AZ

"Bizim gələcək üçün də açıq-aydın planlarımız var"

Hazırki dövrdə  Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bu gün Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir. Azərbaycan regionun lider ölkəsidir və onun iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə, heç bir anlaşma reallaşa bilməz.

2026-cı il fevral ayının 15-də Belqrad şəhərində İlham Əliyev və Aleksandar Vuçiç arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan-Serbiya münasibətləri təsadüfi əməkdaşlıq deyil, strateji baxışa söykənən uzunmüddətli tərəfdaşlığın modelidir. Görüş çərçivəsində keçirilmiş Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasında müxtəlif istiqamətlər üzrə müzakirələrin aparılması əlaqələrin artıq sistemli mexanizmlər əsasında qurulduğunu və gələcəyə hesablanmış konkret planların mövcud olduğunu göstərir. Prezident İlham Əliyevin “gələcək üçün açıq-aydın planlarımız var” fikri iki ölkə arasında münasibətlərin yalnız mövcud vəziyyətlə məhdudlaşmadığını, perspektiv hədəflərə yönəldiyini ifadə edir. 

Azərbaycan və Serbiya beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməklə münasibətlərin siyasi fundamentini daha da möhkəmləndirir. Bu qarşılıqlı dəstək təkcə diplomatik jest deyil, prinsipial mövqe və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.

İki ölkə arasındakı iqtisadi sahədə əməkdaşlıq artıq real nəticələrlə müşayiət olunur. İllər ərzində imzalanmış çoxsaylı sənədlər və artan ticarət dövriyyəsi münasibətlərin dinamik inkişaf etdiyini sübut edir.

Azərbaycan və Serbiya arasındakı Energetika və nəqliyyat sahələrində əməkdaşlıq isə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Serbiya ilə tərəfdaşlıq regionlararası enerji və logistika əlaqələrinin güclənməsinə xidmət edir.

Ümumilikdə, səfər çərçivəsində hər iki ölkə başçısı tərəfindən səsləndirilən fikirlər Azərbaycan–Serbiya münasibətlərinin gələcək mərhələdə daha dərin, çoxşaxəli və strateji məzmun kəsb edəcəyini göstərir. Bu əməkdaşlıq modeli qarşılıqlı hörmət, siyasi dəstək və iqtisadi maraqların uzlaşdırılması prinsiplərinə əsaslanaraq uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Seçilən
37
redaktor.az

1Mənbələr