AZ

Azərbaycanda ötən il sürətli poçt rabitəsi xidməti üzrə 38 lisenziya ləğv edilib

Azərbaycanda ötən il sürətli poçt rabitəsi xidməti üzrə 294 ədəd lisenziya (o cümlədən lisenziya əlavəsi) verilib, 38 lisenziya (lisenziya əlavəsi) isə ləğv edilib.

"Far.Az" xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2025-ci ildəki fəaliyyətinə dair hesabatda öz əksini tapıb.

Sənədə əsasən, qeyd olunan xidmət növü üzrə ümumi lisenziyaların sayı 1 122-yə çatıb. İKTA sürətli poçt xidməti üzrə lisenziya (lisenziya əlavəsi) əldə edilməsi üçün edilmiş müraciətlərə rəy bildirilməsi məqsədilə 269 obyektə baxış keçirib və 265-i müsbət, 4-ü isə mənfi olmaqla müvafiq rəy verib.

Agentlik Azərbaycanda poçt rabitəsi operatorlarının sayının son 5 ildə (2020-2025-ci illər) 2,3 dəfə artaraq 285-ə çatdığını bildirir.

İKTA Azərbaycanın poçt sektorunun 2025-ci ildə 32 % böyüdüyünü qeyd edərək, bu inkişafın əsas səbəbi kimi elektron alış-verişə marağın artmasını göstərir.

Seçilən
85
far.az

1Mənbələr