AZ

Paytaxtda “yaşıl” soyqırımı təmiz gələcəyə qənim kəsilib

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Ümumi nəzarət və cərimələr niyə bu cinayətlərin qarşısını ala bilmir?

Son illər Bakı şəhərinin simasının dəyişməsi, burada müasir şəhərsalma prinsipləri əsasında tamamilə yeni yaşayış mühitinin formalaşdırılması və genişmiqyaslı yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi ölkə siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər nəticəsində paytaxtda yeni parklar salınıb, mövcud yaşıllıq zolaqları bərpa edilib, ictimai məkanlar sakinlərin istifadəsinə qaytarılıb.

Lakin bütün bu müsbət proseslərin fonunda narahatedici hallar da müşahidə edilir. Ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsilməsi, yaşıllıq sahələrinin dağıdılaraq yerində iaşə obyektlərinin, kommersiya tikililərinin və ya qeyri-qanuni parklanma zonalarının yaradılması kimi faktlar ictimai narazılığa səbəb olur. Bu hallar şəhər estetikası ilə bərabər, ekoloji təhlükəsizliyə də ciddi zərbə vurur.

Özbaşınalıq, yoxsa sistemli cinayət?

Son dövrlər paytaxtda qanunsuz ağac kəsilməsi ilə bağlı narahatlıq doğuran faktlar göstərir ki, yaşıllıqların məhv edilməsi təsadüfi hadisə sayılmır. Məsələn, Nizami rayonunda aparılan tikinti işləri zamanı çoxsaylı ağacların “soyqırımı”na məruz qalması sakinlərin etirazına səbəb olub. Oxşar fakt “Ağ Şəhər” ərazisində də qeydə alınıb, məsələ ilə bağlı cinayət işi başlanılıb. Xətai rayonunun Əhmədli qəsəbəsində, Sarayevo küçəsində illər boyu formalaşmış yaşıllıq sahəsinin qısa müddətdə tamamilə məhv edilməsi isə xüsusilə ciddi narahatlıq doğurub.

Ağır texnika vasitəsilə ağaclar kökündən çıxarılıb və ərazi beton örtüklə əvəzlənib, bununla da şəhərin bu ərazisində “ağciyərlər” sıradan çıxarılıb. Sakinlərin narazılığı ondan ibarətdir ki, bu cür hallar sonradan daha çox kommersiya obyektlərinin tikintisi ilə nəticələnir. Bu isə yaşıllığın məqsədli şəkildə sıradan çıxarılması ehtimalını gücləndirir.

Yeri gəlmişkən, elmi araşdırmalara görə, bir hektar yaşıllıq sahəsi ildə 4,6–6,5 ton karbon qazını udur və 3,5–5 ton oksigen hasil edir. Orta ölçülü bir ağac gün ərzində 3 nəfərin nəfəs alması üçün lazımi oksigeni reallaşdırır. Böyük çətirə malik ağaclar ildə onlarla kiloqram toz və zərərli hissəcikləri udaraq havanı təmizləyir. Səs-küyün azaldılması, temperaturun tənzimlənməsi, şəhər mikroiqliminin qorunması baxımından da yaşıllıqlar əvəzsizdir. İqlim dəyişikliklərinin sürətləndiyi bir dövrdə şəhər mühitində hər bir ağac strateji önəm daşıyır.

Belə bir qiymətləndirməni nəzərə alan ekspertlərin fikrincə, qanunsuz ağac kəsilməsi halları zamanı təkcə inzibati cərimələrin tətbiq edilməsi ilə problemi aradan qaldırmaq çətindir. Çünki təcrübədə bəzi sahibkarlar üçün bu cərimələr tikinti xərclərinin bir hissəsi kimi əvvəlcədən hesablanır. Yəni hüquq pozuntusu iqtisadi baxımdan “riskli, amma sərfəli” əməliyyata çevrilir.

