AZ

Rüstəm Umerov: Ukrayna ABŞ Rusiya danışıqları zamanı bəzi məsələlərə aydınlıq gətirə bildik

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kiyev, 18 fevral, AZƏRTAC

Ukrayna, ABŞ və Rusiya formatında keçirilən son üçtərəfli danışıqların növbəti raundunda bəzi məsələlər aydınlaşdırılıb, digərləri ilə bağlı əlavə razılaşdırma davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Facebook”da məlumat verib.

“Bu gün Ukrayna, ABŞ və Rusiya formatında üçtərəfli danışıqların daha bir mərhələsi baş tutub. İş intensiv və məzmunlu olub”, - deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qeyd edib.

O, amerikalı tərəfdaşlarına “prosesin dayanmadığına və davam etdiyinə”, eləcə də İsveçrə tərəfinə “qonaqpərvərliyə və təqdim etdikləri məkana” görə təşəkkür edib.

“Nümayəndə heyəti çərçivəsində siyasi və hərbi bloklar fəaliyyət göstərib. Təhlükəsizlik parametrlərini və mümkün həllərin tətbiqi mexanizmlərini müzakirə etdik. Bəzi məsələlər aydınlaşdırıldı, digərləri üzərində əlavə razılaşdırma davam edir. Biz prosesi yekunlaşdırmaq üçün lazım olan əsas müddəaların təkmilləşdirilməsinə diqqət yetiririk. Bu, bütün tərəflərin razılığını və vaxtını tələb edən mürəkkəb bir işdir. İrəliləyiş var, lakin hələ ki, detallar olmadan”, - deyə Umerov bildirib.

O, sözlərini davam etdirərək vurğulayıb ki, növbəti mərhələ hazırlanmış həlləri prezidentlərin nəzərdən keçirməsinə təqdim etmək üçün lazımi razılaşma səviyyəsinə nail olmaqdır. Umerovun sözlərinə görə, vəzifə bunun üçün rəsmi deyil, real əsas hazırlamaqdır.

“Ukrayna konstruktiv şəkildə işləyir. Əsas məqsəd dəyişməz olaraq qalır - ədalətli və davamlı sülh”, - deyə MTMŞ katibi vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azertag.az

2Mənbələr