AZ

Dövlətin aztəminatlı ailələrə qayğısı davamlıdır

Uğurlu sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Azərbaycanda sosial siyasətin prioritet istiqamətləri, pensiya və müavinət artımları, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi hazırda ictimai müzakirələrin əsas mövzularındandır. Dövlət büdcəsində sosialyönümlü xərclərin payı, indeksasiya qərarları və əmək qanunvericiliyində edilən son dəyişikliklər bu sahədə aparılan islahatların sistemli xarakter daşıdığını göstərir. Mövzu ilə bağlı suallarımızı Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cavablandırır.

– Musa müəllim, dövlət büdcəsində sosial xərclərin artırılması sosial təminat sistemində hansı yeni imkanlar yaradır?

– Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət büdcəsi tərtib olunarkən vətəndaşların sosial rifahı əsas prioritet kimi nəzərə alınır. Təsadüfi deyil ki, artıq ənənəvi olaraq hər il dövlət büdcəsinin təxminən 40 faizi sosialyönümlü layihələrin maliyyələşdirilməsinə yönəldilir. O cümlədən 2026-cı ilin dövlət büdcəsində də xərclərin 41,2 faizi və ya 17,1 milyard manatı sosialyönümlü sahələrə ayrılıb. Eyni zamanda, pensiyaçıların, müavinət və təqaüd alanların sosial müdafiəsinin təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2026-cı ildə əvvəlki illə müqayisədə 10,4 faiz artırılaraq 8 milyard 440 milyon manata çatdırılıb. Bu isə pensiyaların davamlı, vaxtında və artımlarla ödənilməsinə imkan yaradır.

– Pensiyaların indeksləşdirilməsi mexanizmi bu təbəqənin real gəlirlərinin qorunmasına necə xidmət edir?

– Ötən il ölkədə orta aylıq əməkhaqqı 9,3 faiz artıb. Bununla əlaqədar olaraq Prezidentin imzaladığı son sərəncama əsasən, bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi 9,3 faiz indeksləşdirilərək artırılıb. Artımlar yanvarın 1-dən hesablanır. Yanvar ayına düşən fərq isə fevral ayında ödənilir və nəticədə vətəndaşlar artımı ikiqat şəkildə alacaqlar. Bu qərar təxminən 1,1 milyon pensiyaçını əhatə edir. Cari il üçün proqnozlaşdırılan illik inflyasiya səviyyəsi 5,6–6 faiz civarındadır. Pensiyalardakı 9,3 faizlik artım inflyasiyanı 40 faiz kimi əhəmiyyətli dərəcədə üstələyir ki, bu da pensiyaçıların real gəlirlərinin qorunmasına və sosial rifahının yaxşılaşmasına xidmət edir.

– Minimum əməkhaqqı və yaşayış minimumuna il ərzində yenidən baxılması hansı zərurətdən irəli gəlir?

– Dövlət başçısı aztəminatlı ailələrin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır. Son illər pensiyalar, sosial müavinətlər və Prezident təqaüdləri mərhələli şəkildə artırılıb. Ötən il ölkədə V sosial islahat paketi icra olundu və nəticədə təxminən 3 milyon vətəndaşı əhatə edən artımlar həyata keçirildi. İl ərzində bu kimi artımlar digər sahələrdə də olacaq. Əmək qanunvericiliyində edilmiş dəyişikliklər sosial təminat sisteminin çevikliyini artırır. Qanuna əsasən, minimum əməkhaqqı və yaşayış minimumunun məbləğinə il ərzində bir dəfədən az olmayaraq yenidən baxıla bilər. Yenidən baxılması isə həmin vəsaitin artırılması deməkdir. Bu mexanizm zərurət yarandıqda il ərzində əlavə artımların edilməsinə hüquqi əsas yaradır. Bundan başqa, cari ildə həm yaşayış minimumu, həm də ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləği 300 manata çatdırılıb. Bu qərar aztəminatlı ailələrin sosial müdafiəsinin daha etibarlı təmin olunmasına xidmət edir.