Ekoloq Sadiq Həsənovun sözlərinə görə, paytaxt yarı-quraq ərazi olduğundan burada ağacların əkilməsi, böyüməsi və oksigen təmin etməsi uzun müddət, eləcə də ciddi qayğı tələb edir. Şəhərdə müəyyən boya çatmış ağacların kəsilməsi oksigen mühitinə mənfi təsir göstərir və havanın keyfiyyətini pisləşdirir.

Bakının Nizami və Xətai rayonlarında nəqliyyatın intensivliyi və havanın daha çox çirklənməsi nəzərə alınarsa, bu ərazilərdə yaşıllıq sahələrinin qorunması daha çox zəruridir. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların qorunmasına ciddi şəkildə nəzarət olunmalıdır. Azərbaycan qanunvericiliyinə görə, ağacların kəsilməsinə görə, fiziki şəxslər 600-800 manat, hüquqi şəxslər isə 4 min–5 min manat səviyyəsində cərimə olunur.

Düzdür, adıçəkilən nazirlik son vaxtlar Bakı və ətraf rayonların bir çox ərazilərdə ağacların pasportlaşdırılmasını həyata keçirib və bu ağacların kəsilməsi üçün mütləq ekspertiza departamentindən icazə alınması qanuniləşdirilib. Lakin bəzi hallarda, məsələn, bu yaxınlarda Nizami rayonunun Çobanzadə küçəsində yerləşən “Orbita” MTK yaşayış binasının ərazisində ağacların kəsilməsi, qanunvericilik və ekspertiza prosedurlarına əməl olunub‑olunmaması baxımından ciddi yoxlanılmalıdır. Əgər qayda pozuntusu aşkar edilərsə, mütləq inzibati cəzalar tətbiq olunmalıdır.

Əksər ekspertlər tərəfindən bu və digər səbəblərdən qanunsuz ağac kəsilməsi zamanı cinayət məsuliyyəti mexanizmlərinin daha sərt tətbiq edilməsi zəruri sayılır. Onların fikrincə, əgər yaşıllıq sahəsinə dəymiş zərər böyük məbləğlə hesablanarsa, bu, sadəcə, inzibati xəta kimi yox, ictimai təhlükəli əməl kimi qiymətləndirilməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yaşıllıqların qorunması və ağac əkilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirirlər. Dövlət başçısı çıxışlarının birində açıq şəkildə bildirib: “Aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz”. Bu mövqe dövlət siyasətinin qətiyyətini göstərir.

Avtomobillər çoxalır, yaşıllıqlar azalır

Bakıda avtomobillərin sayının getdikcə artması əlavə ekoloji təzyiq yaradır. Minlərlə nəqliyyat vasitəsinin yaratdığı karbon oksid emissiyası onsuz da ağır olan şəhər mühitini yükləyir. Monitorinqlər göstərir ki, intensiv nəqliyyat axını müşahidə edilən ərazilərdə havada zərərli qazların miqdarı parkların içərisinə nisbətən dəfələrlə yüksək olur. Yaşıllıq sahələrinin parklanma yerlərinə çevrilməsi ilə problemi daha da dərinləşir. Bu, bir tərəfdən qeyri-qanuni gəlir mənbəyinə çevrilir, digər tərəfdən isə şəhərin ekoloji balansını pozur.

Problemin kökündə hüquqi boşluqlarla bərabər, həm də ekoloji şüurun yetərincə formalaşmaması dayanır. Çünki təbiətə münasibət yalnız qanunla deyil, həm də əxlaqi norma ilə tənzimlənməlidir. Ona görə də ekoloji təhsil də məktəb səviyyəsindən başlayaraq davamlı şəkildə inkişaf etdirilməli, media vasitəsilə maarifləndirmə işi gücləndirilməlidir. Cəmiyyət ağacı sadəcə landşaft elementi kimi deyil, eyni zamanda, canlı ekosistemin ayrılmaz hissəsi kimi qəbul etməlidir.

