AZ

Rəşad Mahmudov məktəblilərlə görüşüb 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini və Elm Təhsil Komitəsinin üzvü, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov bugün məktəblilərlə görüş keçirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 23 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.  

Şagirdlərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə Rəşad Mahmudov məktəb illəri ilə bağlı xatirələrini bölüşüb, şagirdlərin şəxsiyyət kimi yetişməsində, onların həyat yolunun müəyyənləşməsində məktəbin, müəllimlərin mühüm rolundan danışıb, müəllim-şagird münasibətlərinin təhsil prosesinin keyfiyyətinə birbaşa təsirlərindən söz açıb. Bildirib ki, müəllimlə şagird arasında qurulan sağlam ünsiyyət yalnız akademik nailiyyətlərin deyil, həm də şagirdlərin mənəvi və psixoloji inkişafının əsas şərtlərindən biridir.

Məktəblilərin gələcək ixtisas seçiminə təsir edən amillərdən bəhs edən millət vəkili düzgün peşə seçiminin şəxsi maraq, bacarıq və cəmiyyətə faydalılıq prinsipləri əsasında müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, gənclərə məqsədyönlü olmağı, daim öz üzərlərində çalışmağı tövsiyə edib, gələcəklə bağlı düzgün qurulan xəyalların insanın hədəflərinin müəyyənləşməsində mühüm rol oynadığını nəzərə çatdırıb. 

R.Mahmudov şagirdlərə öz peşə fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

 Görüşdə kardiocərrahın həyata keçirdiyi ağır əməliyyatlardan biri ilə bağlı videoçarx da nümayiş etdirilib. O, əməliyyat prosesini izah edərək bir insanın həyatını xilas etməyin məsuliyyətindən danışıb, bu təqdimatla şagirdlərdə gələcək peşə seçiminə maraq oyatmağa çalışıb. 

“Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir. 

Qeyd edək ki, layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. 

Seçilən
43
2
sabahinfo.az

6Mənbələr