AZ

Azərbaycanın xarici siyasəti sülhsevərliyin nümunəsidir

Bu həm də ölkəmizin milli maraqlarını təmin edir

Ümumi politoloji yanaşmaya görə, xarici siyasətdə ölkələr öz maraqlarını təmin etmək üçün bir-birinə təsir göstərməyə çalışırlar. Bu zaman onlar bir çox alətlərdən istifadə edirlər. Adətən, həmin alətləri siyasi, iqtisadi və hərbi növlərə bölürlər. Buradan müasir dövr üçün də əhəmiyyətli olan məntiqi bir nəticə yaranır - xarici siyasətdə tətbiq edilən və ümumi olaraq "alətlər" adlanan təsir vasitələri bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənirlər? Bu suala cavab axtarışı göstərir ki, bir qayda olaraq, ölkələrin xarici siyasəti ya sülhsevərliyə, yəni dinc yanaşı yaşamağa, barışa, əməkdaşlığa, təhlükəsizliyin təmininə istiqamətlənir, ya başqa ölkələrə aqressiv münasibətə köklənir, ya da mümkün olduqca bitərəf xarakter daşıyır.

Ümumilikdə xarici siyasətin xüsusiyyətlərinə konseptual səviyyədə yanaşmanın tarixi təcrübəsinin öyrənilməsi bu sahədə müxtəlif istiqamətləri fərqləndirmək üçün nəzəri maraq doğurur. Bu kontekstdə ABŞ-nin timsalında bir məqamı vurğulayaq. Məlumdur ki, xarici siyasətin klassik nəzəriyyələri təcridçilik və beynəlmiləlçilik düşərgələrinə bölünürlər. Təcridçilikdə ölkənin başqalarının işlərinə qarışmadan öz maraqlarını təmin etmək xətti üstünlük təşkil edir. Yəni məntiqi baxımdan dövlət digər ölkələrin daxili işlərinə qarışmamaqla münaqişələrdən sığortalanır. Bu istiqamətdə ABŞ-nin təcrübəsi vardır. Hətta onun mahiyyəti və nəticələri ilə bağlı geniş müzakirələr də aparılmışdır.

XXI əsrdə Donald Trampın siyasi kursunun timsalında Amerika "yeni təcridçilik" siyasətinə keçmişdir. Bu zaman təcridçilik beynəlxalq təşkilatlardan məsafəli mövqe tutmağı və müasir çağırışları nəzərə alaraq Monro doktrinasına qayıdışı nəzərdə tutur.

Neokonservatizm müəyyən mənada təcridçilik xətti ilə ortaq məqamlara malikdir. ABŞ nümunəsində neokonservatizm Amerikanın fövqəldövlət kimi "müstəqil fəaliyyət" göstərməsinə üstünlük verir. Bu zaman ticarət və iqtisadi siyasət istisna olmaqla, digər xarici müdaxilə addımlarından çəkinməyi nəzərdə tutur. Bunlarla yanaşı, XXI əsrdə ABŞ üçün "seçimli qarşılıqlı əlaqələr strategiyası" da mövcud olmuşdur ki, hazırda elə də populyar deyildir. Onunla müqayisədə D.Trampın təcridçilik siyasəti daha təsirli hesab olunur.

Buradan iki politoloji qənaətə gələ bilərik. Əvvəla, hər bir dövlətin xarici siyasətinin başlıca məqsədi başqa faktorlarla yanaşı, onun ranqından da asılıdır. ABŞ nümunəsi göstərir ki, tarixin bütün dönəmlərində onun xarici siyasətinin konkret hədəfi Amerikanın hegemonluğunu qəbul etdirməklə bağlı olmuşdur. Buna nail olmağın strategiyası və mexanizmləri dəyişə bilər. Lakin son məqsəd dəyişilməzdir - dünya liderliyi!