Bəs strateji yanaşma nəyi tələb edir? Ekspertlər bu suala cavablarında isə bildirirlər ki, qanunsuz ağac kəsilməsinə görə cinayət məsuliyyəti sərtləşdirilməlidir. Zərərin ödənilməsi ilə yanaşı, bərpaedici mexanizmlərin tətbiqi (kəsilən hər ağaca görə çoxsaylı yeni ağac əkilməsi), şəffaf monitorinq və ictimai nəzarət mexanizmlərinin genişləndirilməsi, alternativ nəqliyyat vasitələrinin – velosiped, elektrik skuterləri və ictimai nəqliyyatın təşviqi, nəhayət, yaşıllıq sahələrinin statusunun dəyişdirilməsinə ciddi məhdudiyyətlərin tətbiqi gücləndirilməlidir.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər müvafiq qurumlar tərəfindən meşə fondunun tam rəqəmsal xəritələşdirilməsi, süni intellekt əsaslı monitorinqlərin keçirilməsi, bələdiyyə və icra strukturlarının məsuliyyətinin artırılması, tikinti icazələri ilə bağlı ekoloji ekspertizanın sərtləşdirilməsi qarşıya mühüm vəzifələr kimi qoyulmalıdır.

Yuxarıda sadalananlarla yanaşı, şəffaf torpaq reyestri yaradılmalı, torpaq mülkiyyəti və təyinatı üzrə məlumat bazası açıq olmalıdır. Bu, saxta sənədləşmənin qarşısını alır. Ekoloji QHT-lərin və medianın rolu artırılmalıdır. Skandinaviya ölkələrində ictimai məlumatlandırma mexanizmləri qanunsuz kəsim hallarının aşkarlanmasında ciddi rol oynayır. Yaşıllıq kompensasiyası mexanizmi yaradılmalıdır. Bir ağac kəsilirsə, əvəzində neçə ağac əkilməsi qanunla dəqiq müəyyənləşdirilməlidir və bu proses müstəqil auditdən keçməlidir. Bir sözlə, ağac kəsimi məsələsi sadəcə ekoloji problem deyil, bu, sosial ədalət, iqtisadi dayanıqlılıq və gələcək nəsillərin hüquqları məsələsidir. “Yaşıl” soyqırımı anlayışı emosional görünə bilər, amma meşələrin sistemli məhvi, həqiqətən, milli təhlükəsizlik səviyyəsində qiymətləndirilməlidir.

Qeyd edək ki, bu gün Bakı artıq regional deyil, qlobal miqyasda tanınan şəhərdir. Buna görə də paytaxtın memarlıq siması, mədəni mühiti və urbanistik inkişafı ilə yanaşı, ekoloji balansı da qorunmalıdır. Yaşıllıqları məhv edən hər bir şəxs isə təkcə bir neçə ağacı yox, gələcək nəsillərin sağlamlığını riskə atır. Bu baxımdan, məsələ inzibati cərimə çərçivəsində deyil, ictimai təhlükəsizlik və milli maraq kontekstində qiymətləndirilməlidir.

Bakını gözəlləşdirmək dövlət siyasətinin prioritetidir. Bu gözəlliyi, eləcə də tarixiliyi qorumaq, müasirliyi inkişaf etdirmək isə hər birimizin vətəndaşlıq borcudur. Lakin bilərəkdən və məqsədli şəkildə yaşıllıqlara qəsd edənlər üçün hüquqi məsuliyyət daha sərt və prinsipial olmalıdır. Əks halda, bir neçə şəxsin qısa müddətli kommersiya maraqları bütöv şəhərin uzunmüddətli ekoloji təhlükəsizliyindən üstün tutulmuş olar. Bu isə nə hüquqi, nə də mənəvi baxımdan qəbul edilə bilər.

