"Əhməd haradadır?" filminin Ceyranı - aktrisa, Gürcüstanın Xalq artisti Nonna Paçuaşvili AzTV-yə müsahibə verib.
Milli.Az xəbər verir ki, aktrisa filmlə bağlı xatirələrini bölüşüb. O, mərhum Əməkdar artist Elxan Qasımovla (Filmdə sürücü Əhməd - red.) dostluqlarından söz açıb:
"Hər zaman Gürcüstanda bazardan Azərbaycan narı alıram. Bir dəfə bazarda bir kişi mənə dedi ki, siz necə də Ceyranın anasına bənzəyirsiniz. Dedim ki, mən elə Ceyranın özüyəm. İllər keçib... Bir dəfə küçədə Elxanla (Əməkdar artist Elxan Qasımov) gedirdim. O, deyirdi ki, mən Əhmədəm, o, isə Ceyrandır. O, bunu hamıya göstərməyi sevirdi. Elxan Qasımov mənim dostum idi. Çox yaxın münasibətimiz var idi. Təəssüf ki, dünyasını dəyişdi. O vaxt hər ikimiz gənc idik. Nəcibə xanımı (Xalq artisti Nəcibə Məlikova - red.) da çox sevdim, anam kimi idi. Xatirələrim yaradıcı və isti izlərlə qalıb. Təəssüf ki, həmin aktyorlardan bircə Ceyran qalıb".
Aktrisa bildirib ki, filmin çəkilişləri zamanı ağır itki yaşayıb. O, bildirib ki, həmin ərəfədə həyat yoldaşını itirib:
"Hətta indi bu haqda danışanda göz yaşlarımı saxlaya bilmirəm. Bəlkə də, çəkilişlərə getməsəydim, daha yaxşı olardı. Həmin vaxt mən 2 aylıq oğlumu qoyub getmişdim".
Nonna Paçuaşvili E.Qasımovun arzusunu etiraf edib:
"Elxan istəyirdi ki, filmin davamı çəkilsin və insanlar bilsin ki, Əhməd 60 il sonra haradadır. Bunu edəcəyini gözləyirdik, amma alınmadı".
Milli.Az