AZ

Qusarın elektrik təsərrüfatı yeniləşdirilir

“Azərişıq” ASC Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkə ərazisində istismar müddətini başa vurmuş elektrik şəbəkəsinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması istiqamətində mühüm tədbirlər həyata keçirir.

Qurumdan XQ-yə verilən məlumata əsasən, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 14 kəndin elektrik şəbəkəsi tam yenilənib. Hazırda isə region üzrə 17 kənddə yenidənqurma işləri davam etdirilir.

İdarənin ərazisinə daxil olan Qusar rayonunda bir neçə kənddə təmir-bərpa işləri yekunlaşdırılıb. Yenidənqurma işləri nəticəsində 110/35/10 kilovoltluq “Qusar” yarımstansiyası ilə 35/10 kilovoltluq yarımstansiya arasında 35 kilovoltluq ikidövrəli xətt çəkilib. Bununla yanaşı, Yuxarı Tahircal kəndinin 10 kilovoltluq elektrik şəbəkəsi yenidən qurulub, 0.4 kilovoltluq xətlərdə cari təmir və yenidənqurma işləri aparılıb. Rayonun Əvəcük, Gündüzqala, Xürəl, Köhnə Xudat qazmalar kəndlərinin elektrik şəbəkəsi isə tamamilə yenilənib.

Cari ilin ilk günlərindən başlayaraq Şahdağ istiqamətində elektrik təsərrüfatında təmir-pərpa, sazlama işlərinə start verilib. Bu məqsədlə ərazidəki yararsız dayaqlar yenilənir, özünüdaşıyan izolyasiyalı naqillər çəkilir. Son günlərdə yağan güclü qar və şaxtalı hava şəraitinə baxmayaraq, idarənin əməkdaşları bu istiqamətdə işləri fasiləsiz olaraq davam etdirirlər. Hazırda Şahdağ istiqamətində Çubuqlu, Bədirqala, Langi, Aladaş, Laza və Əlix kəndlərində təmir-bərpa və yenidənqurma işləri aparılır.İşlər yekunlaşdıqdan sonra Qusarda həm mərkəz, həm də ətraf kəndlər daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Xatırladaq ki, “Azərişıq” ASC bütün regionlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini davam etdirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməklə yanaşı, enerji itkisini minimuma endirməkdir.

XQ

Seçilən
19
6
xalqqazeti.az

10Mənbələr