AZ

Boşanmaq ərəfəsində olan kişi dayanacaqda qısqanclıq zəminində arvadını döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qalib Adıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə onun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Qalib Adıyevin barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınıb.

 

İttihama görə, hadisə 12 yanvar 2026-cı il tarixdə saat 17 radələrində Abşeron rayonu, At yalı yaşayış massivi ərazisindən keçən Bakı–Şamaxı avtomobil yolunun kənarında yerləşən avtobus dayanacağında baş verib.

 

Belə ki, münasibətləri pozulduğuna görə nikahlarına xitam vermək niyyətində olan Qalib Adıyev həmin vaxt dayanacaqda olan arvadı, zərərçəkmiş Damla Adıyevaya (adı, soyadı şərtidir) yaxınlaşıb. O, birgə nikahdan olan 2016-cı il təvəllüdlü azyaşlı övladlarının orta məktəbə tək aparılması ilə bağlı irad bildirib. Eyni zamanda, zərərçəkmiş şəxsin onun azyaşlı övladı ilə görüşməsinə maneə törətməsi səbəbindən tərəflər arasında əlavə gərginlik yaranıb.

 

İttiham aktına əsasən, tərəflər arasında qısqanclıq və ailə-məişət münasibətləri zəminində mübahisə baş verib. Mübahisə zamanı Qalib Damlanın üzərinə hücum edərək qəsdən əl və yumruq zərbələri ilə onun ağız, sifət, baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsə üst dodağın selikli qişasının sağ hissəsində bir ədəd əzilmiş-cırılmış yara, üst çənədə sağ tərəfdə III diş yuvası nahiyəsində bir ədəd şişkinlik halında əzilmiş-cırılmış yara müəyyən edilib. Həmin xəsarətlər çeynəmə aktının nisbi pozulması ilə müşayiət olunub və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.

 

Beləliklə, təqsirləndirilən şəxsin əməli nəticəsində qadının sağlamlığına qəsdən yüngül zərər vurulduğu müəyyən edilib.

 

Damla Adıyeva məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Qalib tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş edib.

 

Əminə Bayramova

Tarix: 18 Fevral 2026, 10:30   
Seçilən
45
pravda.az

1Mənbələr