AZ

İtaliya Azərbaycanın yatırımlarını dəstəkləyir

İnvestisiyalar 2,5 milyard avroya çatıb

Azərbaycan–İtaliya münasibətləri uzun illərdir ki, Azərbaycanın Avropa ilə əməkdaşlıq xəttində ən sabit və nəticəyönümlü tərəfdaşlıq modellərindən biri kimi çıxış edir. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə qurulması iqtisadi sahədə də ardıcıl inkişaf üçün möhkəm baza yaradıb. Xüsusilə enerji, investisiya, nəqliyyat-logistika və “yaşıl enerji” istiqamətlərində Azərbaycan–İtaliya əlaqələri inkişaf edir.

İtaliya hazırda Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşlarından biridir. Bu göstərici, ilk növbədə, enerji sahəsində qurulan strateji əməkdaşlıqla bağlıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması fonunda İtaliya həm ən böyük alıcı bazarlarından biri, həm də Avropa bazarına çıxış üçün mühüm tranzit və paylayıcı mərkəz rolunu oynayır. Cənub Qaz Dəhlizi və TAP layihəsi çərçivəsində həyata keçirilən qaz tədarükü İtaliya üçün alternativ enerji mənbələrinin şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır.

Bununla yanaşı, iqtisadi əlaqələr yalnız enerji ixracından ibarət deyil. Son illərdə iki ölkə arasında qeyri-neft sahələrində əməkdaşlıq gündəliyi də genişlənir. İtaliya şirkətləri Azərbaycanda infrastruktur, tikinti, sənaye avadanlıqları, kənd təsərrüfatı texnologiyaları, emal sənayesi və xidmət sektorunda fəaliyyətini artırmağa maraq göstərir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma proqramı da İtaliya biznesi üçün yeni əməkdaşlıq imkanları yaradan istiqamətlərdən biri kimi qiymətləndirilir. İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.

İki ölkə arasında iqtisadi əməkdaşlığın əsas göstəricilərindən biri də ticarət dövriyyəsidir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar–noyabr aylarında Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 11 milyard 242 milyon ABŞ dolları olub. Bunun 10 milyard 803 milyon ABŞ dollarını ixrac, qalan hissəsini isə idxal təşkil edib. Beləliklə, Azərbaycan–İtaliya ticarətində müsbət saldo formalaşıb.

Qeyd edək ki, bu günlərdə Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” adlı konfrans Azərbaycan–İtaliya iqtisadi gündəliyinin əsas istiqamətlərini bir daha gündəmə gətirib. Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bildirib ki, Azərbaycan İtaliya və Sloveniyanın “Yaşıl Enerji Dəhlizi” layihəsinə (“Black Sea Energy”) qoşulacağına ümid edir.

Səfirin sözlərinə görə, Azərbaycan əməkdaşlıq üçün getdikcə daha cəlbedici ölkəyə çevrilir və Avropanın Asiya, Çin və Mərkəzi Asiya ilə əlaqəsi qaçılmaz olaraq Azərbaycandan keçir. O qeyd edib ki, Azərbaycan infrastrukturu fəal şəkildə inkişaf etdirir və söhbət təkcə neft və qazdan getmir, həm də gələcəkdə Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan, daha sonra isə ümid edildiyi kimi Sloveniya və İtaliya ilə birləşdirəcək elektrik kabeli layihəsindən gedir. Səfir vurğulayıb ki, bu, qiymətləndirilmədə İtaliyanın CESI şirkətinin iştirak etdiyi mühüm layihədir.

Xəzər–Qara dəniz–Avropa yaşıl dəhlizi layihəsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu 25 iyul 2023-cü ildə Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb. Layihənin əsas komponentlərindən biri olan Qara dəniz sualtı kabeli Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqazla Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayan ən iri infrastruktur təşəbbüslərindən biri kimi dəyərləndirilir.

Sualtı kabelin ümumi uzunluğunun 1155 kilometrdən çox olacağı, bunun 1115 kilometrinin suyun altında, 40 kilometrinin isə quruda yerləşəcəyi bildirilir. Layihə üzrə kabelin gərginliyi 525 kV, ötürmə gücü isə 1300 MVt səviyyəsində nəzərdə tutulur. Qara dəniz üzərindən çəkiləcək sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə tamamlanması planlaşdırılır.

Azərbaycan–İtaliya iqtisadi münasibətlərinin digər əsas dayağı qarşılıqlı investisiyalarla bağlıdır. Azərbaycanın İtaliyaya investisiyalarının həcmi təxminən 2,5 milyard avro təşkil edir. Bu barədə də səfir Rəşad Aslanov həmin konfransda danışıb. Diplomat xatırladıb ki, ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın infrastruktur sektoruna investisiya yatırıb və bu, ilk belə addım olub.

Bundan əlavə, bərpaolunan enerji sektorunda ARDNF vasitəsilə İtaliyada layihələr həyata keçirən “Enfinity Global Inc.” şirkətinin təxminən 50 faizi əldə edilib. İnvestisiyalar hesabına Emiliya–Romanya və Latsio regionlarında ümumi gücü 400 MVt olan günəş elektrik stansiyaları tikilir.

Səfir Rəşad Aslanovun diqqət çəkdiyi əsas məqamlardan biri də ticarət əlaqələrinin miqyasıdır. Onun sözlərinə görə, bu gün İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır: “Azərbaycanın ticarət dövriyyəsinin 65 faizi İtaliyanın payına düşür, bunun da 45 faizi enerji sektorudur. Hazırda Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli təbii qaz təchizatçısıdır. İtaliyanın qaza olan tələbatının 17 faizi Azərbaycandan edilən təchizat hesabına ödənilir”.

Eyni zamanda, səfir xatırladıb ki, 2026-cı ilin yanvarından İtaliya təkcə qaz qəbul edən ölkə deyil, həm də tranzit ölkəyə çevrilib: “Azərbaycan qazı Almaniya və Avstriyaya çatdırılmağa başlanıb. Bu, son 10 ildə görülən işlərə əlavə dəyər qatır”.

Tərəfdaşlığın iqtisadi mahiyyətinin genişlənməsi İtaliya tərəfinin yanaşmalarında da açıq şəkildə ifadə olunur. İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi konfransda bildirib ki, İtaliya öz bazarında Azərbaycanın iştirakının gücləndirilməsinə və ikitərəfli investisiya əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş bir sıra əməliyyatları dəstəkləmək niyyətindədir.

Manuela Traldinin sözlərinə görə, bu gün Azərbaycanın İtaliyadakı iştirakı ilə bağlı mühüm əməliyyatlar həyata keçirilir. O qeyd edib ki, söhbət enerji sektorundan başlayan, lakin onun hüdudlarından xeyli kənara çıxan investisiyalar və tərəfdaşlıqlardan gedir. Bu, həm Azərbaycan Dövlət Neft Fondunun mühüm investisiyaları, həm də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın ən böyük ilkin emal qruplarından birini əldə etməsi ilə bağlıdır.

Palata rəhbəri bu addımları münasibətlərdə “sürət dəyişikliyi”nin ilk, lakin artıq konkret siqnalları kimi qiymətləndirib və onların qaçılmaz olaraq ticarət mübadiləsinin artmasına səbəb olacağını vurğulayıb.

Musa BAĞIRLI
XQ

Seçilən
32
1
xalqqazeti.az

2Mənbələr