AZ

Avrasiyada yeni geosiyasi durum

Bunu Azərbaycanın çoxvektorlu strategiyası və regional sabitlik yaradır

Son illər qlobal güc mərkəzləri arasında rəqabət kəskinləşib, strateji enerji və nəqliyyat marşrutlarının birbaşa hədəfə çevrildiyi münaqişə ocaqları genişlənib. Bunlar Avrasiya məkanında tamamilə yeni geosiyasi və geoiqtisadi reallıq formalaşdırıb. Bu mürəkkəb mənzərə dövlətlərdən yalnız ənənəvi diplomatiya deyil, həm də daha çevik, şaxələndirilmiş və qarşılıqlı maraqlara söykənən yeni əməkdaşlıq modellərin tətbiqini tələb edir. Regionumuzun strateji dayanıqlığının təmini isə artıq nəzəri deyil, praktiki müstəvidə bağlantıların gücləndirilməsi, nəqliyyat dəhlizlərinin diversifikasiyası və institusional tərəfdaşlığın möhkəmləndirilməsindən keçir.

Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans bu çağırışların müzakirəsi üçün mühüm platformaya çevrilib. Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev vurğulayıb ki, son altı il ərzində Azərbaycanın xarici siyasət arxitekturası məhz bu qlobal çağırışlara adekvat cavab verəcək şəkildə qurulub. Onun sözlərinə görə, dünyada cərəyan edən münaqişələr təkcə siyasi gərginlik yaratmır, həm də enerji və nəqliyyat xətlərinə, habelə mürəkkəb təchizat və alt-təchizat zəncirlərinə ciddi zərbələr vurur. Bu proseslərin doğurduğu strateji nəticələr fonunda əlaqəlilik, iqtisadi şaxələndirmə və ortaq maraqlara əsaslanan regional tərəfdaşlıq dövlətlərin milli təhlükəsizliyinin və strateji dayanıqlılığının ayrılmaz hissəsinə çevrilir.

F.Şəfiyev qeyd edib ki, rəsmi Bakı xarici siyasətində balanslı yanaşmanı qoruyub saxlamaqla yanaşı, həm Şərq istiqamətindəki fəaliyyətini intensivləşdirib, həm də Qərb tərəfdaşları ilə konstruktiv və praqmatik dialoqu inkişaf etdirib. Bildirib ki, Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığın keyfiyyətcə yeni müstəviyə qaldırılması Azərbaycanın çoxvektorlu diplomatiyasının prioritetidir. Eyni zamanda, qeyd olunub ki, ABŞ və Avropa İttifaqı ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qorunub saxlanılması Azərbaycanın beynəlxalq sistemdəki manevr imkanlarını genişləndirib. “Bu çərçivədə Mərkəzi Asiya bizim üçün yalnız qonşu deyil, həm də strateji tərəfdaşdır”, – deyə F.Şəfiyev vurğulayıb.

Nüfuzlu beynəlxalq analitik mərkəzlərin, o cümlədən “European Council on Foreign Relations” və “Carnegie Endowment for International Peace” kimi qurumların hesabatlarında da Mərkəzi Asiyanın artan geosiyasi çəkisi və Azərbaycanın bu zəncirdəki həlledici rolu xüsusi vurğulanır. Bu cür beynəlxalq qiymətləndirmələr Azərbaycanın seçdiyi xarici siyasət kursunun yalnız regional deyil, həm də qlobal kontekstdə məntiqli və uzaqgörən olduğunu sübut edir.

Onu da qeyd edək ki, Mərkəzi Asiya regionunun Azərbaycan üçün əhəmiyyəti, sadəcə, qonşuluq münasibətləri ilə məhdudlaşmır. F.Şəfiyevin fikrincə, ortaq tarixi köklər, din və mədəni irs bu əlaqələr üçün mühüm mənəvi baza yaratsa da, müasir tərəfdaşlığın lokomotivini geoiqtisadiyyat təşkil edir. Enerji resurslarının nəqli, nəqliyyat-logistika qovşaqlarının birləşdirilməsi və infrastruktur layihələrindəki tamamlayıcılıq Avrasiyada yeni əməkdaşlıq arxitekturası formalaşdırır. Regionda davamlı sülhün və təhlükəsizliyin ən effektiv təminatçısı rolunda çıxış edir.

Şübhəsiz ki, Azərbaycanın Mərkəzi Asiya ilə strateji yaxınlaşması, Orta Dəhlizin işləkliyini təmin etməklə bütöv bir coğrafiyanın gələcək inkişaf modelini formalaşdırır. Bu marşrut Avropa ilə Asiya arasında alternativ və daha təhlükəsiz logistik əlaqə yaradır. Eyni zamanda, Azərbaycanın tranzit mərkəzi kimi rolunu gücləndirir və ölkəni Avrasiyanın logistika xəritəsində strateji həlqəyə çevirir.

