ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 fevral, AZƏRTAC
Aşıq yaradıcılığının özünəməxsus tarixi təkamül və inkişaf mərhələsi keçdiyi qədim mədəniyyət mərkəzlərindən biri də Şirvan bölgəsidir. XI yüzillikdən başlayaraq Azərbaycanda poeziya ənənələri qüdrətli yüksəliş mərhələsinə qədəm qoyub, həmin dövrdə Şirvanşahlar sarayı ətrafında tanınmış saray şairləri cəmləşib. Sufi görüşləri ilə məşhur olan Baba Kuhi Bakuvi sufi şeirlərindən ibarət divanını məhz bu mədəni mühitdə yaradıb.
XI–XII əsrlər Şirvanda anadilli şeirin, xalq poeziyası üslubunun və aşıq sənətinin yüksəlişi ilə də səciyyələnir. Həsənoğlu anadilli şeirin ilk yazılı nümunələrini meydana gətirdiyi kimi, Şirvanşahlar sarayı ozan yaradıcılığı zəminində formalaşan aşıq ifaçılığı institutunun təşəkkülündə mühüm rol oynayıb. Aşıq sənətinin peşəkar ifaçılıq səviyyəsinə yüksəlməsində saray mühitinin təsiri güclü olub. XI–XII əsrlərdə Şirvanşahlar sarayında ozan dəstələri fəaliyyət göstərib, dövlət tərəfindən aşıq sənətinə xüsusi diqqət yetirilib, peşəkar ifaçıların cəmiyyətdəki nüfuzuna böyük önəm verilib. Artıq həmin dövrdə saz sənəti və xalq şeirinin əsas şəkilləri geniş yayılaraq xalqın məişətinə daxil olub.
Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Şirvan aşıq mühiti ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.
XIII–XIV əsrlərdə Şirvan aşıq məktəbi peşəkar ifaçılıq və dastançılıq repertuarını daha da sistemləşdirərək bərqərar edib. Ozan üslubunu əsas götürməklə yanaşı, təkkə-dərviş və qam-şaman ənənələrindən fərqli, özünəməxsus ifaçılıq və improvizasiya sistemi formalaşdırılıb. Xalq şeirinin aparıcı janrları ifaçı aşıqların repertuarında yeni yaradıcılıq mərhələsinə qədəm qoyub, nağıl və dastan süjetləri geniş şəkildə aşıq yaradıcılığına daxil edilib. “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və digər dastanlar aşıqların repertuarında mühüm yer tutub.
Anadolu aşıq ənənələri də geniş coğrafiyaya yayılaraq müxtəlif bölgələrdə inkişaf edib, lakin mükəmməl formalaşma mərhələlərindən birini məhz Şirvan mühitində keçib. Şirvan aşıq məktəbi bu dövrdə yeni yaradıcılıq ənənələri yaradıb, sənətkarlıq baxımından yüksəliş mərhələsinə qədəm qoyub. Molla Qasımın fəaliyyəti ilə bu məktəb forma, məzmun və sənətkarlıq xüsusiyyətləri baxımından yeni inkişaf səviyyəsinə çatıb. Şirvan aşıq məktəbinin məşhur ustadlarından Dədə Kərəm və Dədə Yedgar xüsusilə seçilib. Dədə Kərəmin Molla Qasımın şagirdi olduğu ehtimal edilir və XIV əsrdə Şirvan aşıq poeziyasının geniş inkişaf mərhələsi onun adı ilə bağlıdır.
Molla Qasımdan sonrakı dövrdə, Dədə Yedgar saz tutub söz qoşan böyük ustadlardan biri kimi tanınıb. XIV–XV əsrlərdə Şirvanda aşıq repertuarı daha da zənginləşən məktəb bir sıra görkəmli sənətkarların fəaliyyəti ilə şöhrət qazanıb. Mövlanə Şirvani, Sədi Şirvani, Ağa Həsən Pirsaatlı, Baba bəy Kirdimani, Sultan xan Alpani, Xurşud bəy Bakuvi kimi sənətkarların yaradıcılığı bu inkişafın mühüm göstəricisidir. XV yüzillikdə yaşamış Aşıq Köçər də həmin dövrün tanınmış nümayəndələrindən biri olan sənətkar el arasında “Vanlı Göyçək” və “Vanlı Köçər” təxəllüsləri ilə məşhurlaşıb.