Təbii ki, başqa fövqəldövlətlərin və o gücdə olmayan çoxsaylı dövlətlərin özünəməxsus xarici siyasət kursu var. Buradan ikinci nəticə meydana çıxır: hər bir ölkə özünün tarixinə, potensialına və konkret dövrdə dövlət kimi qarşıya qoyduğu məqsədlərə uyğun xarici siyasət formalaşdırmağa çalışır. Məsələn, XXI əsrin gəlişi ilə ABŞ-lə yanaşı, digər böyük güclər də xarici siyasətlərinə korrektələr etmişlər. Bütövlükdə isə tədqiqatçılar XXI əsrin qlobal geosiyasi mənzərəsini aşağıdakı kimi təsvir edirlər: qlobal geosiyasi məkan bir-biri ilə rəqabətdə olan müxtəlif sistemlərə bölünür, burada qlobal və regional dövlətlərin sayı çoxalacaq və nəticə etibarilə inteqrasiya və ixtilafların özünü göstərdiyi polimərkəzli modeldə inteqrasiyaya yönəlmiş siyasi kurslar daha cəlbedici olacaqdır.

Beləliklə, XXI əsrdə fövqəldövlətlərlə yanaşı, ümumiyyətlə, müstəqil dövlətlərin də xarici siyasət kurslarının fərqli strateji hədəfləri ola bilər. Onlar siyasi kursun məzmunu, istifadə etdikləri alətlər və məqsədlərinə görə müxtəlif ola bilərlər. O cümlədən Azərbaycanın XXI əsrdə xarici siyasətinin özünəməxsus məzmunu və məqsədi mövcuddur. Azərbaycan kontekstində məsələnin bu tərəfini nəzərdən keçirək.

Müstəqil dövlətlərin sülhsevər xarici siyasəti

Müasir siyasi nəzəriyyələrdə sülhsevər xarici siyasətin bir neçə əlaməti göstərilir. Onlar münaqişələrin sülh yolu ilə həllinə istiqamətlənmək; qarşılıqlı faydalı əməkdaşlığın inkişafı; beynəlxalq hüquqa əməl etmək; təcavüzdən imtina etməkdən ibarətdir.

Bu cür siyasət münaqişələrin dinc yolla həlli üçün etibarı gücləndirir, sülhü dayanıqlı edir və beynəlxalq hüququn gözlənilməsinə vurğu edir. Əsas prinsiplər kimi suverenliyi, qeyri-təcavüzkarlığı və qarşılıqlı faydanı göstərmək olar.

Sülhsevər xarici siyasətin başlıca əlamətləri olaraq preventiv diplomatiya, yəni mübahisələrin yaranmasının öncədən qarşısının alınması, vasitəçilik və əməkdaşlıq göstərilir. Sülh siyasətinin beş əsas prinsipi olaraq beynəlxalq münasibətlərin normalarına əməl olunmasını, suverenliyə qarşılıqlı hörməti, qeyri-təcavüzkarlığı, daxili işlərə qarışmamağı, bərabərliyi və qarşılıqlı faydalı əməkdaşlığı müəyyən edirlər.

Sülhsevər siyasi kursda, ümumiyyətlə, münaqişəli vəziyyətlərin yaranmaması üçün konkret addımlar zəruri hesab edilir. Bu zaman əməkdaşlıq və təhlükəsizliyin təmini vəhdətdə çıxış edir. Məqsədə çatmaq üçün beynəlxalq təşkilatların potensialından geniş istifadə olunur. Bu mənada sülhsevər siyasət yeridən ölkənin özünün həqiqi mənada sülh yaratmaq niyyətinin olması vacib xüsusiyyət sayılır.

Hər hansı ölkənin xarici siyasətinin sülhsevərliyi bir neçə istiqamət üzrə izah edilir. Birincisi, "güclü tarixi milli identiklik" dövlətin sülhsevərliyinin mənəvi qaynağı ola bilər. Belə bir "sülhsevər identiklik" yeridilən siyasətə etibar qazandırır. Ölkənin bu aspektdə təcrübəsi və əldə etdiyi praktiki nəticələr yeni şəraitdə sülhün təminini stimullaşdıran faktor ola bilər. Bu xüsusiyyət həm də beynəlxalq nüfuzu möhkəmləndirir ki, bu da siyasətdə uğur qazanmaqda ciddi parametr hesab olunur.

İkincisi, "dünyaya müxtəlif istiqamətlərdən baxmaq yeni ideya yarada bilər". Bu gedişat sülhü dərk etmək üçün geniş imkanlar yaradır.

Üçüncüsü, "ölkə yalnız sülhdən danışmaqla kifayətlənməməlidir, həm də konkret siyasi alətlərə sərmayə qoymalıdır". Bununla sülh dövlətlərin "ümumi məsuliyyət zonası"na çevrilə bilər.

