Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Burada əsas problem xəritə və hüquqi baza məsələsidir. SSRİ dövrünə aid müxtəlif xəritələrdən istifadə olunub. Bəzən xəritələr arasında fərqlər yaranır və bu da müəyyən mübahisələrə səbəb olur.
Bundan əlavə, tərəflər uzun müddət müharibə şəraitində olublar. Müharibə bitib, indi sülh mərhələsinə keçmişik, amma hələ də müəyyən narahatlıqlar və texniki proses adlandıra biləcəyimiz məsələlər qalmaqdadır. Bu da ümumi gedişatı ləngidir. Digər tərəfdən, Qazax, Naxçıvan ərazisində müxtəlif anklavlar və eksklavlar mövcuddur. Bu məsələlərin necə həll olunacağı təbii ki, mübahisə predmetidir və prosesi bir qədər ləngidir.
Təhlükəsizlik məsələsi xüsusilə önəmlidir. Çünki sərhəd xətti kəndlərə çox yaxın ərazilərdən keçir və mülki əhalinin təhlükəsizliyi məsələsi gündəmdədir. Həmçinin əkin sahələri, yollar kimi müəyyən sahələr var ki, onların bir qismi bu tərəfdə, bir qismi isə qarşı tərəfdə qalır. Bu da əlavə çətinliklər və mübahisəli məqamlar yaradır. Minalanmış ərazilər də mövcuddur ki, bu da təhlükəsizlik məsələsinə ciddi təsir göstərir. Patrul mexanizminin formalaşması üçün müəyyən zaman tələb olunur. Siyasi etimad artmalıdır, sərhəd xətləri dəqiq müəyyənləşdirilməlidir. Bunlar olduqca önəmli məsələlərdir. Ümumi mənzərəyə baxdıqda artıq Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi, iclasların keçirilməsi, azərbaycanlı nümayəndələrin Ermənistana səfər etməsi və görüşlərin baş tutması onu göstərir ki, proses davam edir. Yəni uzansa da, proses dayanmayıb, müəyyən nəticələr var. Ümid edirəm ki, bu görüşlər daha faydalı məqamlarla və real nəticələrlə yekunlaşacaq və biz planlaşdırılan hədəflərə tezliklə nail ola biləcəyik".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31