Bəxtiyar HÜSEYNOV,ekoloq

Bakıda müxtəlif şəxslər tərəfindən ağacların qanunsuz şəkildə məhv edilərək yerində iaşə və digər xidmət obyektlərinin tikilməsi və ya parklanma yerləri salınaraq qeyri-qanuni şəkildə gəlir əldə edilməsi ciddi narahatlıq doğurur. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin sahələrdə vaxtaşırı nəzarət tədbirləri həyata keçirilir, yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunur. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilir.

Ağacların qanunsuz kəsilməsi və yaşıllıq zolaqlarının məhv edilməsi lokal hadisə kimi təqdim edilsə də, əslində, söhbət sistemli tendensiyadan gedir. “Yaşıl” soyqırımı ifadəsi emosional səslənsə də, meşələrin və şəhər yaşıllıqlarının məqsədli şəkildə sıradan çıxarılması artıq sosial-iqtisadi təhlükəsizlik məsələsi olaraq qəbul edilir. Çünki ekoloji balansın pozulması yalnız təbiətin itkisi deyil, bu, eyni zamanda, iqtisadi dəyərin azalması, ictimai sağlamlıq risklərinin artması və gələcək nəsillərin hüquqlarının məhdudlaşdırılması deməkdir.

Ağacların kütləvi kəsilməsi iqlim dəyişikliklərini sürətləndirir, torpaq eroziyasını artırır, su ehtiyatlarını azaldır, biomüxtəlifliyi məhv edir, şəhərlərdə istilik adası effektini gücləndirir, eləcə də insan sağlamlığına mənfi təsir göstərir. Bəs yaranmış belə bir vəziyyətin qarşısı necə alınmalıdır?

Bu problemin həlli yalnız cərimə mexanizmi ilə mümkün deyil, bu məsələdə sistemli yanaşma tələb olunur. İlk növbədə, rəqəmsal nəzarət sistemləri yaradılmalıdır. Cinayət məsuliyyətinin sərtləşdirilməsi də diqqət mərkəzində saxlanılımalı, inzibati cərimələrlə yanaşı, ağırlaşdırılmış cinayət məsuliyyəti tətbiq edilməlidir. Ekoloji cinayətlər iqtisadi cinayət kateqoriyasına daxil edilməli və gəlir müsadirəsi mexanizmi tətbiq olunmalıdır.

Ekoloji hüquqpozmalar ayrıca iqtisadi cinayət kateqoriyası kimi təsnif olunmalıdır. Xüsusilə Qanunsuz ağac kəsiminə görə yalnız cərimə yox, azadlıqdan məhrumetmə sanksiyası tətbiq olunmalıdır, qanunsuz tikinti məqsədilə kəsilən ağaclara görə obyektin istismarına qadağa mexanizmi yaradılmalıdır, ekoloji zərərin məbləği bazar qiyməti ilə deyil, ekosistem xidmətlərinin dəyəri ilə hesablanmalıdır.

Kəsilən hər ağacın əvəzlənməsi mexanizmi formal xarakter daşımamalıdır. Bu məqsədlə mərkəzləşdirilmiş ekoloji kompensasiya fondu yaradılmalı, fond vəsaitlərinin istifadəsi ictimai auditdən keçməli, əvəzləyici əkilmə işləri üçün minimum 3-5 illik monitorinq öhdəliyi tətbiq edilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun tam elektron xəritəsi hazırlanmalı, hər ağac kəsimi üçün QR-kodlu icazə sistemi tətbiq olunmalı, qanunsuz kəsim faktları üzrə açıq onlayn reyestr yaradılmalıdır.

Bütün bunlarla bərabər, ekoloji məhkəmələrin yaradılması, tikinti icazələrinin məcburi ekoloji auditdən keçirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması, şəhərsalma planlarında minimum yaşıllıq normativlərinin sərtləşdirilməsi və ekoloji cinayətlərin ictimaiyyətə açıqlanması mexanizmi qurulmalıdır.

Vaqif BAYRAMOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
xalqqazeti.az

2Mənbələr