Çıxışında C6 formatına da toxunan F.Şəfiyev bildirib ki, bu, praktiki və məqsədyönlü təşəbbüsdür. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan Azərbaycanla birlikdə regional bağlantıları gücləndirə və daha müstəqil fəaliyyət imkanlarını artıran altıtərəfli format çərçivəsində əməkdaşlıq edə bilərlər. “C6 mövcud təşəbbüsləri təkrarlamadan, onların daha güclü və davamlı olmasına, eləcə də təsir dairəsinin genişlənməsinə kömək edə bilər. C6 uzunmüddətli fəaliyyət üçün praktik və inklüziv olmalıdır. Regionumuzun müxtəlifliyini nəzərə alaraq əməkdaşlıq yalnız çevik və nəticəyönümlü olduqda effektiv olur. Davamlı regional format isə fərqlilikləri hörmətlə qarşılayan, nəticələrə fokuslanan və ortaq strateji tələblərə uyğun olan formatdır,” – deyə BMTM sədri əlavə edib.

O, bu formatın Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsinə, Xəzər dənizi hövzəsi boyunca inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın yaradılmasına töhfə verdiyini vurğulayıb. Azərbaycanın tranzit potensialının reallaşmasında C6 formatının xüsusi çəkiyə malik olduğunu qeyd edib.

Ümumiyyətlə, C6 formatının strateji əhəmiyyəti yalnız nəqliyyat və logistika ilə məhdudlaşmır. Artıq Xəzər regionu və Mərkəzi Asiya dünyada, sadəcə, xammal ixracatçısı kimi deyil, qlobal enerji arxitekturasının həlledici subyekti kimi qəbul edilir. Vacib məqam odur ki, bu əməkdaşlıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmır. F.Şəfiyev deyib: “Tərəfdaşlıq həm bərpaolunan enerji üzrə birgə tədqiqatların aparılmasını, həm də günəş və külək enerjisi potensialına yönəlmiş yeni investisiyaların təşviqini prioritet hesab edir. Bu isə regionun tədricən aşağı karbonlu iqtisadiyyata keçidini dəstəkləyir. Eyni zamanda, bu əməkdaşlıq regional enerji təhlükəsizliyini gücləndirir və altı ölkədən ibarət yeni formatı Şərq ilə Qərb arasında etibarlı enerji körpüsü kimi mövqeləndirməyə kömək edir”.

Bərpaolunan enerji texnologiyalarının sürətli inkişafı, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan etməsi, habelə regionun digər ölkələrindəki nəhəng günəş və külək layihələri isə C6 daxilində misilsiz sinerji yaradır. Bununla bağlı iqtisadçı ekspert Kamran Abdullayev bildirdi ki, bu sinerjinin ən perspektivli hədəfi regionun bərpaolunan enerji resurslarını birbaşa Avropa bazarlarına çıxaracaq “Yaşıl kabel” (Qara dəniz sualtı elektrik kabeli) və Xəzər dənizindən keçən enerji dəhlizləridir: “Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozları da təsdiqləyir ki, C6 dövlətləri yaxın gələcəkdə yalnız karbohidrogen deyil, həm də “yaşıl hidrogen” və təmiz elektrik enerjisinin əsas tədarükçüsünə çevriləcəklər. Orta Dəhliz tədricən fiziki yüklərin daşındığı yol deyil, həm də gələcəyin “yaşıl və rəqəmsal dəhlizi” statusunu qazanır. Bu səbəbdən C6 yalnız dövlət başçılarının görüşləri ilə məhdudlaşmamalı, daimi fəaliyyət göstərən institutlar, ekspertlər, iqtisadçılar və energetiklər arasında fasiləsiz dialoq mexanizmləri formalaşdırılmalı, konkret əməkdaşlıq layihələri həyata keçirilməlidir”.

Beləliklə, C6 formatı strateji dayanıqlılığın, iqtisadi praqmatizmin və innovativ gələcəyin simvoluna çevrilir. Əgər əməkdaşlığın ilkin mərhələsi fiziki yolların inşasına yönəlmişdisə, növbəti strateji mərhələ “yaşıl hidrogen” istehsalı, intellektual nəqliyyat sistemləri və birgə investisiya fondlarının yaradılması üzərində bərqərar olacaq. Bu strateji birlik, sadəcə, siyasi ittifaq deyil, ortaq tarixi köklər üzərində qurulan, lakin gələcəyin iqtisadi məntiqinə və dayanıqlı inkişafına xidmət edən sarsılmaz bir platformadır. Bakı konfransı bir daha sübut etdi ki, C6 çərçivəsində formalaşan inteqrasiya modeli Avrasiya məkanında sülhün, rifahın və qlobal rəqabətədavamlılığın ən etibarlı təminatçısıdır. Bağlantıların gücləndirilməsi, marşrutların şaxələndirilməsi və ortaq layihələrin icrası isə Avrasiya məkanında yeni inteqrasiya modelinin sütunlarını təşkil edir. Hazırkı qeyri-müəyyənliklər dövründə məhz bu model regionun davamlı inkişafını və strateji dayanıqlığını təmin edən əsas amildir.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr