
Fransa Prezidenti Emmanüel Makron Şimali Atlantika Alyansının (NATO) effektivliyini yenidən şübhə altına alaraq, təşkilatı baş beyni olmayan, lakin onurğa beyni funksiyasını saxlayan "preparasiya edilmiş qurbağa"ya bənzədib.
"L'Express" qəzetinə istinadən xəbər verilir ki, Makron bu fikirləri fevralın 10-da texnologiya şirkətlərinin nümayəndələri ilə keçirdiyi şam yeməyi zamanı səsləndirib. Dövlət başçısı hələ on il əvvəl NATO-nun "beyin ölümü" vəziyyətində olduğunu bəyan etdiyini xatırladaraq, alyansın 2022-ci ildə yenidən "oyandığını" qeyd edib.
Lakin o, bu oyanışın nə dərəcədə real olduğuna şübhə ilə yanaşaraq maraqlı bir müqayisə aparıb: "Görəsən, alyans baş beyni dağıdılmış, lakin onurğa beyni qalan qurbağa kimi oyanıb? Bu gün mən bu suala cavab verə bilmirəm".
Xatırladaq ki, Makron hələ 2019-cu ildə "The Economist" jurnalına müsahibəsində NATO daxilində koordinasiyanın tamamilə itdiyini və bunu "beyin ölümü" kimi xarakterizə etdiyini bildirmişdi. O, Avropanın təhlükəsizliyini təmin etmək üçün NATO-dan asılı olmayan müstəqil Avropa ordusunun yaradılmasının vacibliyini dəfələrlə vurğulayıb.
Prezidentin fikrincə, 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlaması alyans üçün bir növ "elektroşok" effekti yaratsa da, qurumun strateji və siyasi effektivliyi hələ də sual altındadır.