AZ

Rusiya ABŞ-yə böyük “anlaşma təklif edib: “Saziş” Tramp və Putinə Nobel mükafatı vəd edir...

Kreml iqtisadi əməkdaşlıq paketini Ağ Evə “tarixi fürsət” kimi təqdim etməyə çalışıb...

Poliqon xəbər verir ki, The Economist nəşrinin araşdırmasına görə, ötən ilin avqustunda Alyaskada Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trump arasında keçirilən görüş ərəfəsində Rusiya Təhlükəsizlik Şurası üçün xüsusi arayış hazırlanıb. Sənəddə Trampa Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq sahəsində “ən böyük sazişin” necə təqdim olunmalı olduğu izah edilib.

Təhlükəsizlik Şurasının sənədində qeyd olunur ki, bu saziş həyata keçirilərsə, “prezidentlər Putin və Tramp potensial olaraq Nobel mükafatı ala bilərlər”.

Nəşrin yazdığına görə, son bir il ərzində Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlarla paralel olaraq, Moskva və Vaşinqton biznes məsələlərini də müzakirə ediblər. Ukrayna prezidenti Volodymyr Zelenskyy ötən həftə Ukrayna kəşfiyyatına istinadən bildirib ki, Moskva sanksiyaların yumşaldılması müqabilində Vaşinqtona 12 trilyon dollar həcmində sazişlər vəd edib.

Ötən ilin aprelindən etibarən Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla azı doqquz dəfə görüşüb. The Economist yazır ki, Tramp ailəsinə yaxın şəxslər Rusiyanın enerji aktivlərində payların alınması ilə bağlı danışıqlar aparıblar. ABŞ-yə Arktikada neft və qaz hasilatı, nadir torpaq metalları yataqlarının işlənməsi, nüvə enerjisi ilə işləyən məlumat emalı mərkəzinin yaradılması, eləcə də Berinq boğazının altından tunelin tikintisi kimi layihələr təklif edilib.

Nəşrin məlumatına görə, Ankoricdə Tramp ilə görüş zamanı Putin 2022-ci ildə “Exxon Mobil” şirkətindən müsadirə edilmiş 5 milyard dollarlıq aktivlərin qaytarılmasını təklif edib. Trampın nümayəndələrini xüsusilə qlobal xammal bazarlarını dəyişə biləcək meqalayihələrdə pay əldə etmək imkanı ruhlandırır.

Rusiya Təhlükəsizlik Şurasının sənədində “arktik və şimal resurslarının xəzinəsi”ndən bəhs olunur və iddia edilir ki, bu resursların mənimsənilməsinə ABŞ və hazırda “dost olmayan” ölkələrdən onlarla suveren və özəl fond cəlb oluna bilər. Qeyd olunur ki, “hamı çoxlu pul qazanacaq”, prezidentlər isə Nobel mükafatına namizəd ola bilərlər.

“Risk Advisory” konsaltinq şirkətinin əməkdaşı Patrik Lord bildirib ki, ötən yay bir çox amerikalı hüquqşünas mümkün sanksiya ləğvi ssenarilərini araşdırmaq üçün intensiv işləyib. The Economist qeyd edir ki, potensial razılaşmalar paketi üzrə ciddi hazırlıq işləri artıq görülüb. Noyabr ayında isə iri Qərb neft şirkətlərinin nümayəndələri Əbu-Dabidə keçirilən ADIPEC konfransında keçmiş rus tərəfdaşları ilə görüşüblər.

Bununla belə, nəşr 12 trilyon dollarlıq vədin reallıqdan uzaq olduğunu vurğulayır. The Economist-in təhlilinə, eləcə də keçmiş məmurlar, kəşfiyyat əməkdaşları, enerji şirkətlərinin rəhbərləri və korporativ məsləhətçilərlə söhbətlərə əsasən, mövcud sərvətlər Kremlin Ağ Evə təqdim etdiyi məbləğin yalnız kiçik bir hissəsini təşkil edir və bu sahədə ABŞ-ni Çin qabaqlayır.

Hətta Rusiyanın idxalı 2021-ci il səviyyəsinə qayıtsa, ölkədə fəaliyyət göstərən bütün xarici şirkətlərin ümumi gəlirləri bərpa olunsa və Amerika firmaları bunun yarısını ələ keçirsə belə, bu, illik cəmi 340 milyard dollar pul axını deməkdir, mənfəət yox. The Economist hesab edir ki, belə həcmli gəlirlərin onilliklər boyu davam etməsi və Kremlin vəd etdiyi 12 trilyon dollara çatması son dərəcə qeyri-real görünür. ABŞ şirkətlərinin Rusiya Arktikasından trilyonlarla dollar gəlir əldə edəcəyi fikri isə nəşr tərəfindən “fantastik” adlandırılır.

Nəşr xəbərdarlıq edir ki, Ağ Ev bu “yemə” aldanarsa, ABŞ cəmiyyəti maliyyə möcüzəsi gözləsə də, siyasi xərclər arta bilər. Ticarət və investisiyaların genişlənməsi Rusiya iqtisadiyyatının bərpasına şərait yarada və yeni müharibə risklərini artıra bilər.

The Economist-in qənaətinə görə, ABŞ maraqlarını rəhbər tutan istənilən prezident Putinin təklifinə soyuqqanlı və diqqətli yanaşmalı və ondan imtina etməlidir.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr