AZ

“Hizbullah” tərksilah planını və hökumətin dörd aylıq müddətini rədd edib

BAKI, 18 fevral. TELEQRAF

“Hizbullah” Livan hökumətinin ordunun ölkə üzrə tərksilah planının ikinci mərhələsini irəli aparması üçün ən azı dörd ay vaxt ayrılması qərarını qəbul etmədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Livan Nazirlər Kabineti 2025-ci ilin avqustunda orduya bütün silahlı qrupların silahlarının dövlət nəzarətinə keçirilməsi üçün plan hazırlamaq və onun icrasına başlamaq tapşırığı verib. Bu addım əsasən 2024-cü ildə İsraillə baş vermiş müharibədən sonra “Hizbullah”ın silahsızlaşdırılmasına yönəlib. 2025-ci ilin sentyabrında hökumət ordunun planını rəsmi şəkildə müsbət qarşılayıb, lakin konkret vaxt çərçivəsi müəyyən etməyib və ordunun məhdud imkanları, eləcə də davam edən İsrail zərbələrinin prosesi ləngidə biləcəyini qeyd edib.

“Hizbullah”ın baş katibi şeyx Naim Qasım çıxışında bildirib ki, hökumətin diqqəti tərksilah məsələsinə yönəltməsi böyük səhvdir, çünki bu, onun fikrincə, İsrailin təcavüz məqsədlərinə xidmət edir.

Livanın informasiya naziri Pol Morkos Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib ki, hökumət ordunun silahlara nəzarət planı üzrə aylıq hesabatını nəzərə alıb və Litani çayının şimalından Sidondakı Avali çayınadək olan ərazilərdə silahların məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər üçün dörd aylıq müddət verib. Onun sözlərinə görə, tələb olunan vaxt çərçivəsi mövcud imkanlardan, İsrailin hücumlarından və sahədəki maneələrdən asılı olaraq uzadıla bilər.

“Hizbullah”dan olan deputat Həsən Fədlullah isə “biz güzəştə gedə bilmərik” deyərək, qrupun həm müəyyən edilən müddəti, həm də ümumilikdə silahlarla bağlı yanaşmanı qəbul etmədiyini açıq şəkildə ifadə edib. Qeyd olunur ki, “Hizbullah” İsrail Livanı hədəf almaqda davam etdiyi müddətdə tərksilah təşəbbüsünü səhv addım sayır və şiə nazirlər etiraz əlaməti olaraq kabinet iclasını tərk ediblər.

İsrail tərəfi isə “Hizbullah”ın tərksilahını təhlükəsizlik baxımından prioritet hesab edir və qrupun dövlət nəzarətindən kənarda saxladığı silahların birbaşa təhlükə yaratdığını bildirir. İsrail rəsmiləri vurğulayırlar ki, istənilən tərksilah planı, xüsusilə sərhədə yaxın ərazilərdə, tam və effektiv şəkildə həyata keçirilməlidir və “Hizbullah”ın hərbi fəaliyyəti müvafiq beynəlxalq qətnamələrin pozulması deməkdir. İsrail, həmçinin, sərhədyanı təhdidlər aradan qaldırılanadək Livanda düşmən qüvvələrin möhkəmlənməsinin və silahlanmasının qarşısını almaq üçün addımlar atmağa davam edəcəyini bəyan edib.

Seçilən
54
teleqraf.com

1Mənbələr