AZ

“ANALOQSUZ” MƏMUR STOLU... Komitə sədri vətəndaşla niyə uzun məsafə saxlayır? + FOTO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycanda məmurların birbaşa vəzifələrinin icrası səviyyəsilə yanaşı, şəxsi səviyyəsi, etikası, əhali ilə davranışı, cəmiyyətdə özünü aparması və s. daim müzakirə və tənqid mövzusu olub. Bu baxımdan nazirlərdən, komitə sədrlərindən, icra başçılarından və digər iri məmurlardan narazılıqlar kifayət qədər çoxdur…

“AzPolitika” xəbər verir ki, Elşad Miri öz sosial şəbəkə səhifəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Sumqayıta səfəri ilə bağlı maraqlı paylaşım edib.

Paylaşıma Ramin Məmmədovun Sumqayıtda vətəndaşlarla görüşünü əks etdirən fotolar əlavə olunub. Fotolardan görünür ki, “vətəndaş qəbulu” adı altında keçirilən formal tədbirdə olduqca az sayda adam iştirak edir və onlar böyük bir masanın arxasında komitə sərindən az qala 10 metr məsafədə əyləşdirilir.

E.Mirinin həmin paylaşımında deyilir: “Nəyə və ya kimə lazımdır? Təsəvvür edin, Dini Komitənin sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edir. Sumqayıtla yanaşı Abşeron və Xızı rayonlarından olanlar da gəlir. Şəkillərə baxırsan ki, bir neçə nəfər qəbul edilib. Vətəndaşlarla araya qoyulan məsafədən bəhs etmirəm. Heç Prezident bu cür məsafə qoymadığı halda bunlar özlərini kimə oxşadırlar, anlamıram.

Sonra da qalxıb gedirlər Sumqayıt şəhərindəki “Cümə” məscidini ziyarət etməyə. Baxırsan ki, bu dəfə də qəbuldakı adam(lar) bunları qarşılayıblar. Bu qədər bəs deyil?”.

Əlavə edək ki, qeyd olunanlarla razılaşmamaq mümkün deyil. Doğrudan da, əksər iri məmurlar “vətəndaş qəbulu” adı altında ölkə rəhbərliyi qarşısında guya “iş görüntüsü” yaratmaqla məşğuldurlar. Bu “qəbullar” əksər hallarda formal xarakter daşıyır, onlarda əvvəlcədən hazırlanmış adamlar iştirak edir, problemlərinsə əksəriyyəti həll olunmamış qalır. Əvəzində, bu qurumlar öz sosial şəbəkə səhifələrində həmin görüşlərdən “palaz-palaz” fotolar və mətnlər paylaşaraq, guya vətəndaşla yaxından, gərgin işlədiklərinə dair saxta görüntü yaradırlar.

Azərbaycan məmurunun vətəndaşından hansı məsafədə olduğunu isə Dini Komitə sədri Ramin Məmmədovun Sumqayıtdakı qəbul stolunun uzunluğu simvolik olaraq göstərir. Əslində, hələ komitə sədri “toya getməlidir”. İri məmurlarla ölkə vətəndaşı arasında məsafə və fərq həmin stoldakından da min dəfələrlə, milyon dəfələrlə çoxdur.

“Bu məmurlar özlərini kimə oxşadırlar” sualı da maraqlıdır. Xatırladaq ki, buna bənzər stolda və məsafədə 2022-ci ildə Vladimir Putin Emmanuel Makronu oturtmuşdu. Həmin vaxt Putin həm COVİD-ə yoluxmaqdan qorxduğunu, həm də Makrondan zəhləsi getdiyini göstərmişdi. Bəs, R. Məmmədovun timsalında Azərbaycan məmuru nədən qorxur və onun kimdən zəhləsi gedir?...

C.Məmmədli

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr