AZ

Ramazanda sağlam qidalanma - Mütəxəssisdən tövsiyələr

Ramazan ayı həm mənəvi saflaşma, həm də orqanizmin yenilənməsi üçün xüsusi bir fürsətdir. Bu dövrdə düzgün və balanslı qidalanma yalnız orucun faydasını artırmır, eyni zamanda gün ərzində enerjinin qorunmasına, həzm sisteminin yüklənməməsinə və ümumi sağlamlığın möhkəmlənməsinə kömək edir. Planlı qida və su qəbulu sayəsində müqəddəs ayı daha rahat, sağlam və səmərəli şəkildə keçirmək mümkündür.

Oruc tutarkən diqqət etməli olduğumuz məqamlar haqqında "Refresh Group"un icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov Missiya.Az-a danışıb.

"Qarşıdan gələn Ramazan günləri insanlara həm təqvalarını artırmaq, həm də periodik qidalanmanın orqanizmə verdiyi faydalardan istifadə etmək imkanı yaradır. Belə bir qidalanma orqanizmin balanslaşmasına, həzm sisteminə düşən yükün azalmasına və ümumi sağlamlığın qorunmasına kömək edir. Əslində, periodik qidalanmanın faydaları dietoloji proqramlarda da öz əksini tapır. Lakin bu dövrdə qida təhlükəsizliyi və rasionun keyfiyyəti ilə bağlı bir sıra vacib məqamlar nəzərə alınmalıdır",-qida eksperti bildirib.

Seymur Qafarovun sözlərinə görə, sahur zamanı həddindən artıq yeməkdən çəkinmək vacibdir, çünki mədə-bağırsaqda narahatlıq və köp yarana bilər. Sahurda bol sulu tərəvəzlər və maye içkilər qəbul etmək orqanizmin su tələbatını qarşılamağa kömək edir. İftarda isə yeməyə birbaşa tam yüklü şəkildə başlamaq əvəzinə, ilk öncə şorba ilə orqanizmi hazırlamaq, sonra isə ana yeməklərə keçmək məsləhətlidir.

"Ana yeməklərdə qırmızı ət və həftə ərzində balıq əti istifadə etmək tövsiyə olunur. Eyni zamanda, tərəvəz və dənli bitkilər yönümlü qarnirlər yeməyin balansını təmin edir. Karbohidrat yönümlü qidaların, xüsusilə düyünün həddindən artıq qəbul edilməsi şişkinlik və ağırlıq yarada bilər, buna görə miqdarına diqqət edilməlidir. Yeməkdən sonra isə miqdarı məhdud olmaqla və aralıqla desert və meyvə qəbul edilə bilər. Həmçinin, yemək zamanı birbaşa çoxlu su içmək əvəzinə, iftara az miqdarda su ilə başlamaq və daha sonra bol su içmək tövsiyə olunur ki, mədədə ağırlıq yaranmasın. Qida təhlükəsizliyinə də xüsusi diqqət yetirmək lazımdır. Qarışıq tərkibli qidaların çox miqdarda qəbul edilməsi həzm sistemində narahatlıq yarada və hətta zəhərlənmə, diareya, qusma kimi hallara səbəb ola bilər. Hazır qida məhsullarını hazırlamaq üçün istifadə olunan inqrediyentlərin etiket məlumatlarını diqqətlə oxumaq, məhsulları düzgün temperaturda saxlamaq və xüsusilə risk qrupuna aid ət məhsullarının son istifadə tarixinə diqqət yetirmək vacibdir.

Beləliklə, Ramazan ayını sağlam və rahat keçirmək üçün həm qidalanmaya, həm də qida təhlükəsizliyinə diqqət göstərmək orqanizmin balansını qorumağa və oruc dövrünü daha faydalı keçirməyə imkan verəcəkdir",-Seymur Qafarov əlavə edib. İlahə Qənbərli

Missiya.Az

Seçilən
36
missiya.az

1Mənbələr