AZ

İdarə Heyətinin sədri: C6 formatı Mərkəzi Asiya ilə uzunmüddətli və inklüziv əməkdaşlığın inkişafını təmin etməlidir VİDEO

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Mərkəzi Asiya ilə fəal əməkdaşlıq etsə də, əsas məsələ bu əməkdaşlığın daha vahid, institusionallaşdırılmış və gələcəyə yönəlmiş çərçivə əsasında qurulmasıdır. Məqsəd əməkdaşlığı uzunmüddətli imkanlara çevirməkdir. C6 formatı məhz bu funksiyanı yerinə yetirməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, C6 praktiki və məqsədyönlü təşəbbüsdür. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan Azərbaycanla birlikdə regional bağlantıları gücləndirən və daha müstəqil fəaliyyət imkanlarını artıran altıtərəfli format çərçivəsində əməkdaşlıq edə bilərlər.

“C6 mövcud təşəbbüsləri təkrarlamadan, onların daha güclü və davamlı olmasına, eləcə də təsir dairəsinin genişlənməsinə kömək edə bilər. C6 uzunmüddətli fəaliyyət üçün praktik və inklüziv olmalıdır. Regionumuzun müxtəlifliyini nəzərə alaraq əməkdaşlıq yalnız çevik və nəticəyönümlü olduqda effektiv olur. Davamlı regional format isə fərqlilikləri hörmətlə qarşılayan, nəticələrə fokuslanan və ortaq strateji tələblərə uyğun olan formatdır,” – deyə F.Şəfiyev əlavə edib.

Seçilən
43
2
azertag.az

3Mənbələr