Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə olunmuş “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcək. Bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Maraqlıdır, yeni yaradılan bu ixtisas hansı universitetlərdə tədris olunacaq? Bu sahəyə abituriyentlərin marağı necə olacaq? Qəbul ballarının neçə olacağı gözlənilir?
Turkustan.az xəbər verir ki,bunu AzEdu.az-a mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
O qeyd edib ki, bu ixtisasa maraq kifayət qədər yüksək olacaq:
“2026-2027-ci tədris ilindən başlayaraq təsnifata əlavə edilmiş Proqram təminatı mühəndisliyi ixtisası ən müasir istiqamətlərdən biridir və bakalavr səviyyəsində növbəti tədris ilindən yeni təsnifat əsasında məhz bu ixtisas üzrə qəbul həyata keçiriləcək.
İlk növbədə, bu ixtisas üzrə tədrisin hansı universitetlərdə aparılacağı və qəbul planına daxil edilməsi məsələsi maraq doğurur. Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, eləcə də Azərbaycan Dövlət İqtisad Universiteti bu ixtisas üzrə kadr hazırlığını həyata keçirə bilərlər.
Lakin konkret olaraq hansı universitetlərdə qəbulun aparılacağını rəsmi açıqlamadan sonra demək mümkün olacaq. Bununla belə, qeyd etdiyim ali təhsil müəssisələri ölkənin güclü texnoloji bazaya malik universitetləri olduğundan, bu ixtisas üzrə tədrisin təşkili real görünür.
Maraq məsələsinə gəldikdə isə, düşünürəm ki, bu ixtisasa maraq kifayət qədər yüksək olacaq. Bunun bir neçə səbəbi var. Dünyada və Azərbaycanda ən çox tələb olunan və yüksək maaşlı sahələrdən biri məhz proqram təminatı mühəndisliyidir. Abituriyentlər ixtisas seçimi zamanı əmək bazarında özünü reallaşdırmaq imkanlarını nəzərə alırlar və bu sahə həmin baxımdan olduqca cəlbedicidir”.
Yeni ixtisas olduğuna görə ilk illərdə keçid ballarının yüksək ola bilər:
“Bu ixtisas kompüter mühəndisliyinə yaxın olsa da, müəyyən fərqləri var. Proqram təminatı mühəndisliyi birbaşa proqram təminatının hazırlanması mexanizmlərinə - kodlaşdırma, arxitektura quruculuğu, testləşdirmə və s. fokuslanır. Bu isə birbaşa iş imkanları deməkdir.
Qəbul ballarına gəldikdə isə hesab edirəm ki, yeni ixtisas olduğuna görə ilkin illərdə keçid balları yüksək ola bilər. Bu ixtisas I qrup üzrə tədris olunacaq. Nüfuzlu universitetlərdə keçid balının 600-dən yuxarı olacağını ehtimal edirəm. Dövlət universitetlərində isə 500-dən yuxarı olacağı qənaətindəyəm. Təbii ki, bu, sadəcə proqnozdur. Bu ixtisas həm də kompüter elmləri və informasiya təhlükəsizliyi ixtisasları ilə rəqabət aparacaq. Buna yaxın ixtisas üzrə Azərbaycan-Türkiyə Universitetində də qəbul həyata keçirilir.
Ümumilikdə, dünyada bu ixtisasa maraq yalnız yerli deyil, beynəlxalq əmək bazarı baxımından da yüksəkdir. Rəqəmsallaşma və informasiya texnologiyaları ilə bağlı ixtisaslar sürətlə inkişaf edən, yüksək əməkhaqqı vəd edən sahələrdir. Bu baxımdan rəqabətin güclü olacağı gözləniləndir və gənclərin bu sahəyə marağı kifayət qədər yüksəkdir. Plan yerləri də, əlbəttə, mühüm rol oynayacaq. Ümumilikdə hesab edirəm ki, bu, perspektivli, tövsiyə oluna bilən və yüksək gəlir vəd edən bir ixtisasdır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.