AZ

Qəbul prosesində yeniliklər – abituriyentlər üçün nə dəyişdi? / AÇIQLAMA

Son illərlə müqayisədə qəbul prosesində müəyyən dəyişikliklər və yenilənmələr müşahidə olunur. Bu dəyişikliklər əsasən imtahanların təşkili, qiymətləndirmə yanaşması, mərhələlərin daha çevik planlaşdırılması və abituriyentlər üçün bərabər imkanların yaradılması istiqamətində özünü göstərir. Əslində qəbul prosesi əvvəlki illərdə olduğu kimi rəqabət prinsipinə əsaslanır, lakin sistemin daha dəqiq və şəffaf işləməsi üçün bəzi texniki və təşkilati addımlar atılıb.

Bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər abituriyentlərin şansına birbaşa təsir göstərməkdən daha çox onların hazırlıq strategiyasını formalaşdırmasına təsir edir. Yəni əvvəlki illərdə daha çox test texnikası ön planda idisə, indi həm bilik, həm də məntiqi düşünmə bacarığı, eyni zamanda buraxılış imtahanına ciddi yanaşma daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan sistemin ümumi mesajı ondan ibarətdir ki, abituriyent yalnız qəbul imtahanına deyil, ümumilikdə məktəb mərhələsində əldə etdiyi bilik bazasına arxalanmalıdır. Dəyişikliklər bəzi abituriyentlər üçün əlavə imkan yaradır, çünki daha sistemli hazırlaşan şagirdlər nəticələrini daha rahat şəkildə yüksəldə bilirlər. Digər tərəfdən, buraxılış imtahanına laqeyd yanaşan və əsas ümidini qəbul imtahanına bağlayan abituriyentlər üçün risk artır:

"Buraxılış imtahanlarının iki və üç zona üzrə keçirilməsi isə imtahan sisteminə həm təşkilati, həm də idarəetmə baxımından ciddi üstünlüklər qazandırır. Bu model ilk növbədə imtahan yükünün daha balanslı bölüşdürülməsinə xidmət edir. Bir gündə bütün ölkə üzrə eyni vaxtda imtahan keçirmək həm logistika baxımından çətinlik yaradır, həm də nəzarət və operativ idarəetmə prosesini mürəkkəbləşdirir. Zonalar üzrə keçirilmə nəticəsində Dövlət İmtahan Mərkəzi imtahan prosesini daha sistemli idarə edir, nəzarət mexanizmləri güclənir, texniki problemlərin operativ həlli asanlaşır. Eyni zamanda təhlükəsizlik, müşahidə və şəffaflıq baxımından da üstünlük yaranır. Digər tərəfdən, zonalar üzrə imtahan keçirilməsi abituriyentlər üçün psixoloji rahatlıq yaradır, çünki təşkilati qarışıqlıq azalır, imtahan mərkəzlərinə yerləşdirmə daha düzgün aparılır və ümumi proses daha nəzarətli görünür. Bu, nəticələrin obyektivliyinə olan inamı artıran əsas faktorlardan biridir".

 

Pərvanə Fərhadqızı
 

Seçilən
75
qht.az

1Mənbələr