AZ

“Qırmızı diplom” və “qırmızı attestat” dövrü başa çatır – Bəs diplomlar necə veriləcək?

Azərbaycanda təhsil sənədlərinin təqdim olunması qaydasında mühüm dəyişiklik edilir. Artıq diplom və attestatlar kağız daşıyıcıda deyil, elektron formatda veriləcək. Bu yenilik fonunda cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri isə illərlə prestij göstəricisi sayılan “qırmızı diplom” və “qırmızı attestat” anlayışının taleyidir. Maraqlıdır ki, “qırmızı diplom”, “qırmızı attestat” dövrü də başa çatdı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda bu ildən etibarən təhsil sənədlərinin elektronlaşdırılmasının kütləvi tətbiqinə başlanılır.

Bu

Onun sözlərinə görə, diplomlar, attestatlar və təhsil ilə bağlı digər rəsmi sənədlər artıq elektron qaydada təqdim olunacaq:

“Necə ki, dünyanın bir çox ölkələrində aparıcı universitetlər və təhsil sistemləri bu formata keçib, Azərbaycan da eyni modeli tətbiq edir. Bu dəyişikliklə faktiki olaraq “qırmızı attestat” və “qırmızı diplom” anlayışı da əvvəlki məna və formasını itirmiş olacaq.

Yüksək nəticə göstərən məzunlar üçün müəyyən üstünlüklər tamamilə aradan qalxmır. Belə ki, ali təhsil müəssisələrinə qəbul zamanı eyni bal toplayan abituriyentlər arasında ümumi göstəricilər nəzərə alınaraq daha yüksək nəticə əldə edənlərə müəyyən güzəştlər tətbiq oluna bilər”

Məzahir Məmmədlinin sözlərinə görə, ali məktəbi fərqlənmə diplomu ilə bitirmək indiyədək də əmək bazarında ciddi üstünlük yaratmırdı:

“Artıq işə qəbul zamanı əsas meyar diplomun rəngi deyil, şəxsin biliyi və bacarığıdır. İşəgötürənlər namizədləri praktiki bacarıqlarına görə seçirlər. Bu baxımdan sovet dövründən qalan ənənə tədricən yekunlaşır”.

Qeyd edək ki, təhsil sənədlərinin elektronlaşdırılması sənədlərin daha operativ yoxlanılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması baxımından mühüm addım hesab olunur.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
80
1
konkret.az

2Mənbələr