AZ

"Azəri" 21 ildir Azərbaycanın "qara qızıl" xəzinəsidir

2005-ci ilin fevral ayında Xəzərdə, "Azəri-Çıraq-Günəşli" (AÇG) müqavilə sahəsində yerləşən "Mərkəzi Azəri" platformasından hasilata başlandı. Fevralın 18-də Prezident İlham Əliyev yeni inşa olunmuş bu hasilat, qazma və yaşayış platformasına gələrək buradan ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd etdi.

"Mərkəzi Azəri" platforması "Çıraq"dan sonra AÇG-də ikinci hasilat qurğusudur. Dənizdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Bu platformadan neft alınması ümumilikdə "Azəri" yatağının ilk neftinin əldə olunması demək idi. Çünki "Mərkəzi Azəri" necə deyərlər, yataq daxilində yataqdır, yəni nəhəng "Azəri"nin üç hissəsindən biridir. Digər hissələr "Qərbi Azəri" və "Şərqi Azəri" adlanır.

"Mərkəzi Azəri" platformasının digərlərindən bir mühüm fərqi də var. "Mərkəzi Azəri" ona körpü ilə birləşdirilmiş texniki platforma olan kompressor və suvurma qurğusu ilə birlikdə Xəzərdə ən böyük dəniz komplekslərindən biri sayılır. Bu kompleks AÇG-dəki digər platformalara və qurğulara vacib əməliyyatlar mərkəzi kimi də xidmət göstərir və öz geniş texniki imkanları sayəsində bütün əməliyyatların təhlükəsiz və etibarlı aparılmasını təmin edir.

Xatırladaq ki, "Əsrin müqaviləsi" adını almış "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi haqqında Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində hasilat İlkin Neft Layihəsi üzrə 1997-ci ilin noyabrında "Çıraq"dan başlanmışdı. "Azəri"nin işlənməsi isə növbəti mühüm mərhələni təşkil edirdi. "Azəri" AÇG layihəsi daxilində işlənən ən böyük yataqdır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə ilk axıdılan məhz bu yatağın nefti olub.

Bu baxımdan Azərbaycanı dirçəldən, beynəlxalq enerji "ailə"sinə qovuşduran "Əsrin müqaviləsi"nin salnaməsində 21 il əvvəlin bugünkü tarixinin - fevralıın 18-nin xüsusi önəmi var. Məhz həmin vaxt AÇG layihəsi özünün kulminasiya nöqtəsinə çatıb.

Prezident İlham Əliyev "Mərkəzi Azəri" platformasındakı tədbirdə çıxış edərkən hadisənin əhəmiyyətini belə vurğulayıb: "Bu gün "Azəri" yatağında ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır".

Həmin vaxtdan indiyədək "Azəri"dən hasilat ahəngdar və təhlükəsiz şəkildə davam edir. Bu möhtəşəm yatağın sərvətindən Azərbaycan bu gün də bəhrələnir. Belə ki, keçən il yatağın mərkəzi hissəsindən gündə orta hesabla 90 min, qərbi hissəsindən 76 min, şərqi hissəsindən 43 min barel neft alınıb. Bütövlükdə isə 2025-ci ildə "Azəri-Çıraq-Günəşli" 120 milyon barel, yəni 16 milyon ton neft verib.

AÇG-dən neftlə bərabər səmt qazı da hasil edilir ki, onun da böyük hissəsi Azərbaycan dövlətinə təmənnasız olaraq təhvil verilir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulur. Keçən il əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilib. 

"Şah damarı"nı "Azəri" təşkil edən AÇG-də yeniliklər də az deyil. 

İndi AÇG böyük həcmdə sərbəst təbii qaz (STQ) ehtiyatları da vəd edir. STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür. STQ-nin kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 2024-cü il sentyabrın 20-də AÇG üzrə mövcud HPBS-yə yeni bir əlavə imzalanıb. Bundan sonra ilkin hasilat quyusu planlaşdırılıb və quyu "Qərbi Çıraq" platformasından təhlükəsiz şəkildə qazılıb. Bu quyu qiymətləndirmə baxımından  da əhəmiyyətlidir, çünki oradan əldə edilən məlumatlar AÇG-dəki sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək. 

Keçən il quyuda qazma işləri uğurla tamamlanıb və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - nisbətən dayaz Qırmakıüstü Qumlu və nisbətən dərin Qırmakıaltı lay dəstlərinə çıxış təmin edilib. 

Quyu ilk sərbəst qaz hasilatı üçün əsas hədəf lay sayılan Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib. Bu laydan hasilat cari ilin ikinci yarısına planlaşdırılır. Bundan əlavə, Qırmakıaltı lay dəstində yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilib. Cari ilin birinci yarısında həmin laydan hasilata başlanması gözlənilir. Lakin bu, sınaq məqsədilə aparılacaq hasilat kimi nəzərdə tutulur. Qeyd edildiyi kimi, bundan sonra daha dayaz hissədə yerləşən Qırmakıaltı layından hasilata keçiləcək.    

Bu layihənin gerçəkləşməsi ölkəmizin neft-qaz sənayesində mühüm bir yenilik olacaq. 

Prezident İlham Əliyev qarşıya ölkədə neft hasilatını sabitləşdirmək, qaz hasilatını artırmaq vəzifəsini qoyub. AÇG-də, o cümlədən onun əsas hissələrindən biri olan "Azəri"də görülən işlər də məhz bu məqsədə xidmət edir. 

Onu da xatırladaq ki, hazırda AÇG-də iştirak payları belədir: BP (həm də operatordur, 30,37 faiz), SOCAR (31,65 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,92 faiz).

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr