-sol qarşıdurmasından tamamilə fərqlənir. Budapeşt küçələrində, Debretsen meydanında və əyalətlərdə hiss olunan gərginlik, eyni zamanda, ölkənin Qərb institutlarına inteqrasiyasının davam edib-etməyəcəyi sualına cavab axtarışıdır. Xüsusən də Viktor Orbanın illərdir apardığı suverenlik ritorikası, Brüssel bürokratiyasına qarşı sərt ittihamları və sülh missiyası adı altında Rusiya ilə qoruyub saxladığı əlaqələr Avropa İttifaqı daxilində ciddi çatlar yaradıb. Həmin çatların dərinləşməsi və ya bərpası məhz aprel səsverməsinin nəticəsindən asılı olacaq.
Sözügedən seçki kampaniyasının ən diqqətçəkən məqamı, şübhəsiz, Peter Magyarın siyasi səhnəyə ildırım sürətli girişidir. Çünki keçmişdə hakim elitanın daxili dairəsinə mənsub şəxs kimi tanınan, lakin sonradan sistemdən qoparaq kəskin müxalif mövqe tutan Magyar Fidesz elektoratının müəyyən hissəsini, məyus olmuş müxalifət seçicilərini vahid bayraq altında birləşdirməyi bacarıb. TİSZA partiyasının qısa müddətdə ictimai rəy sorğularında hakim partiya ilə baş-başa gəlməsi, hətta bəzi müstəqil sorğularda irəli keçməsi macar siyasətində uzun illərdir hökm sürən apatiyanı darmadağın edib. Magyarın uğurunun sirri ritorikasında gizlənir. O, ənənəvi liberal müxalifətdən fərqli olaraq, milli dəyərlərə, ailə institutuna və suverenliyə hörmətlə yanaşdığını bəyan edir, eyni zamanda, dövlət səviyyəsindəki korrupsiyanı, Avropa fondlarının mənimsənilməsini və təhsil-səhiyyə sistemlərinin çöküşünü sərt tənqid atəşinə tutur.
12 aprel seçkiləri, eyni zamanda, Macarıstanın xarici siyasət kursunun referendumuna çevrilib. Çünki Viktor Orbanın Ukrayna müharibəsi ilə bağlı tutduğu mövqe, Rusiyaya qarşı sanksiyalara müqaviməti və Çinlə strateji tərəfdaşlığı dərinləşdirməsi ölkəni Avro-Atlantik məkanda təcrid vəziyyətinə salıb. Xüsusən Vişeqrad Qrupu daxilindəki ənənəvi müttəfiqlərin, yəni Polşa və Çexiyanın Budapeştdən uzaqlaşması Orbanın diplomatik manevr imkanlarını məhdudlaşdırıb, hökumət isə mövcud təcridi sülh tərəfdarı olmaq və milli maraqları qorumaq kimi təqdim edərək seçiciləri inandırmağa çalışır ki, müxalifətin qələbəsi ölkəni birbaşa müharibəyə sürükləyəcək. Burada ABŞ faktorunu da nəzərdən qaçırmaq mümkün deyil. Viktor Orban açıq şəkildə Donald Trampın siyasi dəstəyinə ümid bəsləyir və Budapeşt hesab edir ki, Vaşinqtonda baş verə biləcək siyasi dəyişikliklər və ya Tramp administrasiyasının təsiri ona Avropa İttifaqı daxilində yeni nəfəs verəcək.
***
Təhlükəli məqam səsvermədən sonrakı dövrü əhatə edir. Hadisələrin inkişafı iki əsas istiqamətdə cərəyan edə bilər və hər iki halda ölkəni ciddi sınaqlar gözləyir. Əgər hakim partiya hətta cüzi səs çoxluğu ilə olsa belə parlamentdəki yerlərini qoruyub saxlaya bilsə, sözügedən qələbə Orban tərəfindən Brüsselə və qlobalistlərə qarşı tarixi zəfər kimi təqdim ediləcək. Bu halda hökumətin daxili və xarici siyasətində daha radikal addımların atılması ehtimalı yüksəkdir. Suverenliyin müdafiəsi qanunvericiliyinin sərtləşdirilməsi, müstəqil media və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin artması, eləcə də Avropa Komissiyası ilə qarşıdurmanın pik həddə çatması gözlənilir. Orban hökuməti Avropa fondlarından tamamilə məhrum ediləcəyi təqdirdə, iqtisadiyyatı ayaqda saxlamaq üçün Şərqdən daha böyük borc öhdəlikləri götürə bilər ki, məlum addım Macarıstanı uzunmüddətli perspektivdə Avropa iqtisadi məkanından uzaqlaşdıracaq.
