Bu il Novruz bayramı ilə Ramazan ayının eyni dövrə təsadüf etməsi cəmiyyətdə müxtəlif suallar doğurub. Əsas müzakirə mövzularından biri isə milli bayram olan Novruzun İslam dini baxımından qeyd olunmasının mümkün olub-olmamasıdır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dinində bayram anlayışı ilə milli bayramlar arasında ciddi fərqlər mövcuddur.
Onun sözlərinə görə, Novruz əsrlər boyu formalaşmış, müxtəlif bölgələrdə fərqli adət və ənənələrlə zənginləşmiş bahar bayramıdır:
“Bahar bayramının gəlişi və onun daxilində olan rituallar, atributlar tarix boyu formalaşaraq günümüzə gəlib çatıb. Azərbaycanın şimal və cənub bölgələrində belə bu ənənələrin fərqli şəkildə yaşadılması tam normaldır. Dindəki bayramlar isə xüsusi ibadətlər və müəyyən olunmuş vaxtlarla bağlıdır. Bu iki bayramı bir-birinə qarşı qoymaq və ziddiyyət axtarmaq düzgün yanaşma deyil. Hər bayrama öz mahiyyəti prizmasından yanaşmaq daha doğru olar”
Ağa Hacıbəyli vurğulayıb ki, Ramazan ayı ibadət və mənəvi saflaşma dövrüdür, Novruz isə təbiətin oyanışını və yenilənməni simvolizə edən milli bayramdır:
“Bu il Ramazanla bahar bayramının eyni vaxta düşməsi həm sevindirici haldır, həm də insanlarda müəyyən suallar yaradır. İnsanlar orucu necə tutacaqlarını düşünürlər. Lakin heç bir problem yoxdur. Həm ibadətləri yerinə yetirmək, həm də Novruzun mənəvi gözəlliyini yaşamaq mümkündür.”
İlahiyyatçı əlavə edib ki, əsas məsələ dini qaydalara riayət etməklə milli ənənələri düzgün şəkildə qorumaqdır. Onun sözlərinə görə, bu uyğunluq cəmiyyət üçün həm mənəvi, həm də mədəni baxımdan müsbət bir fürsət hesab oluna bilər.
Aynurə İsmayıl
KONKRET.az