AZ

MN-in Tibbi Sənədlər Arxivinin sabiq rəisi rüşvətlə saxta əlillik üçün arayış verməkdə ittiham olunur

Müdafiə Nazirliyi (MN) Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, Ruhin Tağıyev xidməti vəzifəsinin icrası zamanı bəzi hərbi qulluqçuların İkinci Qarabağ müharibəsi zamanı xəsarət almaları ilə bağlı sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və onlara əlillik dərəcəsinin verilməsi üçün arayış verib.

İttihama görə, o, bu arayışların verilməsi üçün Kənan Cabbarovdan 6, Sərvər Eyvzaovdan 6, Tural İbrahimovdan 3, Ədalət Seyidovdan 7 və Zeynalabdin Məmmədovdan 5 000 manat rüşvət qismində pul alıb.

Bundan əlavə, o, Hərbi Tibb Məntəqəsində işləyən Nərgiz Hümbətovaya iş müqaviləsinin uzadılması barədə vəd verib və bu işin görülməsi üçün ondan 1 500 manat almaqda ittiham olunub.

Ruhin Tağıyev ittihama münasibət bildirərək özünü təqsirli bilməyib.

O bildirib ki, məhkəmədə ifadə verən zaman günahsız olmasını sübut edəcək, bununla bağlı sənədlər təqdim edəcək.

Prosesdə Ruhin Tağıyev mətbuat nümayəndələrinin məhkəmə iclaslarında iştirakına etiraz edib. Təqsirləndirilən şəxsin vəkilləri də onunla razılaşıb.

Prosesə sədrlik edən hakim isə deyib ki, məhkəmə iclasları ya qapalı, ya da açıq formada olur:

"Açıq məhkəmə iclasından mətbuat nümayəndələrini hansı qanunla çıxarılmasını təmin edək?"

Təqsirləndirilən şəxsin vəkili əvvəlcə məhkəmənin açıq keçirilməsini, amma mətbuat nümayəndələrinin zala buraxılmamasını istəyib.

Hakim isə belə bir halın qanunvericilikdə mövcud olmadığını deyib.

Bundan sonra təqsirləndirilən şəxs məhkəmənin qapalı keçirilməsini istəyib.

Hakim isə müdafiə tərəfinin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslə müdafəçilərinin fikirlərində ziddiyyət var.

Sonda təqsirləndirilən şəxs vəkilləri ilə prosesin qapalı keçirilməsi barədə razılığa gəliblər.

Hakim heyəti də prosesin qapalı keçirilməsinə qərar verib.

Məhkəmənin növbəti iclasın fevralın 24-nə təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin barəsində Müdafiə Nazirliyindən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

İstintaq materiallarında qeyd olunub ki, Ruhin Tağıyev 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət edən hərbi qulluqçuların adlarını ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edib.

Bununla o, hərbi qulluqçuların xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pulu rüşvət qismində almaqda, habelə hərbi qulluqçuların şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alverində təqsirli bilinib.

Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda qeyd olunub ki, oxşar xarakterli əməllərin törədilməsində iştirak edən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılıb.

Seçilən
43
9
olke.az

10Mənbələr