– Pensiya yaşı ilə bağlı yanaşmanın meyarı nədən ibarətdir? Bu yaş həddinin artırılması və ya azaldılması gözlənilirmi?

– 2016-cı ildən etibarən pensiya yaşına mərhələli artım tətbiq olunur. 2023-cü ildə kişilər üçün pensiya yaşı 65-ə çatdırılıb. Bu ilin birinci yarısında qadınlar üçün də pensiya yaşı 65 olacaq. Qeyd edək ki, dünyanın bütün ölkələrində pensiya yaşının artırılması tendensiyası müşahidə olunur. Dünyanın heç bir yerində pensiya yaşının azaldılması istiqamətində addımlar atılmayıb. Orta ömür uzunluğunun artması və əmək qabiliyyətinin qorunması bu prosesi şərtləndirir. Hazırda ölkəmizdə pensiya yaşının nə artırılması, nə də azaldılması gündəmdədir. Azərbaycanın iqtisadi siyasəti, onun məntiqi davamı olan sosial siyasət kimi, dayanıqlı inkişaf konsepsiyasına əsaslanır. Sosial siyasət yalnız əməkhaqqı və pensiya artımları ilə məhdudlaşmır. Bu siyasət həm də infrastrukturun qurulması, yaşayış mühitinin yaxşılaşdırılması və vətəndaşlar üçün keyfiyyətli sosial xidmətlərin təmin olunmasını əhatə edir.

– Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri uzunmüddətli sosial-iqtisadi inkişaf baxımından hansı perspektivlər vəd edir?

– Hazırda dövlətin daxili siyasətində prioritet istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli bərpası və yenidən qurulmasıdır. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtması strateji məqsəd kimi müəyyən edilib, bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. 2022-ci ildə “Azərbaycan Respublikasının işğalından azad edilmiş ərazilərinə Böyük Qayıdışa Dair I Dövlət Proqramı” qəbul olunub. Bu proqram 2026-cı ilin sonunadək qüvvədədir. Proqramda nəzərdə tutulan tədbirlərin icrası üçün indiyədək dövlət büdcəsindən 25 milyard manatdan artıq vəsait xərclənib. Hazırda Qarabağ və Şərqi Zəngəzurun, demək olar ki, bütün rayon və kəndlərində genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. 70 mindən çox vətəndaş həmin ərazilərə qayıdıb, orada yaşayır və çalışır. İlin sonunadək bu rəqəm 100 mini keçəcək. Əsas məqsəd qayıdan əhalinin daimi məskunlaşmasını təmin etməkdir. Bunun üçün müasir infrastrukturun yaradılması, yeni iş yerlərinin açılması, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin qurulması prioritet istiqamətlərdir.

Kənd təsərrüfatının ənənəvi istiqamətləri ilə yanaşı, bölgənin turizm imkanları da genişdir. Mineral su ehtiyatlarının 40 faizdən çoxu Laçın və Kəlbəcər rayonları ərazilərində yerləşir. Bu resurslardan istifadə etməklə balneoloji və sanatoriya-kurort komplekslərinin yaradılması, regionun beynəlxalq turizm mərkəzinə çevrilməsi üçün real imkanlar mövcuddur və bu istiqamətdə işlər aparılır.

Təhsil infrastrukturu da paralel şəkildə inkişaf etdirilir. Qarabağ Universiteti artıq fəaliyyət göstərir və genişlənmə mərhələsindədir. Yaxın illərdə onun beynəlxalq səviyyəli ali təhsil müəssisəsinə çevrilməsi perspektivi var. Bununla yanaşı, Ağdam, Şuşa və Füzulidə kolleclərin, eləcə də digər ali təhsil müəssisələri və onların filiallarının yaradılması məsələsi də perspektiv istiqamət kimi qiymətləndirilə bilər.

Bütün bu tədbirlər göstərir ki, həyata keçirilən sosial siyasət yalnız cari sosial ödənişlərlə məhdudlaşmır, eyni zamanda, uzunmüddətli və dayanıqlı inkişaf modelinə əsaslanır.

Söhbəti yazdı:
Tacir SADIQOV
XQ

Seçilən
32
1
xalqqazeti.az

2Mənbələr