AZ

Qrip infeksiyasi riskini nə artırır? ARAŞDIRMA

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qüdsdə yerləşən Hebrew University of Jerusalem alimləri müəyyən ediblər ki, obstruktiv yuxu apnoesi olan uşaqlarda qrip və COVID-19-a yoluxma riski əhəmiyyətli dərəcədə yüksəkdir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Journal of Clinical Sleep Medicine jurnalında dərc olunub.

Apnoe tənəffüs hərəkətlərinin dayanması deməkdir. Yuxu apnoesi zamanı isə insan yatarkən nəfəs müvəqqəti olaraq dayanır. Bu epizodlar bir neçə saniyədən bir dəqiqəyə qədər davam edə və gecə ərzində onlarla, hətta yüzlərlə dəfə təkrarlana bilər.

Araşdırmalar göstərir ki, xroniki oksigen çatışmazlığı damarları zədələyir, ürəyə əlavə yük yaradır və nəticədə arterial hipertenziyaya səbəb ola bilər. Nəfəsin dayanması beyin və digər orqanların fəaliyyətinə də mənfi təsir göstərir.

Alimlər apnoenin immun sisteminə təsirini öyrənmək üçün beş il ərzində 2–18 yaş arası bir milyondan çox uşağın məlumatlarını təhlil ediblər. Məlum olub ki, yuxuda tənəffüs pozuntusu olmayan uşaqlarla müqayisədə apnoesi olan uşaqlar qripə demək olar ki, iki dəfə, COVID-19-a isə təxminən 2,5 dəfə daha çox yoluxublar. Onlarda virus infeksiyalarının ağırlaşması kimi pnevmoniya halları da daha tez-tez qeydə alınıb.

Tədqiqatçılar yüksək yoluxma riskini immun sisteminin fəaliyyətindəki pozuntularla əlaqələndirirlər. Yuxu apnoesi zamanı həm anadangəlmə, həm də qazanılmış immun mexanizmlər zəifləyə bilər ki, bu da orqanizmi viruslara qarşı daha həssas edir və xəstəliyin daha ağır keçməsinə səbəb olur.

Eyni zamanda müəyyən edilib ki, uşaqlarda apnoe zamanı tez-tez tətbiq olunan adenoid və badamcıqların götürülməsi əməliyyatı infeksiyalara yoluxma riskini azaltmır. Bu isə immun pozuntuların cərrahi müdaxilədən sonra da davam edə biləcəyini göstərir.

Mütəxəssislər yuxu apnoesini infeksion riskin göstəricisi kimi qiymətləndirməyi və belə uşaqlara mövsümi virus xəstəliklərinin profilaktikasında, o cümlədən qrip və COVID-19-a qarşı vaksinasiya məsələsində xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
1
redaktor.az

2Mənbələr