AZ

800 milyardlıq HƏRBİ PLAN – Hazırlıqlar tamamlandı, müharibə…

Avropa İttifaqı üzv ölkələrlə birlikdə 2028-ci ilə qədər müdafiə xərcləri üçün ümumilikdə 800 milyard avroya qədər vəsait ayırmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Brüsseldə keçirilən NATO Parlament Assambleyası Birgə Komitə iclaslarında çıxış zamanı qeyd edib.

Onun sözlərinə görə, Avropa müdafiəsinin gücləndirilməsi eyni zamanda NATO-nun imkanlarını da artıracaq.

Koşta sosial şəbəkə paylaşımında görüşlərə toxunaraq Avropanın müdafiə potensialının artırılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Avropada sabitliyin təmin olunması istiqamətində görülən işlərdən danışan Koşta bildirib ki, istər Ukrayna, istərsə də Qrenlandiya ilə bağlı məsələlərdə beynəlxalq hüquq, suverenliyə hörmət, ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə əsaslanan davamlı sülh üçün çalışırlar.

Proqnozlara görə, son beş ildə sürətlə artan müdafiə investisiyalarının 2028-ci ilə qədər nəzərdə tutulan 800 milyard avro hədəfi istiqamətində yüksəlməkdə davam edəcəyi gözlənilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, beynəlxalq münasibətlər sistemində son illərdə müşahidə olunan gərginliklər qlobal təhlükəsizlik arxitekturasını ciddi sınaq qarşısında qoyub:

“Bu prosesin ən açıq təzahürlərindən biri dünyanın aparıcı dövlətləri arasında silahlanma yarışının yenidən sürətlənməsidir. Regional münaqişələr, böyük güclər arasındakı rəqabət və etimadsızlıq mühiti hərbi xərclərin artırılmasını stimullaşdırır. Avropa İttifaqı silahlanma qərarında qəti olduğunu göstərir”.

Zeynal Fətulla

Şərhçi qeyd edib ki, ittifaqa üzv olan ölkələrin sosial proqramlara, yoxsulluğun azaldılmasına və ya iqlim fəaliyyətinə yönəldilməsi üçün nəzərdə tutulan vəsaitlərin xeyli hissəsinin silahlanmaya sərf etməsi sadə vətəndaşlarla yanaşı, iri vergi ödəyicilərini, hətta silah istehsalçılarını təəccübləndirib:

“Hər kəs nə baş verdiyini düşünür, ABŞ-nin Avropanın təhlükəsizliyi ilə məşğul olmayacağı barədə qərarından sonra “Qoca Qitə”nin atacağı addımları səbirsizliklə gözləyir.

ABŞ Prezidenti Donald Trampın Kiyevi “ədalətsiz sülhə” və “Rusiyaya təslim olmağa” vadar etmək cəhdləri fonunda Avropanın müdafiəsinin gücləndirilməsi əsas mövzuya çevrilib. Avropa uzun illərdir görünməmiş miqyasda açıq təhlükə ilə üzləşir. Mövcud şəraitdə özünü qorumaq üçün qitə silahlanma yarışına girməli və bu yarışı qazanmalıdır.

Avropa İttifaqının 2028-ci ilə qədər müdafiə xərclərini 800 milyard avroya çatdırmaq planı, müdafiə sənayesi üçün maliyyənin artırılması təşəbbüsləri bu yolda ilk addımdır. Uzunmüddətli problem müstəqil Avropa hərbi sənayesinin yaradılmasıdır.

Tanklar, artilleriya, yüngül silahlar və sualtı qayıqlardan əlavə, demək olar ki, bütün Avropanın qabaqcıl hərbi texnologiyası Amerika təchizatını tələb edir. Əgər NATO ABŞ-dən ayrılmaq istəyirsə, bu baxımdan müstəqil olmalıdır. Bununla belə, ABŞ-nin NATO-dakı liderliyindən əl çəkdiyini düşünmək olmaz”.

Tunar
NOCOMMENT.az

Seçilən
34
nocomment.az

1Mənbələr