AZ

Ermənistanda seçki öncəsi siyasi zəlzələ: Paşinyanın qarşısında çoxqütblü müxalifət - ÖZƏL

Ermənistanda parlament seçkilərinə 5 ay qalmış siyasi səhnədə ciddi canlanma müşahidə olunur. Baş nazir Nikol Paşinyana qarşı bir neçə paralel blok formalaşır. Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyası siyasi konfiqurasiyada dönüş nöqtəsi kimi dəyərləndirilir. Arman Tatoyan ətrafında yaranan blok isə ənənəvi müxalifətdən uzaq, lakin Paşinyanın "məxməri inqilab" kursundan məyus olan elektoratı hədəfləyir. Qaqik Tsarukyan sosial rifahı zəifləyən təbəqəyə, Robert Koçaryan isə revanşist və klassik mühafizəkar elektorata söykənir.
Beləliklə, ilk dəfə Paşinyan eyni vaxtda müxtəlif sosial və ideoloji seqmentlərdən gələn rəqiblərlə üz-üzə qalır.
Ermənistan müxalifətində yaranan çoxqütblü bloklaşma Paşinyanın hakimiyyətini real təhlükə altına sala bilərmi, yoxsa parçalanma yenə də onun üstünlüyünü qoruyacaq? Ermənistan daxilində yaranan bu siyasi bloklaşma Azərbaycanla sülh danışıqlarına necə təsir göstərə bilər? Hakimiyyət dəyişikliyi ehtimalı sülh sazişinin imzalanmasını sürətləndirə, yoxsa prosesi daha da çətinləşdirə bilər?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Ermənistanda parlament seçkiləri ərəfəsində Paşinyanın xeyrinə olan ən ciddi siyasi amillərdən biri erməni müxalifətinin seçkilərə vahid namizədlə qatıla bilməməsi ilə bağlı faktordur. Müxalif cəbhədə mövcud siyasi pərakəndəlik isə Paşinyana qarşı çıxış edən siyasi qüvvələrin fərqli ideoloji dəyərlərə söykənməsi ilə yanaşı, onların müxtəlif geosiyasi güc mərkəzləri ilə təmasları və fərqli konyuktur maraqlara söykənmələridir.
Paşinyan üçün seçkilərdə ən ciddi siyasi opponent "Güclü Ermənistan" partiyasının lideri, rusiyalı iş adamı və milyarder, həmçinin filantrop Samvel Karapetyandır. O son dərəcə nəhəng maliyyə resurslarına malik olmaqla yanaşı Rusiya tərəfindən, habelə erməni apostol kilsəsi tərəfindən dəstəklənir. Onun seçkilərdə qələbəsini təmin edə biləcək siyasi, maliyyyə və ideoloji faktorlar o qədər güclü olmuşdur ki, Paşinyan məğlubiyyətdən sığortalanmaq  üçün onu saxta dəlillərlə həbs etdirərək (hakimiyyəti qeyri-qanuni şəkildə ələ keçirməyə cəhd, erməni kilsəsi ilə bahəm cəmiyyətdə vətəndaş qarşıdurmasının dərinləşməsinə hesablanmış addımlar və s.) seçkilərdən kənarda qoymağa cəhd etmişdir. Bununla belə Karapetyan həbsdə ola ola fevralın 11-də partiya qurultayında sədr seçilmiş, ölkənin baş naziri vəzifəsinə namizədliyi dəstəklənmişdir. Onu müxalifətdən Robert Koçaryan dəstəkləyə bilər, bu isə geosiyasi faktorla bağlı amildir, lakin Karapetyanın Köçəryanın müttəfiqlik təkliflərini qəbul edəcəyi inandırıcı deyil, zira sabiq prezident Qarabağ klanının
təmsilçi olmaqla, ölkəni müharibə və korrupsiya bataqlığına sürükləmiş siyasətçi kimi tanınır, onunla əməkdaşlıq barədə hər hansı razılıq isə Karapetyanın elektoral cəbhəsində narazılığa və deməli parçalanmaya səbəb ola bilər.
Karapetyanın seçkilərə vicdan məhbusu kimi getməsi isə onun əzabkeş obrazının yaradılmasına xidmət etməklə seçicilərin ona yüksək maraq göstərməsinə səbəb olacaq.
Namizədlər sırasında Arman Tatoyan Paşinyanın ən ardıcıl tənqidçilərindən biri kimi tanınır. O Koçaryan kimi işğal dövrü Ermənistan siyasətini müdafiə edir, Azərbaycanı təcavüzdə, insan haqlarını pozmaqda ittiham edirdi. Ermənistanın sabiq ombudsmanı olan
Tatoyanın son vaxtlar Tramp razılaşmalarını müdafiə etməsi və bəlli razılaşmaların Azərbaycanla sülh müqaviləsinin imzalanmasında real təsir imkanlarına malik  olacağını vurğulaması isə göstərir ki, geosiyasi anlamda Tatoyanın düşüncələrində kardinal dəyişikliklər baş verib və Koçaryanla muqayisədə həlledici anda Karapetyanı dəstəkləyə bilər.
Çiçəklənən Ermənistan partisının lideri Qaqik Tsarukyanın isə əvvəlki dövrlərlə müqayisədə siyasi və elektoral proseslərə təsir imkanları zəifləyib. Hələ sovet dönəmində etdiyi cinayət əməllərinə görə təqsirkar bilinib azadlıqdan məhrum edilmiş şəxs Paşinyan iqtidarı dövründə qeyri-qanuni sahibkarlıq fəaliyyətində,vergi cinayətlərində ittiham olunub, bu mənada kriminal keçmişə malik siyasətçi kimi o yüksək imkanlara malik olan namizəd kimi qəbul olunmur, üstəlik o 2003-cü ildən malik olduğu deputat mandatından da 2020-ci ildə məhrum edilib.
Bütün bunların konteksində Paşinyanın ən ciddi rəqibi şübhəsiz ki, Karapetyandır, lakin Rusiyanın Gürcüstanda İvanaşvili modelini eynilə tətbiq edə biləcəyinin ziyanına işləyən faktor Karapetyanın hələ də həbsdə olmasıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr