Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Ukraynanın mümkün ərazi güzəştləri məsələsi ABŞ-da xüsusilə Donald Trampın siyasi xəttində açıq şəkildə müzakirə olunur”.
Gununsesi.info-bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
“Tramp və onun ətrafındakı əsas fiqurlar o cümlədən Stiv Vitkoff və Cared Kuşner Rusiya ilə razılaşmanın Moskvanın maraqları nəzərə alınmaqla əldə edilməsinin tərəfdarı kimi təqdim edilirlər. Bu yanaşma, ilk növbədə, müharibənin tezliklə dayandırılması və ABŞ-ın qlobal prioritetlərinin yenidən müəyyənləşdirilməsi kontekstində qiymətləndirilir.
Hazırkı mərhələdə ABŞ administrasiyasının əsas diqqət mərkəzlərindən biri Yaxın Şərqdir. İkinci Dünya müharibəsindən sonra regionda bu miqyasda hərbi qüvvə cəmləşdirilməsi nadir hallarda müşahidə olunub. Bölgəyə əlavə hərbi kontingent və ikinci aviadaşıyıcının yaxınlaşması Vaşinqtonun mümkün ssenarilərə hazırlaşdığını göstərir.
Bu baxımdan ehtimal olunur ki, İranla bağlı mümkün qarşıdurma kontekstində Rusiyanın neytral mövqedə qalması və Tehrana açıq hərbi dəstək verməməsi müqabilində Ukrayna məsələsində müəyyən güzəştlər müzakirə predmeti ola bilər. Son günlər Çin və Rusiya tərəfindən İrana hərbi yüklərin daşınması ilə bağlı məlumatların artması isə ABŞ-da əlavə narahatlıq doğurur. Vaşinqton üçün əsas suallardan biri budur: mümkün eskalasiya halında Moskva İrana hansı həddə qədər dəstək verəcək?
Bütün bu amillər böyük güclər arasında aparılan danışıqların predmetinə çevrilə bilər. Eyni zamanda, danışıqların özü də zaman qazanmaq vasitəsi kimi istifadə olunur. ABŞ üçün bu, hərbi hazırlıqları tamamlamaq və İranla bağlı yekun strategiyanı müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Rusiya–Ukrayna müstəvisində isə vəziyyət fərqlidir. Qış aylarında sərt hava şəraiti genişmiqyaslı piyada hücumlarını çətinləşdirir. Bu səbəbdən Rusiya daha çox Ukraynanın enerji infrastrukturunu hədəfə almaq taktikasına üstünlük verir. Məqsəd, ehtimal ki, yaz aylarına doğru yeni və daha intensiv hərbi mərhələyə keçmək üçün zəmin formalaşdırmaqdır. Rusiya tərəfinin strateji hesablamalarında bu variantın nəzərdən keçirildiyi istisna edilmir”.
Banu
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.