AZ

İnsanları tələyə salan qanunsuz mərc və şans oyunları: gizli şəbəkə belə işləyir VİDEO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qanunsuz mərc və şans oyunları – “Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi platformalar vətəndaşları asan qazanc vədi ilə aldatmaqla onları maliyyə və psixoloji risk altında qoyur. Bu platformalar həm vətəndaşların, həm də ölkə iqtisadiyyatının təhlükəsizliyinə zərər vurur. Üstəlik, milyonlarla vəsait ölkədən çıxır, vergidən yayınır. Qanuni və dövlət nəzarətində olan platformalar isə şəffaf fəaliyyət göstərir, əldə edilən gəlirdən vergilər ödəyir və istifadəçilərin hüquqlarını qoruyur.

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, qanunsuz mərc və şans oyunları üzrə fəaliyyət göstərən müxtəlif ziyanlı onlayn platformalar mövcuddur:

“Onların bir qismi internet üzərindən fəaliyyət göstərərək Azərbaycan qanunvericiliyinin tələblərini pozur. Bu platformalarla bağlı zaman-zaman vətəndaşların uduşları ala bilməməsi, hətta bank kartlarına müdaxilə halları ilə əlaqədar müraciətlər də daxil olur. Bu isə ciddi hüquqi və təhlükəsizlik problemləri yaradır”.

Mehman Muradlı deyib ki, Azərbaycanda mərc və lotereya oyunlarının təşkili ilə məşğul olan və rəsmi fəaliyyət göstərən şirkətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərirlər:

“Lakin xarici internet resursları üzərindən xidmət göstərən bəzi platformalar daha çox qazanc əldə etmək məqsədilə istifadəçiləri cəlb edir və müxtəlif risklər yaradır. Bu baxımdan hesab edirəm ki, həmin platformalar ya Azərbaycanda rəsmi qeydiyyatdan keçməli və hüquqi məsuliyyət daşımalıdır, ya da bu mümkün deyilsə, onların ölkə ərazisindən girişinə tam qadağa tətbiq olunmalıdır. Bu məsələ yalnız məhdudlaşdırma ilə deyil, tam bloklama tədbirləri ilə həll edilməlidir və müvafiq dövlət qurumları tərəfindən ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır”.

Deputat Razi Nurullayev bildirib ki, Azərbaycanda “Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi qanunsuz mərc və şans oyunları platformaları “asan qazanc” vədi ilə vətəndaşları aldadır.

“Milyonlarla vəsait ölkədən çıxarılır, vergidən yayınma baş verir. Bu, artıq sosial problem yox, birbaşa ölkənin iqtisadi və maliyyə təhlükəsizliyinə zərbədir”.

Razi Nurullayev əlavə edib ki, qanunsuz platformaların saytları və tətbiqləri dərhal bloklanmalı, onların reklamını yayan media resursları və sosial şəbəkə səhifələri məsuliyyətə cəlb olunmalıdır:

“Bank və ödəniş sistemləri üzərindən bu platformalara pul köçürmələri tam bağlanmalıdır”.

Qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş lotereya və mərc platformaları ölkə qanunvericiyinə uyğun fəaliyyət göstərir və hüquqi ünvanı olur. Bu da istifadəçilərin hüquqlarının qanunla qorunmasına təminat verir və qazanILAN istənilən uduş vətəndaşa tam ödənilir.

“MostBet”, “Pin-Up”, “1xBet”, “MelBet”, “PariMatch”, “Betbuta”, “10linelotto” kimi qanunsuz platformalar isə Azərbaycanda rəsmi qeydiyyatdan keçməyib. Kiçik uduşları ödəyərək etimad yaratsalar da, böyük məbləğdə qazanılan uduşları ödəmirlər. Bu halda vətəndaşların müraciət edə biləcəyi rəsmi qurum olmur.

Hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunları ilə mübarizəni daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə mütəmadi əməliyyatlar həyata keçirilir, qanunsuz mərc və şans oyunları təşkil edən şəxslər və dəstə üzvləri müəyyən edilərək məsuliyyətə cəlb olunur.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
globalinfo.az

1Mənbələr