Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzillərdən son günlərdə daha 15-dək mənzil satılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında olan mənzillərlə ms.sosial.gov.az portal vasitəsilə tanış olmaq olar.
Satılan mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb, çıxarışlıdır və ipoteka krediti ilə də almağa uyğundur.
Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır.
Bir mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə iki şəxsin də həmin mənzili bron etmək imkanı var. Əgər ilk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.