Digər ssenari, yəni Peter Magyarın qələbəsi Macarıstan tarixində yeni səhifə açsa da, idarəçilik baxımından olduqca mürəkkəb dövrün başlanğıcı olacaq. Çünki on altı il ərzində Fidesz ölkənin bütün dövlət aparatını – prokurorluqdan tutmuş Konstitusiya Məhkəməsinə, Mərkəzi Bankdan Media Şurasına qədər sadiq kadrlarla doldurub və Prezident, Baş prokuror və digər açar fiqurların uzunmüddətli səlahiyyət müddətləri yeni hökumətin fəaliyyətini iflic etmək potensialına malikdir. Dərin dövlət adlandırıla biləcək həmin struktur islahatlara müqavimət göstərəcək və keçid dövrünü sabotaj etməyə çalışacaq.
Bütün hallarda, aprel ayının ikinci bazar günü baş tutacaq səsvermə Avropa siyasi tarixinin ən yaddaqalan səhifələrindən olacaq və ekspert icması yekdilliklə qeyd edir ki, prosesdən sonra Macarıstan artıq əvvəlki kimi olmayacaq. O, ya tam təcridə doğru gedən tənha qala, ya da yenidən Avropa ailəsinin bərabərhüquqlu və konstruktiv üzvü kimi yoluna davam edəcək. Qarşıdakı həftələr ərzində kampaniya ritorikasının daha da sərtləşəcəyi, kompromat savaşının qızışacağı və cəmiyyətin qütbləşməsinin pik həddə çatacağı şübhə doğurmur.
Həmçinin unutmaq olmaz ki, Macarıstanın seçki sistemi majoritar və proporsional sistemlərin qarışığından ibarət mürəkkəb mexanizmə əsaslanır. Fidesz illər ərzində seçki dairələrinin sərhədlərini strateji şəkildə dəyişdirərək, kənd yerlərindəki səslərin çəkisini artırmağa nail olub ki, həmin amil TİSZA partiyası və digər müxalif qüvvələr üçün əlavə maneə yaradır. Peter Magyar qalib gəlmək üçün sadə səs çoxluğu qazanmaqla kifayətlənməməli, eyni zamanda, sistemin yaratdığı struktur dezavantajlarını da aşmalıdır. Bu isə müxalifətin Fidesz qalası hesab edilən kənd rayonlarında ciddi sıçrayış tələb edir.
Əgər Magyar kənd seçicisini iqtisadi arqumentlərlə inandıra bilsə, o zaman siyasi xəritənin rəngi tamamilə dəyişə bilər. Bundan əlavə, Macarıstan mediasının böyük hissəsi KESMA fondu vasitəsilə hökumətin nəzarəti altındadır və ictimai rəyin formalaşmasında həlledici rol oynayan televiziya kanalları, qəzetlər və onlayn portallar günün iyirmi dörd saatı hökumət propaqandasını yaymaqla məşğuldur. Müxalifətin səsinin eşidilməsi üçün əsas vasitə sosial media və bir neçə müstəqil onlayn platformadır. TİSZA partiyasının uğuru rəqəmsal kampaniyanın ənənəvi mediaya qarşı nə qədər effektiv ola biləcəyinin də göstəricisi olacaq.
Müvafiq tarixi kontekstdə hadisələrə yanaşdıqda, Macarıstanın 1956-cı il inqilabından və 1989-cu il rejim dəyişikliyindən sonra üçüncü ən mühüm siyasi dönüş nöqtəsində olduğunu söyləmək mübaliğə olmaz. Hər iki əvvəlki tarixdə xalq azadlıq və Avropa dəyərləri uğrunda mübarizə aparmışdı. 2026-cı ilin baharında eyni ruhun yenidən canlanıb-canlanmadığı məlum olacaq. Fidesz partiyasının onilliklər ərzində qurduğu sistemin dayanıqlılığı ilə cəmiyyətin yenilənmə arzusu arasındakı mübarizənin nəticəsi Avropa dərsliklərində demokratiyanın müdafiəsi və ya tənəzzülü nümunəsi kimi tədris ediləcək mövzudur. Aprel seçkiləri hər bir vətəndaşın fərdi məsuliyyət imtahanıdır. Dünyanın diqqəti Macarıstana yönəldiyi halda, Budapeştin verəcəyi qərar qlobal siyasi arenada rezonans doğuracaq.
Yusif ŞƏRİFZADƏ
XQ