AZ

“O layihələri mən icra etməmişəm…” HAFİZ HƏSƏNOV MƏHKƏMƏDƏ İFADƏ VERİB

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə “LD Konsaltinq” MMC-nin rəhbəri, hüquqşünas Hafiz Həsənovun Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info bildirir ki, prosesdə Hafiz Həsənov məhkəmənin əvvəlki iki iclasında verdiyi sərbəst ifadəsini davam etdirdi.

Qeyd edək ki, hüquqşünasın sərbəst ifadəsi ictimai şoudan uzaq, cinayət işində ona qarşı ittihamların sübut edilməməsi ilə bağlı hüquqi arqumentlər üzrə oldu.

Hafiz Həsənov bu cinayət işi üzrə özünü təqsirli hesab etməyərək bildirdi ki, onun direktoru olduğu “LD Konsaltinq” MMC adından və öz adından bağladığı müqavilələr üzrə pul vəsaitləri cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri olmayıb. Həmin vəsaitlər ABŞ-nin dövlət büdcəsindən və Avropa İtttifaqının büdcəsindən ayrılan pul vəsaitləridir. Bu vəsaitlər isə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesab edilə bilməz. Bu, ümumi məlum olan faktlardır və Cinayət Prosessual Məcəlləsinin 141.1.1.-ci maddəsinə əsasən bu faktlar işin sübutsuz müəyyən edilən hallardır.

Hüquqşünas qeyd etdi ki, cinayət işində göstərilən layihələrin icrası üzrə təşkilati-texniki dəstək verilməsi üçün hər layhənin icrasından əvvəl Prezident Admnistrasiyasına və yerli icra hakimiyyətlərinə yazılı qaydada müraciətlər edib və bundan sonra layihələrin icrası həyata keçirlib. Layihələrin icrası üzrə tədbirlərdə mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə əməkdaşlıq edilib və onların nümayəndələri keçirilən tədbirlərdə iştirak edib.

H. Həsənov həmçinin, bildirdi ki, cinayət işində göstərilən layihələr mahiyyətinə görə hüquqi yardım xidmətlərini və hüquqi tədqiqat xidmətlərini əhatə edib. Layihələrin icrası üzrə həssas qruplara daxil olan minlərlə insana ödənişsiz hüquqi yardım xidmətləri göstərilib, hüquqi məlumatlandırma xarakterli onlarla çap materialları hazırlanıb, yüzlərlə təlim və seminarlar keçirilib və hüquqi tədqiqat xarakterli sənədlər hazırlanıb. Bütün bunlarla bağlı müvafiq materiallar və sənədlər istintaqa təqdim edilib.

H.Həsənov eyni zamanda bildirdi ki, onun fərdi sahibkar kimi öz adından və direktoru olduğu “LD Konsaltinq” MMC adından həyata keçirdiyi layihələri donor təşkilatlar qrant vəsaitləri kimi deyil, xidmətlərin göstərilməsi və işlərin görülməsi müsabiqələri kimi elan edib. Yəni o, qrant vəsaitlərini xidmət müqavilələri kimi rəsmiləşdirməyib. Bu vəsaitlər donor təşkilatlar tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi vəsaitləri kimi nəzərdə tutrulub. Hafiz Həsənov donor təşkilatın bunu təsdiq edən məlumat bildirişini istintaqa təqdim etdiyini bildirib və bu sənədi məhkəməyə də təqdim edib. Digər tərəfdən, qanunvericilik də, kommersiya hüquqi və fiziki şəxslərinə xarci donorla layihələrin icrası üzrə xidmət müqavilələri bağlamağa icazə verir və həmin müqavilələrin qeyri-kommersiya təşkilatlarından fərqli olaraq hər hansı dövlət orqanında qeydiyyatını nəzərdə tutmur.

Hüquqşünas bunlarla yanaşı onu da bildirdi ki, ABŞ Alman Marşal Fondunun Qara Dəniz üçün Regional Əməkdaşlıq Təşkilatı ilə bağladığı müqavilələr “Həssas qruplara hüquqi yardım xidmətlərinin təşkili: 2020 – 2025” adlı vahid Proqramın tərkib hissələri olub. Bu Proqram üzrə birinci müqavilə üzrə işlər başa çatdıqdan sonra hər dəfə növbəti mərhələ üzrə işlərin görülməsi üçün yeni müqavilələr bağlanıb. Yəni burada İttiham Aktında göstərildiyi kimi təkrar leqallaşdırma əməli olmayıb. O, bu halı təsdiqləyən sənədi məhkəməyə təqdim etdi.

Hafiz Həsənovun sözlərinə görə ittiham aktında göstərilir ki, guya o, ABŞ Alman Marşal Fondu Qara Dəniz üçün Regional Əməkdaşlıq təşkilatının Azərbaycan üzrə qeyri rəsmi nümayəndəsi ilə cinayət əlaqəsinə girərək qeyd edilən cinayətləri törədib:

“İttiham aktında adı hallanan şəxs, ABŞ Alman Marşal Fondu Qara Dəniz üçün Regional Əməkdaşlıq təşkilatının Azərbaycan üzrə qeyri rəsmi nümayəndəsi deyil. O, xidmət müqaviləsi əsasında bu təşkilata sadəcə məsləhətçi xidmətləri göstərir. Onun məsləhətçi kimi ABŞ Alman Marşal Fondunun Qara Dəniz üçün Regional Əməkdaşlıq Təşkilatı adından çıxış etmək, müsabiqələr elan etmək və müsabiqələrin nəticələrini müəyyən etmək və təsdiqləmək, müqavilələr bağlamaq səlahiyyətləri yoxdur və bu proseslərdə iştirak etmir. Belə olan halda, həmin şəxslə cinayət əlaqəsinə girmək ittihamının hüquqi və məntiqi əsasları yoxdur”.

Məhkəmə iclasında Hafiz Həsənov həmçinin bildirdi ki, icra edilən layihələr maliyyə vergi qanunvericiliyinin tələblərinə uyğun aparılıb, maliyyə sənədlərinə daxil edilən məlumatlar layihələrin büdcə təyinatlarına uyğun icra edilib, həmin məlumatlar görülən real işlər üzrə həqiqi məlumatları əks etdirib. Layihələrin icrası üzrə saxta sənədlər tərtib edilməyib və sənədlərə saxta məlumatlar daxil edilməyib. Bu fəaliyyətlər Maliyyə Monitoqinq Xidmətinin və Vergi orqanının nəzarəti altında həyata keçirilib və bu qurumlar tərəfindən hər hansı irad bildirilməyib və pozuntu aşkar olunmayıb.

Həsənov ifadəsində onu da bildirdi ki, ittiham aktında göstərilən iki layihəni- “Regionlarda qadın sahibkarlığa dəstək” layihəsini və “Vətəndaş cəmiyyətinə dəstək” layihəsini o, icra etməyib. O, sadəcə bu layihələrdə layihə heyətinin bir üzvü kimi, hüquqşünas kimi iştirak edib və nədənsə, ittiham aktında bu layihələrin də onun tərəfindən icra edildiyi göstərilib.

Bununla da H.Həsənov məhkəmədə sərbəst ifadəsini başa çatırıb, növbəti proses ona suallarla davam etdiriləcək. Hakim növbəti məhkəmə iclasını martın 18-ə təyin etdi.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
icma.az

1Mənbələr