AZ

İrəvan “binokl diplomatiyası”na qayıdır: Paşinyandan sülhü pozacaq həmlə

Satu Koyvu Ermənistandakı Avropa İttifaqı mülki monitorinq missiyasının yeni rəhbəri təyin edilib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə fevralın 17-də Avropa İttifaqı Şurası qərar qəbul edib.

Fevralın 20-dən fəaliyyətinin icrasına başlayacaq xanım Koyvu Markus Ritteri əvəz edəcək. Satu Koyvu milli və beynəlxalq səviyyədə 35 ildən çox təcrübəsi olan yüksək rütbəli Finlandiya polis məmurudur.

O, BMT-nin və Avropa İttifaqının Fələstin ərazilərində, Ruandada, Namibiyada, Kiprdəki missiyalarında yüksək vəzifələr tutaraq geniş beynəlxalq təcrübə qazanıb.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının səlahiyyət müddəti 2027-ci il fevralın 19-da başa çatır.

Lakin rəsmi İrəvan Avropa müşahidəçilərinin mandatının uzadılmasında maraqlıdır. Ermənistan Təhlükəsilik Şurasının katibi Armen Qriqoryan fevralın 13-də verdiyi açıqlamada Avropa İttifaqının mülki missiyasının qalmaqda davam etməsini istədiklərini deyib.

Azərbaycan tərəfi isə Ermənistandan müşahidə missiyasını ölkədən çıxartmağı tələb edir və “binokl diplomatiyası”nın sülh prosesinə mane olduğunu bildirir. 

Xatırladaq ki, rəsmi İrəvan sülh sazişi imzalandıqdan sonra monitorinq missiyasının fəaliyyətinə xitam veriləcəyini vəd edir. Hətta Baş nazir Nikol Paşinyan ötən il bu barədə verdiyi açıqlamada Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasına dair saziş imzalanana qədər Avropa İttifaqının mülki missiyasının fəaliyyətində mahiyyətcə heç bir dəyişiklik baş verməyəcəyini deyib.

Baş nazir qeyd edib ki, Avropa İttifaqının müşahidə missiyası hazırkı mandat çərçivəsində fəaliyyətini davam etdirəcək:

“Avropa İttifaqı monitorinq qrupunun fəaliyyətində, ən azı, sülh sazişinin imzalanmasına və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasına qədər heç bir ciddi dəyişiklik gözlənilmir.

Saziş imzalandıqdan və ratifikasiya edildikdən sonra, əlbəttə, onun fəaliyyət formatında müəyyən dəyişikliklər ola bilər və olacaq da. Bu mövzuda Avropa İttifaqı ilə tərəfdaşlıq müzakirələri aparmışıq”.

Artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Yekun sənədin imzalanmasına mane olan yeganə səbəb Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması ilə bağlıdır.

Mart ayında Ermənistan Konstitusiyasının yeni mətni dərc ediləcək və payız aylarına qədər referendumun keçiriləcəyi gözlənilir. Paşinyan hökuməti preambula hissəsini Konstitusiyadan çıxarmağa razılıq verərsə, bu il Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanacaq.

Yəni müşahidfə missiyasının mandatı başa çatana qədər sülh sazişi imzalanıb ratifikasiya oluna bilər. Ancaq Armen Qriqoryanın açıqlaması Ermənistan rəhbərliyinin müşahidə missiyasını müqavilənin ratifikasiyasından sonrakı mərhələdə də Azərbaycanla sərhəddə saxlamaq niyyətindən xəbər verir.

Halbuki sülh müqaviləsinin imzalanmasından sonra Avropa İttifaqının müşahidə missiyasına ehtiyac qalmır. Bölgədə sülhün və sabitliyin formalaşdığı bir vaxtda dünyanın müxtəlif münaqişəli bölgələrində faliyyət göstərmiş polis zabitini Ermənistan-Azərbaycan şərti sərhədinə göndərmək dolayısı ilə ərazidə eskalasiya axtarmaq cəhdidir.

Satu Koyvunun təyinatı rotasiya qaydasında verilmiş qərar olsa da, missiyanın sülh dövründə regionda qalması yeni status-kvonun formalaşmasını pozan prosesdir. 

Avropa müşahidəçilərinin saxlanılması Ermənistanın  digər geosiyasi maraqları ilə də bağlı ola bilər. Belə ki, Nikol Paşinyan hakimiyyəti Avropa İttifaqı missiyasına Rusiyanın Ermənistandakı hərbi bazalarına qarşı güc balansı kimi baxır.

Lakin bu, Azərbaycanla sülh prosesinə, eləcə də sərhədlərin delimitasiyasına və demarkasiysına mane olmamalıdır. Digər ehtimallara görə, Ermənistan “Tramp marşrutu”nun təhlükəsizliyini avropalılara həvalə etmək istəyir.

Bu isə Azərbaycandan-Azərbaycana təhlükəsiz keçidin təmin edilməsində mühüm rol oyanaya bilər. Dəhlizdən istifadə edən Azərbaycan vətəndaşlarının Ermənistan hərbçiləri ilə birbaşa təmasda olmaması üçün əraziyə nəzarət Avropa İttifaqının müşahidə missiyasınln mandatına daxil edilərsə, bu rəsmi Bakının da maraqlarına cavab vermiş olar. 

Seçilən
98
1
cebheinfo.az

2Mənbələr