Dördüncüsü, "sülhün dəyər olması ilə yanaşı, həm də münasibət olduğu" qəbul edilməlidir. Buna isə praktikada nail olmaq mümkündür. Yəni sülhə konseptual yanaşma ilə praktiki davranış uyğunluq təşkil etməlidir. Əməkdaşlıq və qarşılıqlı anlaşma bu yolda səmərəli vasitələrdir.

Beşincisi, "gərginliyin yaranmaması, legitimliyin və etimadın itirilməməsi üçün münasibətlərdə şəffaflıq təmin edilməlidir".

Bütün bu əlamətlər Azərbaycanın xarici siyasətində öz əksini tapmışdır.

Azərbaycan xalqının tarixi milli identikliyi: sülhsevərliyin qaynağı

Azərbaycan xalqının etnogenetik cəhətdən çox böyük hissəsinin türk mənşəli olduğu danılmaz faktdır. Türklərin dünyagörüşü və həyat tərzi dayanıqlı Azərbaycan mədəniyyəti yaratmışdır. Tarixən türklərin sülhsevər olduğu isə tədqiqatçılar tərəfindən kifayət qədər geniş araşdırılmışdır. Xüsusilə coğrafi və mədəni olaraq sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanda əsrlərlə sülh mühiti olmuşdur. Buna görə də azərbaycanlıların tarixi identikliyində sülhsevərlik həmişə aparıcı yer tutmuşdur.

Azərbaycan dövlətlərinin xarici siyasətində sülh istiqaməti əsas yerdə olmuşdur. Bunun mənbəyi kimi dövlət başçıları həmişə xalqın identikliyində sülh, humanizm və əməkdaşlığın başlıca rol oynadığını vurğulamışlar. Təsadüfi deyildir ki, müasir müstəqil Azərbaycanın dövlət kimi identikliyinin təməlində xalqın identiklik xüsusiyyətləri yer almışdır.

Azərbaycan xalqının tarixən azadlıqsevər olması onun yaratdığı dövlətləri də sülhsevər etmişdir. Tarix boyu azərbaycanlılar hər bir qonşu ölkəyə çətin vaxtlarında yardım əlini uzatmış, öz mərhəməti və şəfqətini əsirgəməmişdir. Bu xüsusiyyət Azərbaycan türklərinin davranış normaları kimi möhkəmlənmişdir.

Müasir Azərbaycanın müstəqil dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyev də Azərbaycan xalqının sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qarşılıqlı münasibətlərdə olduğu bir coğrafiyada yaşadığını və onun bütövlükdə qövmün mənəvi-əxlaqi, siyasi və mədəni dəyərlərinə əsaslı təsir etdiyini müxtəlif çıxışlarında, müraciətlərində açıq vurğulamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev də vurğulamışdır ki, xalqımızın sülhsevərliyi və humanizmi dövlətin siyasi kursunda geniş ifadəsini tapmışdır.

Çoxistiqamətli xarici siyasətdə balansın saxlanması

1993-cü ildən başlayaraq, Azərbaycan Cənubi Qafqaz regionunda, ümumiyyətlə, qərb, şərq, himal və cənub istiqamətlərində milli maraqlar üzərində balanslaşdırılmış davamlı siyasət həyata keçirir. Bu kontekstdə dövlətin uğuru böyükdür. Bu siyasət müxtəlif sferaları əhatə edir və əməkdaşlıqla təhlükəsizliyi əlaqələndirir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan üçün həm daha əlverişli vəziyyət yarandı, həm də böyük dövlətlərin ziddiyyətli münasibətləri fonunda bütövlükdə geosiyasi situasiya mürəkkəbləşdi. Belə ki, Qərbin bəzi böyük dövlətləri Azərbaycanın qələbəsini həzm edə bilmirdilər. Onların müxtəlif bəhanələrlə Bakını ittiham etmək cəhdləri, şübhəli təklif və təkidləri, təcavüzkarı Azərbaycana nisbətən daha üstün siyasi mövqeyə çıxarmaq cəhdləri danılmaz faktlardır. Lakin məhz bu kimi təzyiqlərin fonunda Azərbaycanın öz sülhsevər xarici siyasətini tam təsdiq etməsi əlamətdar hadisədir. Azərbaycan Prezidenti həm yuxarıda vurğuladığımız balansı saxladı, həm də Qərb istiqamətində çox səmərəli siyasət həyata keçirdi. Bunun əsas təsdiqi 2025-ci ilin 8 avqustunda Vaşinqtonda paraflanan sülh sazişidir. Məhz Azərbaycan tərəfinin öncədən müəyyən etdiyi və qəbul olunmasında davamlı təkid etdiyi baza prinsiplər üzərində digər məsələlər razılaşdırılmışdır. Həmin baza prinsiplər real və davamlı (qalıcı) sülhü təmin etmək imkanına malikdir. Bunu Prezident Donald Tramp başda olmaqla, Vaşinqton tam qəbul etmişdir. Həmin məqamı Azərbaycanın dövlət olaraq xarici siyasətində sülhsevərliyin ön sırada olması faktı kimi qəbul etmək lazımdır.

