AZ

Talqat Kalıyev: C6 formatının inkişafının məntiqi perspektivləri var

Bakı, 18 fevral, AZƏRTAC

C6 formatı, əslində, çox maraqlı və perspektivli formatdır. Çünki bu format Mərkəzi Asiya bölgəsini hüdudlarından kənara genişləndirərək Mərkəzi Asiya + Cənubi Qafqaz makroregionunu formalaşdırır. Burada lider, şübhəsiz ki, bu gün artıq orta güclər sırasına daxil olan Azərbaycandır. Buna görə də güman etmək məntiqlidir ki, sülh prosesi inkişaf etdikcə Gürcüstanın, Ermənistanın, bəlkə də Türkiyənin qoşulması ilə gələcəkdə region daha da genişlənə bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Qazaxıstan Respublikası Prezidenti yanında Milli Qurultayın üzvü, siyasi elmlər namizədi Talqat Kaliyev deyib.

O bildirib ki, bu halda sərhədlərinin bir ucu Çinə çatan, digər ucu isə birbaşa Avropa İttifaqına söykənən makroregion yaratmaq mümkün olar. O zaman bu bölgə çox güclü qüvvəyə, ciddi iqtisadi və geosiyasi oyunçuya çevrilər və maraqlarını daha əlverişli mövqelərdən formalaşdıra bilər.

Talqat Kaliyev qeyd edib ki, bu formatın inkişafının məntiqi perspektivləri var və ölkələrimizin hər biri bundan yalnız faydalanacaq. Azərbaycanın coğrafi mövqeyi, şübhəsiz ki, Mərkəzi Asiya üçün əlverişlidir - Avropaya gedən yol üzərində yerləşən və Xəzər dənizinin qarşı tərəfində olan ilk ölkədir.

“Ona görə də tammiqyaslı, hərtərəfli əməkdaşlığın inkişafı bizim üçün son dərəcə vacibdir. Sevindirici haldır ki, Azərbaycan bu baxımdan qarşılıqlı maraq göstərir. Son bir neçə məşvərət görüşündə Azərbaycan müşahidəçi qismində iştirak edib və bu gün artıq təşkilatın tamhüquqlu üzvünə çevrilib. Yəni Azərbaycan bu baxımdan çox ardıcıldır. Mərkəzi Asiya ölkələri də qarşılıqlı maraq göstərir. Şübhəsiz ki, indi çox güclü bir sinerji əldə edə bilərik”, - deyə Talqat Kaliyev əlavə edib.

Seçilən
69
1
azertag.az

2Mənbələr