AZ

“Bu, sadəcə hərbi qələbə deyil, milli kimliyimizin bərpasıdır” - Nigar Arpadarai

“Azərbaycanın qazandığı uğurları görməmək mümkün deyil. İstər beynəlxalq platformalarda, istərsə də xarici səfərlər zamanı ölkəmiz hörmət və nüfuzla qarşılanır. Bu, təsadüfi deyil – bu, illərlə aparılan ardıcıl və prinsipial siyasətin nəticəsidir”. SİA xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Milli Məclisin üzvü Nigar Arpadarai səsləndirib.

Millət vəkili bildirib ki, son 30 il tarix baxımından uzun dövr sayılmasa da, xalqımız bu müddət ərzində həm ağır sınaqlardan keçib, həm də möhtəşəm Qələbəyə imza atıb: “Biz işğal gördük, soydaşlarımızın doğma yurdlarından didərgin salındığını gördük, ədalətsizliklə üzləşdik. Amma eyni zamanda milli iradəmizin, birliyimizin və dövlətçiliyimizin gücünü sübut etdik”.

Nigar Arpadarai vurğulayıb ki, bu gün azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, məcburi köçkünlər doğma yurdlarına qayıdırlar: “Şuşaya, Laçına gedə bilirik. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin və xalq–ordu birliyinin nəticəsidir. Bu, sadəcə hərbi qələbə deyil, milli qürurun və kimliyimizin bərpasıdır”.

Deputat qeyd edib ki, ən böyük qazanc xalqın öz gücünə inamının artması və milli birliyin daha da möhkəmlənməsidir: “Bu gün qalib xalq kimi yaşayırıq və bu qalibiyyət bizə gələcək üçün böyük məsuliyyət də yükləyir”.

O, xüsusilə gənclərə müraciət edərək bildirib ki, keçilən çətin yol unudulmamalıdır: “Biz daha hazırlıqlı, daha bilikli və daha güclü olmalıyıq. Dövlətimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha qüdrətli Azərbaycan ötürmək hər birimizin borcudur”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
25
1
sia.az

2Mənbələr