Bu hadisədən sonrakı mərhələdə Azərbaycanın konkret sülh layihələrinə siyasi-diplomatik sərmayə qoyduğunu, sülhü dövlətlərarası münasibətlərin mərkəzinə gətirdiyini və münasibətlərdə şəffaflığı təmin edən addımlar atdığını sübut edən çoxsaylı hadisələr baş verməkdədir. Bu kontekstdə bir neçə əlaməti vurğulamaq lazımdır.

Rusiya istiqaməti

Etiraf edək ki, Kremlin bir sıra qeyri-müəyyən addımları fonunda Azərbaycan rəhbərliyi kifayət qədər təmkinli və tarazlı mövqe tutmuşdur. Rusiyada müxtəlif dairələrin dostluğa uyğun olmayan və bir sıra hallarda təhdid xarakterli fikirlərinə baxmayaraq, Azərbaycan Prezidenti şimal qonşumuzla əməkdaşlıq xəttini saxlamaqda davam edir. 

Azərbaycan Zəngəzur dəhlizindən Rusiyanın təcrid olunması siyasətini dəstəkləmir. Rəsmi Bakının prinsipi hər kəsin qarşılıqlı fayda götürməsi ilə bağlıdır. Buna görə də Azərbaycanın Rusiya istiqamətində illərdir gözlədiyi balans siysətini davam etdirdiyini demək mümkündür.

İran istiqaməti

Bu istiqamətdə də Prezident İlham Əliyevin tam konstruktiv və mehriban qonşuluq siyasi xəttini davam etdirdiyi məlumdur. İndi İran rəhbərliyinin bir sıra nümayəndələri Azərbaycanla məsləhətləşməyə və münasibətləri inkişaf etdirməyin yollarını axtarmağa gəlirlər. Bu prosesdə Prezident Məsud Pezeşkianın Xankəndiyə səfəri və cari ilin fevral ayında Prezident İlham Əliyevin ona telefon edərək müzakirə aparması ciddi rol oynamışdır. Rəsmi Tehran Azərbaycanın qonşu, dost və qardaş dövlət kimi İranla münasibətləri inkişaf etdirmək əzmini dəyərləndirmişdir.

Bütün bunlar İran-İsrail və İran-ABŞ münasibətlərinin daha da kəskinləşməsi fonunda çox mühüm proseslərdir. Əvvəla, aydın olur ki, ən kritik situasiyada belə Azərbaycan dövləti sülhsevər mövqedən kənara çəkilmir. Qonşu İranın sabitliyi və bütövlüyü üçün lazım olan dəstəyi verməyə hazırdır.

İkincisi, İrana münasibətdə Azərbaycan regional balansı saxlamaqda davam edir. Yəni geosiyasi proseslərin necə davam etməsindən asılı olmayaraq, İranı arxa plana atmır - illərdir verdiyi önəmi qoruyub saxlayır.

Üçüncüsü, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi regional geosiyasi konfiqurasiyanı formalaşdıran dövlət statusunu saxlayır. Başqa sözlə, ABŞ-nin regiona müxtəlif mənalarda gəlişi Bakının mövqeyini zərrə qədər də dəyişmir. O cümlədən Azərbaycan Rusiya, Türkiyə və İrana olan münasibətini tam olaraq davam etdirir. Bu baxımdan, "3+3" formulu qüvvəsində qalır və onu həyata keçirmək xətti davam edir.

