AZ

MİCA-nın direktoru: Özbəkistan-Azərbaycan münasibətləri öz inkişafının misilsiz mərhələsini yaşayır

Bakı, 18 fevral, AZƏRTAC

Özbəkistan-Azərbaycan münasibətləri öz inkişafının misilsiz mərhələsini yaşayır. Son illərdə ali səviyyədə qarşılıqlı səfərlər həyata keçirilib, ticari-iqtisadi əlaqələrimiz sürətlə genişlənir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mərkəzi Asiya Araşdırmaları üzrə Beynəlxalq İnstitutun (MİCA) direktoru Javlon Vaxabov söyləyib.

O bildirib ki, ötən il ölkələrarası əlaqələr baxımından xüsusilə əlamətdar olub. Belə ki, Azərbaycan ötən ilin noyabrında Daşkənddə keçirilən sammit çərçivəsində Mərkəzi Asiya birliyinə qoşulub. Bununla da Azərbaycan Mərkəzi Asiya “beşliyi”nə daxil olaraq birliyi “Mərkəzi Asiya altılığı”na - altı ölkədən ibarət əməkdaşlıq formatına çevirib. “Səfərimizin əsas səbəblərindən biri də məhz ötən il qəbul edilmiş bu qərardır. Bu çərçivədə əsas məqsədimiz aparıcı analitik mərkəzlər, elmi-tədqiqat institutları və təşkilatları ilə akademik və elmi əməkdaşlığı inkişaf etdirməkdir. Səfərimizə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından başlamağımız bizim üçün böyük məmnunluq doğurur. Əməkdaşlıq haqqında imzaladığımız saziş elmi-tədqiqat və təhsil müəssisələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsi üçün yeni imkanlar açır”, - deyə MİCA direktoru vurğulayıb.

Javlon Vaxabov əlavə edib: “Azərbaycanın böyük Mərkəzi Asiya məkanına, ümumi ailəmizə qoşulması iki böyük regionun Cənubi Qafqaz və Mərkəzi Asiyanın birləşməsi deməkdir. Xüsusilə Özbəkistan üçün bu, yeni nəqliyyat-kommunikasiya marşrutlarına çıxış, ticarət axınlarının Azərbaycan vasitəsilə Avropaya doğru şaxələndirilməsi baxımından geniş imkanlar yaradır. Azərbaycan bu prosesdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpü rolunu oynayır”.

Təhlükəsizlik məsələlərindən də danışan direktor diqqətə çatdırıb ki, Özbəkistan rəhbərliyi hər zaman Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bu prinsiplər tarixən xalqlarımızı və dövlətlərimizi birləşdirən əsas dəyərlərdir. Ortaq tariximiz və mədəni-sivilizasiya köklərimiz bu gün Azərbaycan-Özbəkistan münasibətlərinin geniş gündəliyini formalaşdırır.

Seçilən
64
azertag.az

1Mənbələr