AZ

''Qalatasaray''dan tarixi qələbə - ''Yuve'' ÇL-də belə rüsvay olmamışdı

Çempionlar Liqasının pley-offunda böyük maraqla gözlənilən matçda ''Qalatasaray'' ''Yuventus''u qəbul etdi. Çox maraqlı və məhsuldar alınan oyun ümidləri artıqlaması ilə doğrultdu.

"Football-plus.az" xəbər verir ki, Türkiyə çempionu Qabriel Saranın erkən qolu ilə hesabı açsa da, ''Yuve'' şokdan çox tez ayrılaraq Tin Koopmaynersin dublu sayəsində hələ fasiləyə qədər hesabda önə keçdi. Ancaq ''Cim-Bom'' fasilədən sonra əzəmətli rəqibini meydandan silib süpürdü.

Yeni transfer Noa Lanq və mərkəz müdafiəçisi Davinson Sançesin qolları ilə komanda hələ bir saatın tamamında yenidən hesabda önə keçdi. Bu azmış kimi fasilədə meydana çıxan Xuan Kabal da iki sarı vərəqə almaqla qonaqları 67-ci dəqiqədən etibarən azlıqda qoydu. Qalan müddətdə Lanq dublunu rəsmiləşdirərək ''Qalatasaray'' tarixində ÇL-də debüt oyununda bunu bacaran ilk futbolçu oldu. Yekun nəticəni isə ''Bavariya''da ümidləri doğrultmayaraq geri dönən Saşa Boe müəyyənləşdirdi. ''Qalatasaray'' yekunda 5:2 hesablı tarixi və unudulmaz bir qələbə qazandı.

''Sarı-qırmızılar''ın 1963-dən bu yana evdə İtaliya klublarına məğlub olmamaq seriyası davam etdi. Bu seriya artıq 12 oyuna yüksəldi (8 qələbə, 4 heç-heçə). Ən heyrət doğuran məqam odu ki, turnir ÇL adı ilə keçirilməyə başlandığı 1992-ci ildən bu yana ''Yuventus'' burda ilk dəfə bir oyuna 5 top buraxdı!

Turin nəhəngi sonuncu dəfə belə aqibətlə uzaq 1958-ci ildə üzləşmişdi. O vaxt Çemoionlar Kubokunda ''Yuve'' Avstriya təmsilçisi ''Viner''ə 0:7 uduzmuşdu. ''Qoca Sinyora'' 1990-cı illərin sonlarından başlayan bu rəqabətdə ''Qalatasaray''a qarşı səfərdə keçirdiyi 4-cü oyunda da qələbəyə həsrət qaldı (1 heç-heçə, 3 məğlubiyyət).

Maraq üçün bildirək ki, ''Yuve'' ÇL-də sonuncu dəfə 2022-nin martında ''Vilyarreal'' ilə oyunda (0:3) darmadağına məruz qalmışdı. ''Qalatasaray''ın ÇL-də bir matçda 5 qol vuran ilk Türkiyə təmsilçisi kimi tarixə düşdüyünü də qeyd edək.

Seçilən
27
1
football-plus.az

2Mənbələr