Bütün bunlar Azərbaycanın geniş geosiyasi məkanda formalaşan və əsas qayəsi fərqli nisbətdə güc tarazlığının yaradılması olan yeni geosiyasi konfiqurasiyanın formalaşması prosesinin iştirakçısı statusuna yüksəlməsində öz ifadəsini tapmışdır. Bu baxımdan, Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasına təsisçi üzv qismində dəvət olunması və Yaxın Şərq Sülh Sammitində iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Sülh Sammiti

2025-ci il oktyabrın 13-də Prezident İlham Əliyev Prezident Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Sülh Sammitində iştirak etmişdir. Tədbirdə ABŞ Prezidentinin Azərbaycan rəhbərinə göstərdiyi xüsusi rəğbət diqqət çəkmişdir. Dövlət başçısı Sammitin işində aktiv iştirak etmişdir. Mühüm sənədin - sülh sazişinin imzalanması göstərdi ki, həmin tədbir Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasında mühüm rol oynayacaq. Son dövrlərdə İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində atılan addımlar bu proqnozu tam təsdiq etdi.

Sülh Şurası ümumilikdə "dünyada sabitliyin təşviqini, etibarlı və qanuni idarəetməni bərpa edən və münaqişədən təsirlənən ərazilərdə dayanıqlı sülh prosesini dəstəkləyən beynəlxalq təşkilat" kimi təqdim edilir. ABŞ Prezidenti Şülh Şurasının BMT-nin yaratdığı boşluğu doldurmaq məqsədilə yaradıldığını bəyan etmişdir. Azərbaycan 2026-cı il yanvarın 21-də yeni beynəlxalq təşəbbüsə qurucu üzvlərdən biri kimi qoşulmuşdur.

Bu cür təşkilatın yaradılması XXI əsrdə önəmli hadisədir. Onun məqsədinin qlobal miqyasda münaqişələrin həlli ilə bağlı olması xüsusi əhəmiyyət kəsb edir. Bu yeni geosiyasi düzənin formalaşması baxımından prinsipial əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bir sıra ekspertlər Sülh Şurasını "Beynəlxalq koalisiya" adlandırırlar.

Sülh Şurasının ilk "işi"nin İsrail-Fələstin münaqişəsinin diplomatik yolla həll edilməsi olacağı gözlənilir. Qarşıya qoyulan məqsəd göstərir ki, bu məsələdə Şülh Şurası uğur qazansa, qurumun nüfuzu xeyli artacaq. Ona görə də fikrimizcə, təşkilat problemlərin həlli ilə ciddi məşğul olacaqdır. Sülh Şurasının təsisçilərindən biri kimi Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı xüsusi qürurverici haldır.

Başqa səbəblərlə yanaşı, həm də ona görə ki, Azərbaycan özü Ermənistanla münaqişəni tam həll etmək təcrübəsinə malik dövlət kimi təşkilata beynəlxalq miqyasda sülh yaratmaq prosesində iştirakına ehtiyac olan ölkə statusunda qatılır. Bu təşkilata daxil olan başqa bir ölkənin analoji təcrübəsi yoxdur. Deməli, Azərbaycan həm konseptual, həm də praktiki olaraq dünyada sülhyaratma prosesində iştirakı zəruri olan ölkə kimi qəbul edilir.

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun təsis etdiyi və beynəlxalq miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın 2026-cı il üzrə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunması Azərbaycan liderinin regionda həyata keçirdiyi sülh siyasətinə verilən yüksək beynəlxalq qiymətdir. Bu mötəbər mükafata Azərbaycan rəhbəri uzun müddət və davamlı şəkildə həyata keçirdiyi sülh siyasətinə görə layiq görülmüşdür. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyəti sayəsində Cənubi Qafqazda sülhə nail olunmuşdur.

Bu məqamlar, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin sülhsevərliyini təsdiq edir. Maraqlıdır ki, ekspertlər Azərbaycanın liderliyi ilə Cənubi Qafqazın bütövlükdə dünya siyasətində yeri və rolunun yeniləşməsi haqqında fikirlər ifadə edirlər. 

Beləliklə, Azərbaycan Prezidentinin davamlı olaraq həyata keçirdiyi xarici siyasət kursu sülhsevər mahiyyətini dünyada sübut etmişdir və ölkənin nüfuzu yeni səviyyəyə yüksəlmişdir. Hazırda Azərbaycan qlobal miqyasda sülhyaratma prosesinin ön sıralarında bərqərar olmuşdur. Bu isə yeni tarixi mərhələdə Azərbaycanın siyasi və geosiyasi statusunun yüksələn xətlə davam etdiyini göstərir.

Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr