
Hollandiyada keçirilən parlament seçkilərində qalib gələn sol-liberal "Demokratlar-66" (D66) partiyasının lideri Rob Yetten fevralın 23-də baş nazir kimi and içməyə hazırlaşır.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, gələcək hökumət başçısı ABŞ Prezidenti Donald Tramp barəsində əvvəllər səsləndirdiyi kəskin fikirlərindən geri çəkilməyəcəyini bəyan edib. Yetten Trampı "beynəlxalq təhlükəsizliyə təhdid", "müttəhim cinayətkar" və "qadın düşməni" adlandırmasına baxmayaraq, tərəfdaşların da bir-birini tənqid etmək haqqının olduğunu bildirib.
O qeyd edib ki, baş nazir kimi Amerika lideri ilə geniş spektrli məsələləri müzakirə etmək üçün sıx təmasda olacaq. Artıq Rob Yetten ABŞ-ın Hollandiyadakı yeni səfiri Co Popolo ilə görüşərək dostluq və açıq dialoq ənənəsini davam etdirməyə hazır olduqlarını vurğulayıb.
Yetten hələ parlamentdə fraksiya rəhbəri olduğu dövrlərdən Trampın siyasətinə kəskin etirazları ilə tanınır. O, 2025-ci ilin aprelində Ağ Ev rəhbərinin dünya iqtisadiyyatı üçün təhlükə yaratdığını demiş, Avropanı ABŞ-ın idxal rüsumlarına sərt cavab verməyə və alternativ tərəfdaşlar axtarmağa çağırmışdı.
Hollandiyanın yeni hakim koalisiyasının proqram sənədində də iqtisadiyyat və müdafiə sahəsində ABŞ-dan asılılığın azaldılması kursu xüsusi yer tutur. Rob Yettenin rəhbərlik edəcəyi və üç partiyadan ibarət olacaq azlıq hökuməti fevralın 23-də rəsmən fəaliyyətə başlayacaq. 38 yaşlı Yetten ölkə tarixinin ən gənc baş naziri kimi tarixə düşəcək.