ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Cenevrədə keçirilən İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb. Danışıqlar, əsasən, İranın nüvə proqramının məhdudlaşdırılması kontekstində olub. Tərəflər danışıqlarda irəliləyiş əldə olunduğunu da bildiriblər. Bu isə proseslərin fərqli məcrada irəliləyəcəyini deməyə əsas verir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, ABŞ-İran danışıqları ilə əlaqədar açıq mənbələrdən əldə edilən məlumatların analizi onu deməyə əsas verir ki, rəsmi Tehran və Vaşinqton artıq substantiv danışıqlar aparırlar. Hər iki tərəf bu danışıqlara qarşıdakı mümkün eskalasiyadan qaçmaq yolu kimi baxır:

"Təsadüfi deyil ki, artıq İranın xarici işlər naziri də bəyan edib ki, Cenevrədə keçirilən danışıqların ikinci raundunda İranın nüvə proqramı ilə bağlı əsas istiqamətlər və baza şərtlərlə bağlı ilkin razılıq əldə olunub. Baza şərtlər və parametrlər deyəndə İranın nüvə proqramından dinc məqsədlər üçün necə istifadə edə biləcəyi nəzərdə tutulur. Bundan da vacib əsas şərt ondan ibarətdir ki, İranın nüvə proqramı nüvə silahının əldə edilməsinə xidmət etməməlidir. İran bununla əlaqədar məhdudiyyətləri qəbul etməlidir".
"Digər tərəfdən, dinc nüvə proqramının həcmi və əhatə dairəsi ilə bağlı şərtlər var. Eyni zamanda, baza şərtlərdən biri də İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatı və bu ehtiyat ölkədən çıxarılacağı təqdirdə onun müqabilində İrana hansı kompensasiyaların vəd oluna biləcəyidir. Bu, İranın nüvə proqramı ilə bağlı məsələlərdir. Əlbəttə ki, İranın nüvə proqramı ilə bağlı yekun razılığa gəlmək üçün çox böyük iş görmək lazım olacaq.
Güman etmək olar ki, ABŞ İranla ən azı bir komponent üzrə, yəni nüvə proqramı üzrə razılaşmaları may ayının sonuna qədər bitirməyə çalışır. Çünki iyun ayından etibarən Donald Trampın komandası payızda Konqresə keçiriləcək seçkiyə fokuslanacaq. Həmçinin seçkiyə hazırlıq ərəfəsində belə razılaşmanın əldə olunması Tramp komandasına çox böyük dəstək olar və İsrail lobbisinin də dəstəyini gücləndirərdi", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, danışıqların növbəti istiqaməti İranın raket proqramı ilə əlaqədardır. ABŞ İranın ballistik raket proqramının da məhdudlaşdırılması tələbini irəli sürür. Hələlik Tehran bu tələblərin müzakirə predmeti olmadığını deyir. Lakin güman etmək olar ki, bu da müzakirə mövzusu kimi masadadır. Ancaq hələlik bu məsələdə ABŞ ilə ilkin razılığın əldə olunması ilə bağlı hər hansı bir məlumat yoxdur. Ehtimal etmək olar ki, İran nüvə proqramında maksimum güzəştə gedəcək, hətta demək olar ki, nüvə proqramından imtinaya yaxın bir mövqe sərgiləyəcək. Lakin raket proqramında İran qismən güzəştə gedə bilər, amma bu tələblər asanlıqla qəbul olunmayacaq. Bu baxımdan, ABŞ ilkin mərhələdə nüvə proqramı ilə bağlı ciddi nəticələr əldə olunarsa, raket proqramı ilə bağlı da danışıqları davam etdirəcək".
"Eyni zamanda, İran üzərindən sanksiyaların götürülməsi məsələsi də danışıqlar predmetidir. ABŞ əvvəlki illərdən fərqli olaraq, yalnız İranın nüvə proqramında ciddi güzəştə getsə, həmçinin raket proqramı ilə bağlı hansısa qəti anlaşma olsa, mərhələ-mərhələ sanksiyaları götürə bilər. Proses bu şəkildə irəliləyir və paralel olaraq ABŞ İran ətrafında özünün hərbi potensialını daha da gücləndirir, Yaxın Şərqdə zərbə qüvvələri daha da artırılır, bu, İrana effektiv təsir vasitəsi kimi nəzərdən keçirilir. Tramp komandasının strategiyası belədir ki, İran anlamalıdır ki, Tehranın üçüncü seçimi yoxdur: ya danışıqlar yolu ilə razılıq əldə olunmalıdır, ya da hücuma məruz qalacaq. Bu hücum isə epizodik xarakter daşımayacaq, İranı uzun müddət hərbi təzyiq altında saxlayacaq. Hələlik ABŞ-nin strategiyası nəticələr verir, qarşıdakı bir ay bu prosesdə həlledici dövrdür. Bu müddətdə İranla nəticələr əldə edilməsə, ABŞ hərbi zərbələr endirməyi nəzərdən keçirə bilər", - müsahibimiz əlavə edib.
Mərahim Nəsib
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.