XVII–XVIII əsrlərdə Aşıq Saleh, Karkər Əhməd, Məlikballı Qurban kimi sənətkarlar klassik aşıq ənənələrini davam etdirmiş, XVIII əsrin ortalarından etibarən Padar Surxay, Yetim Həsən, Şabranlı Haşım, Ustad Mirzə kimi ustadların fəaliyyəti nəticəsində Şirvanda aşıq şeirinin yeni yüksəliş mərhələsi başlayıb. XIX əsrdə yaşamış Aşıq Musa (1800–1853), bəzən Molla Musa və Udulu Musa kimi də təqdim olunan sənətkar, “Dilbər”, “Ana Kür”, “Gülüm Leyla”, “Apardı”, “Qalmadı” kimi məşhur şeirləri ilə yadda qalıb.
Şirvan aşıqları saz havalarının özlərinə məxsus variantlarını yaradaraq məktəbin musiqi ənənələrini daha da zənginləşdiriblər. “Şirvan şikəstəsi”, “Sarıtorpaq şikəstəsi”, “Koroğlu zəngisi”, “Şirvan dübeytisi”, “Şirvan gözəlləməsi” və digər havalar bu gün də ifa olunur.
Şirvan aşıq məktəbinin tanınmış qadın nümayəndələri də olub. Gövhər Şirvani, Güllübəyim, Minabəyim kimi sənətkarlar aşıq yaradıcılığında qadın ifaçılıq ənənəsinin formalaşmasına mühüm töhfə veriblər.
Xaltanlı Tağıdan sonra bu sənət yolunu Aşıq Rəcəb davam etdirib, daha sonra isə ustad sənətkar Molla Cümə Şirvan aşıq məktəbinin qüdrətini yeni mərhələyə yüksəldib. XIX əsrin sonu – XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Molla Cümə xüsusilə Qax və ətraf bölgələrdə geniş şöhrət qazanıb. Onun yaradıcılığında Şirvan poetik ənənələrinin təsiri, dini-mistik motivlər və klassik aşıq şeir formaları – qoşma, gəraylı və digər janrlar aydın şəkildə müşahidə olunur. Sənətkar 1920-ci ildə ermənilər tərəfindən qətlə yetirilib.
XIX əsrin ikinci yarısında Şirvanda bir sıra qüdrətli sənətkarlar yetişib. Şirvanlı Əziz (1865–1921), Aşıq Daşdəmir, Aşıq Xeyrulla, Aşıq İsa, Aşıq Həmdulla, Ağdaş mühitindən Aşıq İsmayıl, Kolanı Aşıq Mürsəl və başqaları bu dövrün tanınmış nümayəndələridir. Aşıq Mirzə Bilalın Şirvan aşıq məktəbi qarşısındakı xidmətləri xüsusilə böyükdür. O, 1937-ci ildə repressiya qurbanı olub.
XX əsrdə isə Aşıq Şərbət Cəfərov (1909–1981), Aşıq Abbas (1907–1966), Aşıq Qurbanxan (1912–1993), Aşıq Şakir Hacıyev (1922–1979) və onların müasirləri olan Aşıq Bəylər, Aşıq Məmmədağa, Aşıq Xanmusa, Aşıq Barat, Aşıq Yadulla, Aşıq Əhməd, Aşıq Soltan, Aşıq Pənah və digər ustad sənətkarlar Şirvan aşıq məktəbinin ənənələrini qoruyaraq gələcək nəsillərə ötürüblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.