AZ

MN-in Mərkəzi Tibbi Arxivinin sabiq rəisi: "Dünyanı alt-üst edən sensasiyalı ifadə verəcəm”

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində tanınan Müdafiə Nazirliyinin nümayəndəsinin dəyişdirildiyi məlum olub.
 
Hakim elan edib ki, nazirliyin yeni nümayəndəsi Musa Fərzəliyevdir. Bundan əvvəl isə məhkəmədə nazirliyi Təbriz Akvayev təmsil edirdi.
 
Tərəflər nümayəndənin dəyişdirilməsinə etiraz etməsələr də, təqsirləndirilən Ruhin Tağıyev vəsatətlə çıxış edib. O bildirib ki, nazirliyini bundan əvvəlki nümayəndəsi Təbriz Akvayev bütün araşdırmalarda iştirak edib: "Təbriz müəllim işin hallarını yaxşı bilir. Buna görə də nümayəndənin dəyişdirilməsinə etiraz edirəm. Təbriz müəllimin gələcəkdə işə dəvət olunmasını istəyirəm".
 
Prosesə sədrlik edən hakim isə diqqətə çatdırıb ki, məhkəməyə hansı nümayəndəni göndərmək Müdafiə Nazirliyinin öz hüququdur, amma əvvəlki nümayəndənin məhkəməyə dəvət olunması barədə vəsatət verilərsə, məsələyə baxıla bilər.
 
Daha sonra təqsirləndirilən şəxsin vəkili Orxan Hacıyev vəsatət verib. O, müvəkkili ilə bağlı bəzi sənədlərin alınması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib. Vəsatətdən məlum olub ki, sənədlər təqsirləndirilən şəxsin təltif olunması, işdən çıxarılması barədə əmrlər, həmçinin digər qərarlardır.
 
Dövlət ittihamçısı Rauf Çalışıb nəzərə çatdırıb ki, cinayət işinin materiallarında deyilən sənədlər mövcuddur, amma sənədlərin tədqiqi mərhələsində vəsatətdə göstərilən hallara yenidən baxıla bilər. Hakimlər heyəti vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıblar.
 
Daha sonra Ruhin Tağıyev ailə üzvlərindən birinə etibarnamə vermək istədiyini söyləyib. Deyib ki, buna görə natariusun təcridxanaya buraxılmasına məhkəmə razılıq verməlidir.
 
Təsirləndirilən şəxsin ərizəsi təmin edilib, qərara alınıb ki, təcridxananın rəhbərliyinə razılıq məktubu göndərilsin.
 
Daha sonra məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib, dövlət ittihamçısı ittiham aktını elan edib.
 
İttihamdan məlum olub ki, təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası zamanı bəzi hərbi qulluqçuların 2-ci Qarabağ müharibəsi zamanı xəsarət almaları ilə bağlı sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və onlara əlillik dərəcəsi təyin olunması üçün arayış verib. O, Kənan Cabbarovdan 6 min, Sərvər Eyvzaovdan 6 min, Tural İbrahimovdan 3 min, Ədalət Seyidovdan 7 min, Zeynalabdin Məmmədov 5 min manatı rüşvət qismində alıb.
 
Bundan əlavə o, Hərbi Tibb Məntəqəsində işləyən Nərgiz Hümbətovaya iş müqaviləsinin uzadılması barədə vəd verib və bu işin görülməsi üçün ondan 1500 manat alıb.
 
Ruhin Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Əlavə edib ki, məhkəmədə ifadə verən zaman günahsız olmasını sübuta yetirəcək, bununla bağlı məhkəməyə sənədlər təqdim edəcək.
 
Ruhin Tağıyev mətbuat nümayəndələrinin məhkəmə iclaslarına qatılmasına etiraz edib. Deyib ki, ifadə verən zaman sensasiyalı açıqlamaları olacaq: “Həmin ifadələrin mətbuatda yazılmasını istəmirəm. Həmin açıqlamalar nəinki Azərbaycanı, bütün dünyanı alt-üst edəcək”.
 
Ruhin Tağıyevin vəkilləri Aydın Hacıyev və Orxan Hacıyev də jurnalistlərin məhkəmə iclasına buraxılmasına etiraz ediblər.
 
Hakim isə deyib ki, məhkəmə iclasları iki formada - ya qapalı, ya da açıq keçirilir: "Açıq məhkəmə iclasından mətbuat nümayəndələrini hansı qanunla çıxarılmasını təmin edək? Siz bunu bizə izah edin, məhkəmə də buna uyğun qərar qəbul etsin”.
 
Vəkil məhkəmənin qapalı keçirilməsinə qarşı çıxıb, sadəcə mətbuat nümayəndələrinin zala buraxılmamasını xahiş edib. Hakim isə belə bir halın qanunvericilikdə mövcud olmadığını deyib.
 
Bundan sonra təqsirləndirilən şəxs yenidən məhkəmənin qapalı keçirilməsini istəyib. Hakim müdafiə tərəfinin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslə müdafəçilərinin fikirlərində ziddiyyət var. Hakim onlara vahid mövqeyə gəlmək üçün məsləhətləşmə aparmalarını təklif edib.
 
Müdafiəçilər qısa məsləhətləşmədən sonra bəzi sirlərin yayılmaması üçün prosesin qapalı keçirilməsini istəyiblər.
 
Dövlət ittihamçısı da prosesin qapalı keçirilməsinə etiraz etməyib. Bildirib ki, təqsirləndirilən şəxs dünyanı alt-üst edəcək sensasiyalı fikirlər səsləndirəcəyini qeyd edib və bu məsələnin mətbuta sızmaması üçün məhkəmə iclasları qapalı keçirilə bilər.
 
Daha sonra hakimlər heyəti məhkəmə iclaslarının qapalı keçirilməsi barədə qərar qəbul ediblər.
 
Növbəti proses fevralın 24-də davam edəcək.
 
Qeyd edək ki, Ruhin Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
 
İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Seçilən
32
11
moderator.az

10Mənbələr