AZ

Terrorsuz Türkiyənin Yaradılması Prosesi Haqda Hesabat təqdim edildi -PARLAMENTDƏ TARİXİ GÜN

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyası “Terrordan uzaq Türkiyə” hədəfi çərçivəsində hazırladığı hesabatı tamamlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Terrordan uzaq Türkiyə” məqsədi ilə yaradılan Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyası 21-ci iclasını TBMM-nin Mərasim Salonunda keçirib. 

 

Komissiyanın sədri, TBMM başqanı Numan Kurtulmuş   hesabatın 7 əsas bölmədən ibarət olduğunu söyləyib. O qeyd edib ki, hesabatın birinci bölməsində komissiyanın fəaliyyəti və iş prosesi ətraflı təsvir olunur. İkinci bölmə komissiyanın əsas hədəflərinə həsr edilib. Üçüncü bölmədə türk–kürd qardaşlığının tarixi kökləri və bu münasibətlərin hüquqi çərçivəsi təhlil olunur. Dördüncü bölmədə komissiyada dinlənilən şəxslərin çıxışları əsasında formalaşan ümumi razılaşma məqamları yer alır. Beşinci bölmə PKK-nın özünü buraxması və silahı yerə qoyması prosesinə, altıncı bölmə bu proseslə bağlı hüquqi tənzimləmə təkliflərinə, yeddinci bölmə isə demokratikləşmə ilə bağlı tövsiyələrə həsr olunub. Hesabat yekun qiymətləndirmə ilə tamamlanır.

 

Komissiya sədrinin sözlərinə görə, əsas hesabatla yanaşı, indiyədək beş əlavə də hazırlanıb. Bu əlavələrə komissiya üzvlərinin siyahısı, komissiyanın iş qaydaları, siyasi partiyaların təqdim etdiyi hesabatların rəqəmsal nüsxələrinə keçidlər, ilk 20 iclasın xülasəsi, dinlənilən qurum və şəxslərin siyahısı daxildir. 21-ci iclasda siyasi partiyalar adından çıxış edən nümayəndələrin nitqləri də iclasın yekun protokoluna əlavə olunacaq.

 

Kurtulmuş vurğulayıb ki, Türkiyə terror problemi ilə bağlı tarixi bir mərhələdən keçir. Onun sözlərinə görə, uzun illər ölkənin resurslarını tükədən terror fəaliyyəti sosial bağları zəiflədib, siyasəti təhlükəsizlik refleksləri ilə məhdudlaşdırıb. Soyuq müharibədən sonra terror təşkilatlarının bölgədə parçalanma siyasətinin alətinə çevrildiyini deyən TBMM sədri bildirib ki, bu təhlükənin tam aradan qaldırılması və davamlı sülhün təmin edilməsi tarixi məsuliyyətdir.

 

“Türkiyənin cavabı daha çox qardaşlıq və daha çox bütünləşmədir”, – deyə Kurtulmuş qeyd edib. Onun fikrincə, türklərin, kürdlərin, ərəblərin və bölgədə yaşayan digər xalqların birlikdə formalaşdıracağı təbii ittifaq parçalanma ssenarilərini iflasa uğradacaq.

 

TBMM sədri əlavə edib ki, terror probleminin qalıcı həlli yalnız təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalı, siyasi legitimlik, ictimai qəbul və demokratik imkanlar eyni vaxtda gücləndirilməlidir. O bildirib ki, terrorun Türkiyənin gündəmindən çıxarılması hər kəs üçün tarixi məsuliyyətdir.

 

Kurtulmuşun sözlərinə görə, komissiyanın hazırladığı hesabat dövlətin hüquqi müəyyənlik prinsipini əsas götürən, ictimai vicdanın həssaslıqlarını nəzərə alan və azadlıq–təhlükəsizlik balansını qoruyan bir yanaşmanı əks etdirir. Hesabat həmçinin silahların yerə qoyulmasının təhlükəsiz şəkildə təsdiqlənməsi ilə paralel həyata keçiriləcək inzibati və hüquqi addımlar üçün yol xəritəsi rolunu oynayır.

 

TBMM sədri yekunda qeyd edib ki, “Terrordan uzaq Türkiyə” hədəfi daha geniş perspektivdə terrordan uzaq bir bölgə vizyonuna xidmət edir və daxili sabitliyi gücləndirən hər addım Türkiyənin regional və qlobal rolunu daha da möhkəmləndirir.

 



 

Seçilən
7
senzor.az

1Mənbələr